Dövlət Pantomima Teatrının iki tamaşası anşlaqla keçdi
  
   Oktyabrın 1 və 2-də Dövlət Pantomima Teatrının səhnəsində “Dəli Domrul” və “Mən və Mən” tamaşaları oynanıldı. 
   “Kitabi Dədə Qorqud”un “Dəli Domrul” boyu əsasında səhnələşdirilən eyniadlı tamaşa komik və dramatik məqamlarla yadda qaldı. Əzraillə mübarizə aparan Dəli Domrul Tanrıya qarşı çıxır. Nəticədə Dəli Domrul Tanrının qəzəbinə gəlir və Əzrailə əmr olunur ki, onun canını alsın. Əgər o, öz canının əvəzinə bir can tapa bilsə, o zaman ölümdən xilas ola bilər. Bir can üçün ata-anasına üz tutan Dəli Domrulun üzünə qapılar bağlanır. Doğmaları ona canını qıymır. Əzrail onun canını almaq məqamında isə “izn ver halalımla sağollaşım” deyir, Əzrail “Halalın kim?” soruşanda, “Yad qızıdır, iki oğulcuğaz doğurmuş mənə” söyləyən Dəli Domrul mal-mülkünü tapşırmaq üçün evinə gəlir. Bir cana möhtac olan Dəli Domrul hadisəni zövcəsinə nəql edib mal-mülkünü ona qoyub getdiyini söyləyir. “Səndən sonra mənə heç nə lazım deyil, qoy Əzrail mənim canımı alsın” söyləyən xanımı əsl türk qadını sədaqətinin bariz nümunəsi kimi çıxış edir. Sonda Tanrı bu cütlüyü uzun ömürlə mükafatlandırır.
   Tamaşanın diqqətçəkən məqamlarından biri əsərin Dədə Qorqud dilində səhnələşdirilməsidir. Dəli Domrul (Nurlan Rüstəmov) və Əzrailin (Elnur İsmayılzadə) dramatik və komik məqamlarla dolu mübarizə səhnələri tamaşanın təsir gücünü artırır. Hər iki obraz xarakterik xüsusiyyətləri ilə diqqət çəkir.
   Tamaşada xalq musiqilərindən istifadə, Dədə Qorqudun (Əli Əlizadə) adət etdiyimiz kimi sazla deyil, nağara ilə hadisəni nəql etməsi də maraqlı məqamlardan idi. İki qadın qəhrəman Dəli Domrulun halalı (Nargilə Qəribova) və Dəli Domrulun anası (Solmaz Bədəlova) da rolun öhdəsindən xüsusi incəliklə gəldilər. Dəli Domrulun atasından can ricasına gəldiyi səhnəsində atanın şahmat oynaması, ciddi işlə məşğul olurmuş kimi təqdim olunması və Atanın (Rafiz Mehdizadə) oğluna rədd cavabı verən zaman nitqin xüsusi temp və vurğu ilə söylənilməsi səhnəni daha da dolğunlaşdırdı.
   “Dəli Domrul” tamaşasının rejissoru, Pantomima Teatrının baş rejissoru, Əməkdar incəsənət xadimi Bəxtiyar Xanızadə və Əməkdar artist Nargilə Qəribovadır.
  
   * * *
   Pantomima Teatrında aktyor Ceyhun Dadaşovun hazırladığı “Mən və Mən” adlı mono-tamaşa da sənətsevərlər tərəfindən maraqla qarşılandı. “Axı mən kiməm” sualını heç özünüzə verdinizmi? Bəs aynanın qarşısına keçib əksinizə şübhə ilə baxdınızmı? Şəkil çəkdirdiyiniz zaman simanızı itirdiyinizi düşündünüzmü? Tamaşanın qəhrəmanı bizi bu suallarla üz-üzə qoyur. Çəkdirdiyi rəsmdə simasını tapa bilməyən qəhrəman təşvişə düşür. Maska altında yaşadığına görə özünü qınayır və daxildə gizlənən “mən”in təzahür olunan “mən”lə mübarizəsi başlayır. Komik və dramatik məqamlarla yadda qalan bu mübarizə sonda qəhrəmanın usanıb çıxış yolunu intiharda görməsinə gətirib çıxarır. Mübarizənin kulminasiyasında tamaşaçıların da gərginliyi nəzərə çarpırdı. Çünki bu mübarizələrlə hər kəs həyatının müəyyən dövrlərində rastlaşır.
   Dramatik, gərgin məqamdan sonra qəhrəmanın əlindəki bıçağın süni olması zalın alqışları və sevincli gülüşü ilə qarşılanır .
   “Qəhrəman kimi ölmək də olmur, gərək onu da oynayasan....” sözləri qəhrəmanın vəziyyətinə aydınlıq gətirir. Ta uşaqlıqdan sadə maskalarla maskalandığını deyən qəhrəman indi də mürəkkəb maskaların içində boğulduğunu etiraf edir.
   “Yalnız bir şeydən qorxuram, görəsən, öləndən sonra o dünyada Tanrının qarşısına çıxanda məni tanıyacaqmı?......Axı, mən kiməm?” monoloqu ilə dramaturji final yetişir.
  
   Reyhan İsayeva







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar