İrəvan Dövlət Azərbaycan Dram Teatrı yubiley mövsümünü Molyerin əsəri ilə açdı
   
   Cəfər Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrı növbəti, 130-cu mövsümün açılışında tamaşaçıların qarşısına premyera ilə çıxdı. Dünya ədəbiyyatının klassiklərindən sayılan Jan Batist Molyerin “Məcburən doktor” komediyası sənətsevərlərə təqdim olundu.
   
   Kollektiv yubiley mövsümünün açılışında sənətsevərləri Səməd Vurğun adına Rus Dram Teatrında qarşıladı. Tədbirdə mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev iştirak edirdi. Tamaşadan əvvəl çıxış edən İrəvan Dövlət Azərbaycan Dram Teatrının direktoru, Əməkdar mədəniyyət işçisi İftixar Piriyev milli səhnə sənətimizin inkişafında özünəməxsus yeri olan teatrın keçdiyi yola nəzər saldı. Bildirdi ki, 130 il öncə fəaliyyətə başlayan teatr Azərbaycan mədəniyyətinə və incəsənətinə görkəmli aktyor və aktrisalar, rejissorlar bəxş edib. 1988-ci ildə Ermənistanda yaşayan azərbaycanlıların tarixi yurdlarından zorla deportasiyası nəticəsində İrəvan Teatrının kollektivi də doğma sənət ocağını tərk etməli oldu, teatrın bütün əmlakı talandı. Sonrakı dövrdə teatr Azərbaycan dövlətinin dəstəyi, kollektiv üzvlərinin zəhməti, ayrı-ayrı ziyalıların qayğısı sayəsində ayaqda qalmağı bacardı: “Azərbaycan prezidentinin sərəncamı ilə İrəvan Dövlət Azərbaycan Dram Teatrının 125 illiyi geniş şəkildə qeyd olundu. Mədəniyyət və Turizm Nazirliyinin rəhbərliyi fəaliyyətimiz üçün lazım olan bütün şəraiti yaradıb. Biz də bu diqqət və qayğıya öz yaxşı işimizlə, maraqlı tamaşalar hazırlamaqla cavab verməyə çalışırıq”.
   Direktorun çıxışından sonra tamaşaçılar Molyerin qəhrəmanları ilə baş-başa qaldılar.
   
   Molyerin qəhrəmanları
   hələ də aramızdadır
   
   Jan Batist Molyerin qələmindən çıxan komediyalar dünyanın əksər ölkələrində səhnəyə qoyulub. Azərbaycan tamaşaçıları da Molyer qəhrəmanlarını müxtəlif teatrlarımızın səhnəsində görüblər. Teatrlarımız dahi fransızın “Tartüf”, “Skapenin kələkləri”, “Xəsis” pyeslərini səhnələşdiriblər. İrəvan Dövlət Azərbaycan Dram Teatrı dramaturqun məşhur əsərlərindən birini “Məcburən doktor” adı ilə tamaşaya hazırlayıb.
   Əsərə teatrın baş rejissoru, Əməkdar incəsənət xadimi, “Qızıl Dərviş” mükafatı laureatı Oruc İzzətoğlu quruluş verib. O, həm də tamaşanın quruluşçu rəssamıdır. Musiqi tərtibatı Miranda Qurbanovaya məxsusdur. Tanınmış rəqqas Tahir Eynullayev isə xoreoqraf kimi tamaşanın hazırlanmasında iştirak edib.
   Deməli belə, kasıb aktyor Sqanarel (Əmrulla Nurullayev) çətin dolanışıqdan, ailədəki sıxıntılardan bezib. Şərab içmək və arvadı Martinanı (Xalq artisti Tamella Abdullayeva) aradabir kötəkləməklə ömür sürür. Martina isə ərindən əvəz çıxmaq üçün fürsət gəzir.
   Bu arada Valer (Niyaməddin Səfərəliyev) və Luka (Əjdər Zeynalov) yaxşı həkim axtarırlar. Çünki Jerontun (Əməkdar artist Vaqif Kərimov) qızı Lüsənd (Tutu Əliyeva) xəstələnib.
   Sqanareldən əvəz çıxmaq üçün bundan yaxşı fürsət? Martina Valer və Lukaya başa salır ki, Sqanarel əsl onlar axtaran həkimdir. Necə deyərlər, lap ölü dirildəndir. Amma bir pis xüsusiyyəti var - kötəklənməyincə bacarıqlı həkim olduğunu etiraf etmir. Valer və Luka bu sözlərə inanınca Sqanareli yaxşı kötəkləyirlər. Üstəlik babat da pul verirlər. Pul kisəsini görüncə Sqanarel həkim olmağa razılaşır. Jerontun yanında özünü əsl təbib kimi aparan başabəla həkim savadlı görünmək üçün Aristoteldən “sitatlar” gətirir, hətta Hippokratın canına belə and içir. Fürsətdən istifadə edib dayə Jaklinanı (Əməkdar artist Esmiralda Şahbazova) da ələ keçirməyə çalışır. Qızını imkanlı adama ərə verməyə hazırlaşan Jeront onun bu hiyləsinə tez uyur və xeyli pulundan keçir.
   Sonda başabəla həkimin fırıldaqçının təki olduğu aydınlaşır. O da məlum olur ki, Lüsəndin heç bir xəstəliyi yoxdur. Sadəcə, atasının tapdığı varlıya yox, sevdiyi oğlana ərə getmək istəyir.
   Qeyd edək ki, tamaşada yaradıcı heyətin əməyi boşa getməyib. Səhnə əsəri, o cümlədən rejissor yozumu maraqla qarşılandı. Rejissor Oruc İzzətoğlu müxtəlif teatrların səhnəsində Cəfər Cabbarlının “Aydın”, Hüseyn Cavidin “Afət”, Mir Cəlalın “Dirilən adam”, Anarın “Beşmərtəbəli evin altıncı mərtəbəsi”, Elçinin “Mahmud və Məryəm” əsərlərinə uğurlu quruluş verib. Molyerin dramaturgiyasına müraciət edən rejissor bu günlə səsləşən səhnə əsəri yaradıb. Səhnədə baş verənləri izləyən hər bir tamaşaçı bir daha əmin olur ki, yazılmasından üç əsrdən çox keçməsinə baxmayaraq, Molyerin qaldırdığı məsələlər indi də aktualdır, dahi dramaturqun qəhrəmanları bu gün də aramızdadır. Yalançılar, pul hərisləri cilddən-cildə girərək ətrafdakı insanları aldada bilirlər. Oruc İzzətoğlunun quruluşçu rəssam işi də maraqlıdır.
   Səhnə əsərindən bəhs edərkən baş rolun ifaçısı Əmrulla Nurullayevin təbii oyununa, səhnə plastikasına toxunmamaq mümkün deyil. Aktyor öz ifası ilə Sqanarelin bütün xarakterini açmağı bacarır. Xalq artisti Tamella Abdullayeva, əməkdar artistlər Vaqif Kərimov, Esmiralda Şahbazova, gənc aktrisa Tutu Əliyeva, aktyorlar Əjdər Zeynalov, Niyaməddin Səfərəliyev maraqlı ansambl yaratmaqla tamaşanın canlı, baxımlı və inandırıcı alınmasına nail olubrlar.
   Yəqin ki, “Məcburən doktor”un ayağı düşərli olacaq. İrəvan Dövlət Azərbaycan Dram Teatrı 130-cu mövsümündə tamaşaçılarını uğurlu tamaşalarla sevindirə biləcək.
   
   Etibar Cəbrayıloğlu







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar