İnsan. Mükəmməlləşdikcə, özünü böyük bildikcə balacalaşan məxluq. Qloballaşdıqca balacalaşan dünyanın sakinləri, texnika hesabına imkanları artdıqca öz dünyasında balacalaşan, bu imkanlar hesabına daim nəzarətdə qalan məhbuslarıq sanki. Niyə belə başladıq tərifi, çünki işimizə yarayır, amma həm də və çün ki, belədir.
Ənənəvi detektiv filmlərində, lap elə sıradan kriminal verilişlərində belə bir məqam var. Qatil hər şeyi hesablayır, amma mütləq bir detalı unudur. Hər şeyi hesabladığını düşünürsən, mükəmməl bir plan çəkirsən. Yəni bu planın mükəmməl olduğunu düşünürsən. Amma hopp! Yer qaçır ayağının altından. Nəyisə hesaba almamsan, ən mənasız görünən nəyisə. Çünki mükəmməl ola bilməzsən. Yalnızca hər şeyi mükəmməlcə quran bir Yaradan var. Hər şeyə bir təbiət verən. Yucin O" Nilin «Qarağaclar altında məhəbbət» əsəri ilk baxışda təbiət qoynunda, qarağac kölgəsində sevişənlərin əhvalatını xatırladır. Amma əhvalat bu görüntü qədər üzdə deyil. Elə “Yuğ” teatrında bu əsərə quruluş verən gənc rejissor Aytən Məmmədova tamaşanı «Kölgə» adlandırıb. Bəlkə də ilk baxışda yaranan bu assosiasiyadan qaçmaq üçün. Daha sonrası insanın öz kölgəsinə çevrilmək ehtimalını yada salır. Daha sonrası Allah işığından kölgədə qalmışları nişan verir.
Abbi Patnem (Təranə Atacan) iki ərindən ayrılmış yetim qızdır. Yaşamaq çətindir. O mülkə yiyələnmək fikri ilə qoca fermerə - Efraimə (Oqtay Mehdiyev) ərə gəlib. İlk baxışda hər şeyi əla planlaşdırıb. Varislikdə rəqibi var. Qocanın oğlu gənc Ebin (Ruslan Şöhrətoğlu). Abbi hiyləgərdir, işvəli və bacarıqlıdır. Yüz belə dimdiyi sarı gənc olsun, fermanı Abbidən ala bilməz. Uzaqbaşı bu beyni qan cahilə namus ləkəsi yaxa bilər. Qoca fermer kimə inanacaq, əlbəttə arvadına. Amma hər şey bu qədər sadə olsaydı, qarağaclar-zad nəyə yarardı? Təbiəti nəzərə almadılar. Təbiət deyərkən qarağaclar gəlməsin ağlınıza. Gənc kişi və gənc qadın. Eşq. Abbi və Ebin bir-birilərinə doğrudan vuruldular. Bu sevginisə ferma haqda planlar məhv edir. Abbi «əri üçün» sevgilisi Ebindən uşaq doğur. Ebin uşağı rəqib kimi görür. Onda Abbi uşağı boğub öldürür. Ebin ilə sevgilərinin bəhrəsi olan körpəni öldürür. Bax belə.
Aytənin tamaşasının bir özəlliyi var. Əvvəla qarağac-zad quraşdırmadır səhnədə. Əhvalat lokal məkanda üç stulun ətrafında cərəyan edir. Amma darıxdırmır, əksinə, həm də əhvalatdan yayındırmır. Tamaşa içində sevgi səhnələrində bir işıq dəyişir -qırmızıya dəyişir. Bu dəqiq seçilib.
Çünki... çünki «qırmızı çağırır insanı həyata, insanı sevgiyə, ölümə, quşu qurşuna çağıran odur». Amma daha sonrası yox. Hər şey bu şeir kimi qırılır. Bütün ifadə vasitələrində əhvalatın xronikası itmir.
Final aktyorlara bu əhvalatın «bədliyindən», obrazların ruhundan silələnib çıxmağa bir meydan verir. Yuğçular Yunqun termini ilə buna «kripto» deyirlər. Hər aktyor özü olur və özünə aid bir cümlə deyir. Ruslan dənizi sevirmiş, Təranə hotel otaqlarını. Oqtay da darıxdırıcı bir şeyi həm də maraqlı görürmüş. Bu kripto onlara həm də öz kölgələrinə çevrilməmək üçün lazımdır. Bu kripto bir yüngüllük məqamıdır. Öz kriptonu söyləyib, yüngülləşirsən. Qarışırsan tamaşaçılara. Zatən artıq tamaşaçı-oyunçu kimi bir sədd qalmamış burada. «Kölgə» baxmağa, düşünməyə dəyər bir səhnə əsəridir. Adamın ağlına hər şey gəlir. Məsələn, ağac kölgəsi yayda nə qədər sərin olsa da, bir qüsuru var: öz kölgəni görə bilmirsən.
Aliyə