Rəşad Əhmədzadə: “Bu üzvük yeni əlaqələrə, təcrübə mübadiləsinə imkanlar yaradacaq”
Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrı Beynəlxalq Kukla Teatrları Assosiasiyasına (UNİMA) üzv qəbul olunub. Təşkilat UNİMA Azərbaycan Mərkəzinin yaradılması barədə qərar qəbul edib. Hazırda Azərbaycan tərəfindən sənədləşmə işləri aparılır və mərkəzin idarə heyəti təsdiq olunub. İdarə heyətinin üzvləri Azərbaycan Dövlət Kukla Teatrı, Qax və Gəncə dövlət kukla teatrlarından seçilib.
UNİMA-ya üzvlük prosesindən danışan Dövlət Kukla Teatrının direktoru Rəşad Əhmədzadə bildirdi ki, quruma üzv olmaq üçün bir sıra tələblər nəzərə alınıb: «Teatrımızın 80 yaşı var. Öncə tarix nəzərə alındı. Sonra teatrın fəaliyyət göstərdiyi dövrlərdə hansı festivallarda qalib olmağı, teatrın səviyyəsi, respublikanın mədəni həyatında gördüyü işlər, kukla sənəti ilə məşğul olanların kukla teatrına marağı nəzərə alındı. Bundan əlavə, biz öz proqramımızı da göndərmişdik. UNİMA UNESCO-nun bir təşkilatıdır və kukla sənəti ilə məşğul olan hər bir teatr üçün çox önəmli bir qurumdur. Bu səbəbdən də təşkilata üzv qəbul olunmaq çox sevindiricidir. UNİMA Azərbaycan Mərkəzinin açılması dünya miqyasında tanınmaq üçün bizə daha böyük şanslar verəcək. Çalışacağıq ki, bizə göstərilən etimadı doğruldaq».
R.Əhmədzadənin sözlərinə görə, UNİMA-ya üzvük nüfuzlu kukla teatrına çevrilmək deməkdir: «UNİMA-ya daxil olana qədər bizim teatrın uğurları çox olub. Təkcə bu il aprel və may aylarında iki beynəlxalq festivalda iştirak etmişik. Apreldə Mərakeşdə XII Beynəlxalq Uşaq Teatrları Festivalında Nizami Gəncəvinin «Xeyir və şər» tamaşası ilə çıxış edərək birinci mükafata layiq görüldük. Mayda Kazanda X Novruz Festivalında isə Kamran Şahmərdanın «Ağ və qara» tamaşası festivalın «Ən yaxşı tamaşası» seçildi. UNİMA-ya üzv olmaqla uğurlarımızı artıracağıq. Bu təşkilat kukla sənətinin inkişafına böyük dəstək verir. UNİMA hər il bir neçə festival keçirir və təşkilatın üzvü olaraq biz də həmin layihələrə dəvət alacağıq. Bu quruma üzvlük yeni əlaqələrə, təcrübə mübadiləsinə imkanlar yaradacaq”.
Noyabrın 1-dən 6-dək Bakıda Mədəniyyət və Turizm Nazirliyi, UNİMA və TÜRKSOY tərəfindən keçiriləcək Beynəlxalq Kukla Teatrları Festivalından da danışan R.Əhmədzadə bildirdi ki, hazırlıq işləri yekunlaşmaq üzrədir: «Möhtəşəm bir festival olacaq. Müxtəlif ölkələrdən 20-dən çox teatr festivalda iştirak edəcək. Bizim teatr festivalda iki əsər - «Xeyir və şər» və «Ağ və qara» tamaşası ilə təmsil olunacaq. Ölkəmizdən həmçinin Qax Dövlət Kukla Teatrı və «Bəbək» teatrı da festivalda iştirak edəcək. Çalışacağıq ki, Azərbaycan festivalda layiqincə təmsil olunsun».
Festival müddətində tamaşalar Gənc Tamaşaçılar Teatrı, A.Şaiq adına Dövlət Kukla Teatrı və Rus Dram Teatrında göstəriləcək.
Gülər