Gənclik insan həyatının elə bir dövrüdür ki, bu dövrdə gördüyü hər bir iş, atdığı hər bir addım gələcək həyatda pillə-pillə öz izini qoyur, əldə etdiyimiz hər bir nailiyyət növbəti uğurlara yol açır. Bu gün yaradıcı gənclərimizin uğur qazandığı sahələrdən biri də teatr sənətidir. Teatrlarımızda çalışan, tanınıb sevilən, sənətdə özünü təsdiq edən gənclər az deyil. Onlardan üçü - Dövlət Akademik Milli Dram Teatrında çalışan Məsmə Ağaverdiyeva, Elşən Cəbrayılov və Sərdar Rüstəmovla görüşüb qısa söhbət etdik.
   
   Rejissor olmaq istəyirdi, aktrisa oldu

   
   Məsmə Aslan qızı Ağaverdiyeva 1978-ci ildə Bakıda anadan olub. Uşaqlıqdan sənətə marağı olub. Orta məktəbi bitirəndən sonra sənədlərini Mədəniyyət və İncəsənət Universitetinin rejissorluq fakültəsinə verir. Qabiliyyət imtahanında Xalq artisti Şəfiqə Məmmədova onun çıxışını bir şərtlə qəbul edir: sənədlərini rejissorluğa deyil, aktyorluğa versin. Məsmə də anası ilə məsləhətləşib razılaşır. Sonra tələbəlik həyatı başlayır. Müsahibim bildirir ki, Həsənağa Turabov və Azər Paşa Nemətovun sayəsində birinci kursdan Akademik Milli Dram Teatrında çalışmağa başlayıb. 1995-ci ildən taleyini bu sənət ocağı ilə bağlayıb. İlk rolu Xalq yazıçısı Elçinin “Ah, Paris Paris“ əsərinin tamaşasında Nurbəniz rolu olub. 2000-ci ildə “İlin ən yaxşı gənc aktrisası” adına (Elçinin “Mənim ərim dəlidir” tamaşasında falçı Ağabacı roluna görə), 2003-cü ildə “Qızıl Dərviş“ mükafatına, 2007-ci ildə isə “Əməkdar artist“ fəxri adına layiq görülüb. Prezident mükafatçısıdır. Hazırda teatrda hazırlanan “Xanuma“ (A.Saqareli) tamaşasında Keto və İ.Əfəndiyevin “Sən həmişə mənimləsən“ pyesində Nargilə rolu üzərində işləyir.   

   O elə bu teatrda böyüyüb
   
   Respublikanın Əməkdar artisti, Prezident təqaüdçüsü Elşən Şahin oğlu Cəbrayılov 1977-ci ildə anadan olub. Mərhum aktyorumuz Şahin Cəbrayılovun ailəsində dünyaya gəldiyindən səhnə ona doğma və əzizdir. İlk addımlarını Musiqili Komediya Teatrında balet artisti kimi atan Elşən sonradan taleyini atasının çalışdığı bu sənət ocağı ilə bağlayıb. Milli Dram Teatrının səhnəsində “Müsyö Jordan və dərviş Məstəli şah”, “İnsan səsi“ və s. tamaşalarda oynayıb.
   Hazırda çox gərgin iş rejimində çalışdığını deyir. Bu günlərdə premyerası keçirilən “Qanlı Nigar“, hazırda məşqləri gedən “Xanuma” tamaşalarında rol alıb. Teatrda Bəsti Cəfərova, Firəngiz Mütəllimova, Səidə Quliyeva, Hacı İsmayılov, Ələsgər Məmmədoğlu, Cəfər Namiq Kamal, Zemfira Nərimanbəyova və başqaları ilə çiyin-çiyinə çalışdığından fəxrlə danışır.
   Aktyorluqla yanaşı, rəssamlıq, rəqs sənətində də uğurlar əldə etsə də, təvazökarlıq edərək özü haqqında çox danışmaq istəmir: “Teatr mənim taleyimdir. Körpəliyimdən teatrda böyümüşəm, burada böyük sənətkarları görmüşəm”. Oktyabrın 24-də Özbəkistanın Səmərqənd şəhərində keçiriləcək teatr festivalında ölkəmiz Elşənin rol aldığı “İnsan səsi“ tamaşası ilə təmsil olunacaq. Tamaşada onun tərəf-müqabili Xalq artisti Bəsti Cəfərovadır.  

  Elmi iş yazmağa da vaxt tapıb
   
   Sərdar Mənsur oğlu Rüstəmov 1981-ci ildə Şamaxı rayonunda anadan olub. Mədəniyyət və İncəsənət Universitetində Xalq artisti Həsənağa Turabovun kursunu bitirib. “Aktyorun obraz üzərində yaradıcılıq işinin əsas mərhələləri” mövzusunda elmi iş müdafiə edib. Elmi rəhbəri Xalq artisti Əliabbas Qədirov olub.
   Teatrda ilk işi rejissor Vaqif İbrahimoğlunun hazırladığı “Lənkəran xanının vəziri“ tamaşasında kiçik rol (beşinci ərizəçi) olub. Bundan sonra işə götürülüb. Teatrda çalışmaqla yanaşı, televiziya tamaşalarında, filmlərdə rol alıb.
   Sonuncu çəkildiyi ekran əsərləri M.Bədirzadənin “Ünvansız sevgi “ serialı və R. Həsənoğlunun quruluş verdiyi “Mürafiə vəkilləri” televiziya tamaşasıdır.
   Hazırda teatrda “Qarabağnamə” (İ.Əfəndiyev) tamaşasında Əbülfət xanı, “Mesenat” (Ə.Əmirli) Gənc rolunu oynayır. “Xanuma”da iki rol - şərabçı və knyaz rolları ona həvalə olunub.
   Gənc olmalarına baxmayaraq sənətdə müəyyən nailiyyətlər əldə etmiş aktyorlara daha böyük sənət uğurları arzulayırıq.
   
   Lalə Azəri