Sentyabrın 29-da Mingəçevir Dövlət Dram Teatrının əsaslı təmirdən sonra açılış mərasimi keçirildi. Təntənəli mərasimlə 139-cu milli teatr mövsümünə də rəsmən start verildi. Tədbirdə mədəniyyət və turizm naziri Əbülfəs Qarayev, nazir müavini Ədalət Vəliyev, Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı Mübariz Ağayev, mədəniyyət və incəsənət xadimləri iştirak edirdi.
Tədbir iştirakçıları əvvəlcə Mingəçevir şəhərində ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət etdilər, abidənin önünə gül dəstələri qoyuldu.
Mingəçevir Dövlət Dram Teatrının qarşısında keçirilən mərasimdə çıxış edən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev yeni teatr mövsümünün açılışı münasibətilə teatr ictimaiyyətini, sənətsevərləri təbrik etdi. Son illər yeni teatr mövsümünün açılışının əsaslı şəkildə təmir-bərpa olunmuş sənət ocağında keçirildiyini deyən nazir Mingəçevir Dövlət Dram Teatrının binasının da ən müasir standartlar səviyyəsində yenidən qurulduğunu vurğuladı: “139-cu teatr mövsümünün açılışının tamamilə yenidən qurulmuş Mingəçevir teatrında keçirilməsi sevindirici haldır. Bölgələrdə teatrların, ümumilikdə mədəniyyət ocaqlarının inkişafına dövlət tərəfindən böyük önəm verilir. Əminəm ki, teatrın yaradıcı heyəti yeni təmir olunmuş sənət ocağında yeni yaradıcılıq uğurları ilə hər kəsi sevindirəcək”.
Nazir teatrın nəzdində yaradıcılıq studiyasının fəaliyyət göstərəcəyini və burada yeni nəsil istedadların formalaşacağını bildirdi.
Mingəçevirdə mədəniyyətin və turizmin inkişafına önəm verildiyini deyən nazir qeyd etdi ki, Azərbaycanda yeganə Turizm Kolleci burada fəaliyyət göstərir.
Daha sonra çıxış edən Mingəçevir şəhərinin icra başçısı Mübariz Ağayev vurğuladı ki, prezident İlham Əliyevin bölgələrin inkişafına diqqət və qayğısı Mingəçevirdə həyata keçirilən quruculuq işlərində də özünü göstərir: “Teatrımızın binasının belə gözəl şəkildə yenidən qurulması buna bariz nümunədir”.
Çıxışlardan sonra teatrın açılışını bildirən lent kəsildi. Nazir Əbülfəs Qarayev Mingəçevir Dövlət Dram Teatrının binası, teatrın texniki təchizatı ilə yaxından tanış oldu, binada aparılan yenidənqurma işlərini yüksək qiymətləndirdi.
Sonra Mingəçevir Dövlət Dram Teatrının səhnəsində ölkəmizin müxtəlif teatrlarının sənətçiləri öz tamaşalarından parçalarla çıxış etdilər.
Akademik Milli Dram Teatrının aktyorları M F.Axundovun “Lənkəran xanının vəziri” tamaşasından bir parça nümayiş etdirdilər. Gəncə Dövlət Dram teatrının aktyorları isə Ə.Əmirlinin “Varlı qadın” tamaşasından səhnə nümayiş etdirdilər. Rus Dram Teatrı Elçinin “Qatil”, Musiqili Komediya Teatrı N.Qoqolun “Evlənmə”, Gənc Tamaşaçılar Teatrı Ş.Perronun “Yatmış gözəl”, Pantomima Teatrı isə öz rəqs nömrəsi ilə teatr mövsümünün açılışına rəng qatdılar. Bundan başqa tədbirdə bölgə teatrları da iştirak edirdilər.
Xalq artistləri Mənsum İbrahimov və Aygün Bayramovanın ifasında səslənən muğam və xalq mahnıları tədbirə rəng qatdı.
Sonda Musiqili Komediya Teatrının solisti Ramil Qasımovun ifasında M.Maqomayevin “Azərbaycan” mahnısı səsləndirildi.
Reyhan