Məlumdur ki, muzey xalqın milli sərvətini - maddi və mənəvi abidələrini toplayır, qoruyur, onların öyrənilməsini, nümayişini və təbliğini təmin edir. Beləliklə, muzeylərin meydana gəlməsi həm də elmi biliklərin təbliği və cəmiyyət üzvlərinin estetik tələbatının ödənilməsi zərurəti ilə bağlıdır. Eyni zamanda, o da məlumdur ki, muzey əşyaları muzeylərdən çox-çox əvvəl meydana gəlmişdir. Ən qədim dövrlərdən başlayaraq zaman-zaman insanların bu və ya digər tələbatının ödənilməsi məqsədilə yaradılan bu nümunələr sonradan «mədəniyyət sərvəti», «muzey əşyası» adlarını almışdır.
      
   Bu sərvəti müəyyən bir məkanda toplayan və gələcək nəsillərə çatdırmaq istəyənlər öz xalqına, onun tarixinə və mədəniyyətinə qəlbən bağlı olan şəxslərdir. Azərbaycanda 1919-cu ildə yaradılmış ilk rəsmi dövlət muzeyinin - İstiqlal muzeyinin qurucuları görkəmli sənətşünaslar - Hüseyn bəy Mirzəcamalov və Məhəmməd Ağayev olmuşdur.
   1924-cü ildə Naxçıvan və Gəncə, daha sonra Şəki və Lənkəran şəhərlərində tarix-diyarşünaslıq muzeyləri yaradıldı, Qubada isə muzeyin əsası qoyuldu. Bu muzeylərin yaradılmasında yerli həvəskarlar fəal iştirak edirdilər. Gəncə tarix-diyarşünaslıq muzeyinin təşkili Gəncə Pedaqoji Seminariyasının müəllim və tələbələrinin adı ilə bağlıdır.
   Naxçıvanda yerli ziyalı Mirbağır ağa burada tarix muzeyinin əsasını qoyanlardan biridir. İndi Naxçıvan Muxtar Respublikası Dövlət Tarix Muzeyi kimi fəaliyyət göstərən həmin muzeyin ilk direktoru da Mirbağır ağa olmuşdur.
   Qubada muzeyin əsasını görkəmli din xadimi və ziyalı Əhməd Əfəndi Çələbizadə qoymuşdur. O, 1924-cü ildə «Cümə məscidi» yanında dərs dediyi mədrəsədə tarix muzeyi yaratmış, burada Azərbaycan tarixinə aid materialları toplamışdır. Eksponatların əksəriyyəti Əhməd Əfəndinin özünə məxsus olmuşdur.
   Şəki tarix-diyarşünaslıq muzeyinin yaradılmasında dövrünün qabaqcıl maarif xadimi, yazıçı və dramaturq Rəşid bəy Əfəndiyevin müstəsna əməyi vardır. Lənkəranda muzeyin bünövrəsini yerli ziyalı Mirzə Ağaəli Əliyev qoymuş, Masallıda isə ilk muzeyin yaradıcısı orta məktəb müəllimi Rəhim Tağıyev olmuşdur. Bu gün öz yaradıcılarının xatirəsinə hörmət əlaməti olaraq Şəki muzeyi Rəşid bəy Əfəndiyevin, Lənkəran muzeyi Mirzə Ağaəli Əliyevin, Masallı muzeyi isə Rəhim Tağıyevin adını daşıyır.
   Muzey direktorlarından Solmaz Məhərrəmova (Laçın) və Xalis Məmmədov (Qəbələ) da boya-başa çatdıqları rayonun tarix-diyarşünaslıq muzeyinin qurucularıdır. Onların hər ikisi bu gün “Əməkdar mədəniyyət işçisi” fəxri adını şərəflə daşıyırlar.
   Muzey rəhbərlərinin bir neçəsi ilə «Mədəniyyət»in oxucularını az-çox dərəcədə tanış etmişik. Bu yazıda Cəfər Cabbarlı adına Azərbaycan Dövlət Teatr Muzeyinin yaradıcısı və ilk direktoru Ağakərim Şərifov haqqında söz açmaq istəyirik.
   O, 1899-cu ildə doğulmuş, 1942-ci ildə dünyasını dəyişmişdir. Kiçik yaşlarından özü də, qardaşları - Ağasəlim, Hacıbaba və Niyaz da səhnə ilə bağlı olmuşlar. Niyaz Şərifov sonradan tanınmış rejissor, Ağakərim isə teatr tarixçisi, tədqiqatçı və pedaqoq kimi fəaliyyət göstərmişdir.
