Gənclik ömrün elə bir çağıdır ki, bu dövrdə arzular aşıb daşır, həyat bütün gözəllikləri, çətinlikləri ilə maraqlı görünür. Bu yaşda qarşıya qoyulan hər bir məqsədə çatmaq üçün insan bütün qüvvəsini sərf edir, bu yolda heç bir maneə onu qorxutmur.
   
    Bu gün müxtəlif peşələrdə çalışan gənclərin əldə etdikləri uğurlar onların əzmkarlığının, məqsədə çatmaq üçün göstərdikləri səy və mübarizliyin nəticəsidir. Belə gənclər teatr sahəsində də az deyil. Səhnə həyatında yeni addımlar atsalar da, çətinliklər onları qorxutmur, sənəti təcrübəli aktyorlardan həvəslə öyrənməyə çalışırlar. Bu yazıda söz açacağımız gənclərin sənətə gəlişində də ustad sənətkarların böyük rolu olub.
   Hüseyn Əlili Dövlət Musiqili Komediya Teatrının aktyorudur. Hələ uşaq yaşlarından rəqslə məşğul olduğu üçün əvvəl teatrın balet truppasında rəqqas kimi fəaliyyətə başlayıb. Görkəmli gülüş ustası Hacıbaba Bağırovun sənətinə olan sevgisi onun aktyorluq peşəsini seçməsində böyük rol oynayıb. 2004-cü ildə Mədəniyyət və İncəsənət Universitetinin Musiqili komediya aktyorluğu fakültəsini bitirib. Müəllimləri - rejissor Faiq Zöhrabov və Xalq artisti Hacıbaba Bağırov onun istedadını qiymətləndirib və səhnə fəaliyyətini Musiqili Komediya Teatrı ilə bağlamağı məsləhət görüblər. İlk dəfə E.Sabitoğlu və T.Ağayevanın “Bankir adaxlı“ tamaşasında çıxış edib. Hazırda teatrın repertuarında olan əksər tamaşalarda rol alır. “Qısqanc ürəklər”də (M.Haqverdiyev, R.Mirişli) Makedon, “Əlin cibində olsun”da (O.Rəcəbov, A.Babayev) polis, “Şəhərdə manyak var”da (Ə.Nesin, S.Fərəcov) Cek, “Kələkbaz”da (İ.Məlikzadə, S.Ələsgərov) Mayıl və s. Hələlik baş rollar ifa etməsə də, ikinci dərəcəli rolların öhdəsindən məharətlə gəlir. Səhnədə tanınmış aktyorlardan çox şey öyrəndiyini deyir, Xalq artisti Afaq Bəşirqızını özünün sənət müəllimi hesab edir.
   Musiqili Komediya Teatrının aktrisası Gültac Əlili də Mədəniyyət və İncəsənət Universitetinin Musiqili teatr aktyorluğu fakültəsini bitirib. Sənətə təsadüfi gəlsə də, sonradan peşəsini çox sevib. Kurs rəhbəri Xalq artisti İlham Namiq Kamaldan aktyorluğun sirlərini öyrənib. Teatra 2007-ci ildə gəlib. İlk gündən rol sarıdan kasadlıq çəkməyib. “Şeytanın yubileyi”ndə (O.Rəcəbov, A.Babayev) Xəyalə, “Qısqanc ürəklərdə” Leyla və s. rollarda çıxış edib. Bir vaxtlar tamaşalarını sevərək izlədiyi tanınmış sənətkarlarla sənətdə ilk addımlarını atdığına görə özünü xoşbəxt sayır.
   Səməd Xasıyevin aktyorluq sənətini seçməsində Musiqili Komediya Teatrında çalışan atası, aparıcı səhnə ustası Nadir Xasıyevin rolu danılmazdır. Mədəniyyət və İncəsənət Universitetində kurs rəhbəri İlham Namiq Kamal və vokal müəllimi Azər Zeynalovdan dərs alıb püxtələşən gənc aktyorun ilk rolu “Əlin cibində olsun“ (O.Rəcəbov, A.Babayev) tamaşasında Fəxri obrazı olub. “Amerikalı kürəkən”də (R.Mirişli , M.Haqverdiyev) Bilal, “Kələkbazlar”da Fəqan, “Arşın mal alan”da Vəli və s. yaddaqalan obrazlar yaradıb. Teatr səhnəsindən başqa Səməd müğənni kimi də fəaliyyət göstərir. “Xalq ulduzu” televiziya yarışmasında iştirak edib.
   Mədəniyyət və Turizm Nazirliyinin xətti ilə keçirilən tədbirlərdə həm aktyor, həm də müğənni kimi çıxış edir.
   Mehriban Zalıyeva 2006-cı ildə Bakı Musiqi Akademiyasının “Solo oxuma” şöbəsini (müəllimi Xalq artisti Natəvan Şeyxova) bitirdikdən sonra Gənc Tamaşaçılar Teatrına işə düzəlib. Səhnədə ilk çıxışı “Subaylarınızdan görəsiniz” tamaşasında Qəndab obrazı olub. Bu günə kimi teatrın Azərbaycan və rus bölməsində maraqlı rollar oynayıb. Hər bir obrazı özünəməxsus şəkildə yaratmaq istədiyini bildirən aktrisa sənətini çox sevdiyini, həm kollektivdən, həm də işindən razı olduğunu deyir. Yavər Rzayevin “İlahi məxluq “ filmində Gülnar rolunda çəkilib. Filmlərə dəvət alsa da, teatrda işinin çoxluğundan qəbul edə bilmir.
   Nigar Məmmədova hələ 9-cu sinifdə oxuyarkən dram dərnəyinə yazılıb. Dərnəkdə müəllimləri Əməkdar artist Rafiq Hüseynov və Xalq artisti Valeh Kərimov onun istedadını yüksək qiymətləndiriblər. Sənətə marağı onu Mədəniyyət və İncəsənət Universitetinin Dram və kino aktyorluğu fakültəsinə gətirib. Tələbəlik illərində qrup rəhbəri Əməkdar artist Ötkəm İsgəndərov, səhnə danışığı müəllimi, Xalq artisti Laləzar Mustafayevadan çox böyük dəstək aldığını bildirir. 2007-ci ildən Gənc Tamaşaçılar Teatrında çalışır. “Mənim ağ göyərçinim” (T.Vəliyeva. C.Səlimova) tamaşasında Səidə, “İncəbel və div”də (R.Tohidoğlu, A.Salmanlı) Orxan, “Mən səni sevirəm”də (Ə.Əmirli) Lalə və. s tamaşalarda öz potensialını yetərincə nümayiş etdirməyi bacarıb. Bir vaxtlar televiziya ekranlarından böyük sevgi ilə izlədiyi tanınmış aktyorlarla hazırda bir səhnəni bölüşdüyünə görə özünü xoşbəxt sayır.
   Teatrlarımızda çalışan, sənətdə yeni addımlar atan gənclərlə sizləri tanış etməklə onları həm də bu sahəni seçən istedadlı gənclərə bir örnək göstərmək istədik. Gənclərimizə bol sənət sevincləri arzusu ilə
   
   Lalə Azəri