   Ağakərim Şərifov 1920-ci illərin əvvəllərində Bakı Türk İşçi Teatrında, eyni zamanda, Bakı Teatr Texnikumunda işləyirdi. Məhz həmin illərdə o, teatr tarixinə aid muzey yaratmaq fikrinə düşmüş və bu yöndə iş aparmağa başlamışdır. Müxtəlif teatr tamaşalarının proqram və afişalarını, teatr xadimlərinin şəxsi əşya və sənədlərini, rol dəftərlərini, teatr geyimlərini, fotoşəkillərini və digər materialları toplamaqla gələcək muzeyin əsasını qoymuş, eyni zamanda, rəsmi qaydada teatr muzeyi yaradılması barədə məsələ qaldırmışdır. Dövrünün görkəmli ziyalıları, sənət adamları, o cümlədən Üzeyir Hacıbəyli, Əbdürrəhim bəy Haqverdiyev, Cəfər Cabbarlı, Əzim Əzimzadə, Sidqi Ruhulla onu dəstəkləmiş, kömək göstərmişlər.
   1927-ci ildə teatr işçilərinin respublika müşavirəsində məhz Ağakərim Şərifovun təşəbbüsü ilə teatr tariximizə aid muzeyin yaradılması barədə məsələ qaldırılmış və elə həmin ildə Azərbaycan Dövlət Dram Teatrının binasının foyesində belə bir muzey təşkil olunmuşdur. Muzeyin açılışında rəsmi şəxslər, görkəmli ziyalılar və sənət adamları - böyük yazıçı Əbdürrəhim bəy Haqverdiyev, dahi bəstəkar Üzeyir Hacıbəyli, aktyorlardan Mirzəli Abbasov, Mirseyfəddin Kirmanşahlı, Kazım Ziya, Yusif Yulduz, Alma xanım, Əsəd Tahir və başqaları iştirak etmişlər. Əslində bu, teatr tarixinə aid sərgi və gələcək muzeyin təməli idi.
   Məhz həmin gündən bu muzey teatr tarixinə və teatr xadimlərinə aid yadigarları, əlyazmaları, fotoşəkilləri, rəsm əsərlərini, müxtəlif sənədləri toplayan və qoruyan məbəd kimi formalaşmağa başlayır.
   Sərgi tez bir zamanda Azərbaycan Dövlət Muzeyinin teatr şöbəsi kimi rəsmiləşdirilir. Bu zaman əşyaların əsas hissəsi Azərbaycan Dövlət Muzeyinə verilir, bəzi əşyalar isə teatrda saxlanılaraq sərgilərdə istifadə olunur. Nəhayət, 1934-cü ildə Azərbaycan Dövlət Muzeyinin müvafiq şöbəsinin bazasında Azərbaycan Dövlət Teatr Muzeyi yaradılır və Ağakərim Şərifov muzeyin direktoru təyin edilir.
   1934-cü il noyabrın 24-də muzeyin təntənəli açılışı keçirilir. Mərasimdə o dövrün görkəmli sənət xadimləri - Bülbül, Şövkət Məmmədova, Hüseynqulu Sarabski, Aleksandr Tuqanov, Ülvi Rəcəb, İsmayıl Hidayətzadə və başqaları iştirak edirlər. Bu hadisə barədə "Pravda" qəzetinin 21 dekabr 1934-cü il tarixli sayında məlumat verilir.
   Bütün bunlar Ağakərim Şərifovun inadkar fəaliyyətinin və gərgin əməyinin nəticəsi idi. O, sözün həqiqi mənasında muzey vurğunu, muzey işinin fədaisi idi. Teatr tariximizlə bağlı hər bir əşya onun üçün əziz idi, doğma idi, hər şeydən əvvəl, əvəzsiz sərvət idi. Məhz buna görə də həmin əşyaları qayğı ilə (bəzi hallarda böyük əmək sərf etməklə) toplayır və qoruyurdu.
   Əlbəttə, Ağakərim Şərifov bu işə söz sənəti, xüsusən teatr sənəti ilə məşğul olanları da cəlb edir, muzeyə qayğı göstərməyi bir vəzifə kimi onların qarşısında qoyurdu. Muzeyin inkişafına, bir mədəniyyət ocağı kimi zənginləşməsinə qayğı göstərənlərdən biri də professor Əziz Şərif olmuşdur.
   Professor Əziz Şərifin «Keçmiş günlərdən» kitabından: «Ağakərim Şərifov mənim yaxın və səmimi dostlarımdan idi, o zaman (1928-ci il nəzərdə tutulur - A.B. ) təzəcə təşkil etdiyi teatr muzeyini idarə edir, teatrımızın tarixinə dair müxtəlif materialları toplayır, muzeyi zənginləşdirməyə, onu teatr tariximizi işıqlandıra bilən mədəni-elmi mərkəzə çevirməyə çalışırdı. Teatr muzeyi yalnız Ağakərimin yorulmaq bilmədən, gecə-gündüz çalışıb-vuruşması sayəsində yaşayırdı».
   Əziz Şərif, eyni zamanda, muzeyin yaradıcısına toplama işində kömək edir, Tiflis Azərbaycan teatrına aid materialları muzeyə verirdi.
   Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, mərhum teatrşünas İnqilab Kərimov belə yazmışdır: «Ağakərim Şərifov sənət vurğunu, fədaisi kimi, bu işi həvəslə, şövqlə, cəfakeşliklə yerinə yetirmişdir. O, muzeyi əziyyətlə, vərəq-vərəq topladığı və həm də Azərbaycan Dövlət Muzeyində olan müvafiq materiallardan istifadə edib yaratmışdı: «heçdən bir şey» düzəltmişdi».
   1935-ci ildə Ağakərim Şərifovun təklifi ilə muzeyə böyük Azərbaycan dramaturqu Cəfər Cabbarlının adı verilir.
   Qeyd etdiyimiz kimi, Ağakərim Şərifov, eyni zamanda, teatr tədqiqatçısı kimi fəaliyyət göstərmişdir. Onun 30-cu ildə nəşr olunmuş «Azərbaycanda türk teatrı tarixi materialları» kitabı Azərbaycan teatrşünaslığında ilk tədqiqat işlərindəndir. Kitabda milli teatr sənətimizin yaranması və inkişaf tarixi, habelə səhnə xadimlərinin fəaliyyəti barədə məlumat verilmiş, bu sahədə mövcud problemlər öz əksini tapmışdır. Bu kitab sonralar teatrımızın tarixi ilə bağlı tədqiqatların aparılmasında dəyərli mənbə rolunu oynamışdır.
   1937-1938-ci illərin acı yelləri teatr xadimlərinin, habelə Dövlət Teatr Muzeyinin üstündən də əsib, milli teatrımızın inkişafına ağır zərbə vurub. Həmin illərdə bir sıra teatr xadimləri repressiyaya məruz qalırlar. Bunların arasında Dövlət Teatr Muzeyinin direktoru Ağakərim Şərifovun qohumları da vardı. Ağakərim Şərifovun oğlu Azad Şərifov yazır: "...Bir qədər sonra atamı işdən götürdülər və on ay ailəmiz rahatlıq nə olduğunu bilmədi, gecələr gözümüzə yuxu getmirdi, gözləyirdik ki, indi - bu saat NKVD-nin "qara maşını" qapımızın ağzında dayanacaq. Ancaq, gözlənilmədən hadisələr başqa cür cərəyan etdi. Azərbaycanın görkəmli mədəniyyət xadimlərinin təhriki ilə atamı işə bərpa etdilər, hətta xəstəliyi ilə əlaqədar müalicə olunmaq üçün sanatoriyaya putyovka da verdilər. Lakin atamın son günləri idi. 1942-ci il fevralın 5-də, şaxtalı bir gündə atam dünyasını dəyişdi".
   Ağakərim Şərifovun əsasını qoyduğu Cəfər Cabbarlı adına Azərbaycan Dövlət Teatr Muzeyi bu gün ölkəmizin ən zəngin və baxarlı muzeylərindən biridir. Burada fəal toplama işi aparılır, rəngarəng tədbirlər keçirilir. Muzeyin direktoru, Əməkdar mədəniyyət işçisi Nuridə Nurullayeva yazır: «Xoş bir haldır ki, istər sərgilərimizin hazırlanmasında, istərsə də tədbirlərimizin yüksək səviyyədə təşkilində muzeyimizin xəzinəsi öz dəyərli, nadir sənədləri ilə əlimizdən tutur və biz xüsusilə belə anlarda muzeyin banisi və ilk direktoru olan, teatr işini mükəmməl bilən gözəl insan, zəhmətkeş ziyalı Ağakərim Şərifovu dönə-dönə yad edirik. Onun uzaqgörənliklə topladığı və bu gün tarixilik baxımından əvəzsiz olan sənədlər teatrımızın keçmişini öyrənən neçə-neçə tədqiqatçı üçün salnamə xidməti göstərmiş və bu iş bu gün də layiqincə davam etdirilir».
   Ağakərim Şərifov yəqin ki, Cəfər Cabbarlı adına Azərbaycan Dövlət Teatr Muzeyini belə görmək istəyirdi.
   
   Adilxan Bayramov,
   filologiya elmləri doktoru







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar