Festivalda 16 ölkədən 20-dən artıq teatr kollektivi iştirak edir
   
   Son dövrlər mədəniyyət sahəsində bir çox beynəlxalq layihələrə ev sahibliyi edən ölkəmizin mədəni həyatında daha bir önəmli tədbirə start verildi. Noyabrın 1-də Bakıda Beynəlxalq Kukla Teatrları Festivalı başlandı. Dünya teatr sənətinin qədim qollarından sayılan kukla teatrının tanınmış nümayəndələri, beynəlxalq teatr təşkilatlarının rəhbərləri Azərbaycan paytaxtına toplaşıblar.
   
   Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin, UNİMA - Beynəlxalq Kukla Teatrları İttifaqının və TÜRKSOY-un birgə təşkil etdiyi festival noyabrın 6-dək davam edəcək.
   Beynəlxalq miqyaslı tədbirin açılışı da möhtəşəmliyi ilə yadda qaldı. A.Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrının binası qarşısında gerçəkləşən mərasim maraqlı və rəngarəng idi. Ayrı-ayrı nağıl qəhrəmanlarının personajları ilə bəzədilmiş binanın ətrafı, uşaqların sevimli nağıl qəhrəmanlarının qiyafəsində gəzişən aktyorlar, binanın həyətində qurulan səyyar səhnədə nümayiş olunan kukla tamaşalarından parçalar görkəmli ab-hava yaratmışdı. Balacaların sənət bayramı olan festivalın açılışını «Can bala» qrupunun şən, gözəl mahnı və rəqsləri daha da yaddaqalan etdi.
   Mərasimə toplaşanlar «Kilimarası» səhnəciyinin ardınca bütün dünyada məşhur olan kukla tamaşalarının sevimli qəhrəmanlarını - şahzadə Turandotu, Hipolitanı, Paperonu, Göyçək Fatmanı, Qoçaq Əhmədi, Ələddini, Cırtdanı, Tıq-tıq xanımı və digər sevimli personajlarını alqışlarla müşayiət etdilər. Maraqlı təqdimatın ardınca teatrın tamaşa zalında festivalın rəsmi açılış mərasimi oldu.
   «Azərbaycan teatrı 2009-2019-cu illərdə» Dövlət Proqramı çərçivəsində Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 20-ci ildönümünə həsr olunan festivalda dünyanın 16 ölkəsindən 20-dən artıq teatr kollektivi iştirak edir. Tədbirə Böyük Britaniya, İspaniya, Avstriya, Türkiyə, Rusiya, Gürcüstan, Ukrayna, Rumıniya, Misir, İordaniya, İran, Estoniya, Litva, Özbəkistan və Qazaxıstandan onlarla kukla sənətçisi, nüfuzlu teatr tənqidçiləri və kukla teatrı biliciləri təşrif buyurublar.
   Tədbiri giriş sözü ilə açan mədəniyyət və turizm naziri Əbülfəs Qarayev ölkəmizdə ilk dəfə keçirilən festivalın Azərbaycan Kukla Teatrının 80 illiyinə təsadüf etdiyini vurğuladı, belə beynəlxalq tədbirlərin teatrlar arasında qarşılıqlı əlaqələrin inkişafında böyük rol oynadığını qeyd etdi: “Festivalın təşkilində bizə dəstək olduqlarına görə UNİMA-nın rəhbərliyinə və TÜRKSOY-un nümayəndələrinə xüsusilə minnətdarlığımı bildirirəm. Düşünürəm ki, bu festival Azərbaycanda teatr bayramına çevrilməklə yanaşı, yeni yaradıcılıq əlaqələrinin yaranmasına, sənət mübadiləsinin genişlənməsinə imkan verəcək. Bu festivaldan sonra Azərbaycan kukla teatrlarının fəaliyyəti tamamilə yeni mərhələyə qədəm qoyacaq və onların beynəlxalq festivallarda daha da uğurla iştirakına zəmin yaradacaq. Azərbaycan Dövlət Kukla Teatrı da, digər teatrlarımız kimi, beynəlxalq festivallarda iştirak edib. Amma belə bir irimiqyaslı tədbirin reallaşması onların bundan sonrakı uğurlarına bir növ bələdçilik etmiş olacaq. Digər tərəfdən mən çox sevinirəm ki, bu sənət ocağı 80 illik yubileyinə çox böyük uğurlarla gəlib. Ölkə başçısının xüsusi sərəncamı ilə beş il öncə əsaslı təmir-bərpadan sonra yaradıcı kollektivin ixtiyarına verilən bu möhtəşəm bina balaca tamaşaçıların sevimli evinə çevrilib».
   138-ci mövsümünü yaşayan Azərbaycan milli teatrının inkişafında özünəməxsus yer tutan 80 yaşlı kukla teatrının tarixinə qısa nəzər salan nazir bu sənət ocağının insanlarda teatra marağın yaranmasında müstəsna rol oynadığını bildirdi: «Dram aktyoru, görkəmli sənətkar Mollaağa Bəbirlinin yaratdığı teatrın ənənələri sübut edir ki, balaca tamaşaçılarımız məhz bu səhnədə göstərilən tamaşalarla həm teatr aləmi ilə tanış olur, həm də bəşəriyyətin nağıl aləminə, uşaq dünyasına qoşulurlar. Mən sevinirəm ki, bu teatrın yaradıcı heyəti, ömrünü bu sənət ocağına həsr etmiş sənətkarlar onun səhnəsində, divarları arasında mükəmməl yaradıcı mühiti saxlamaqla balacaların sevimli məkanı olma missiyasını davam etdirirlər. Mən fürsətdən istifadə edib Azərbaycan milli teatr sənətinin inkişafında fədakarcasına xidmət edən kollektivi təbrik edir və onlara yeni-yeni yaradıcılıq uğurları arzulayıram. Tam əminliklə bildirirəm ki, Azərbaycan dövləti daim Azərbaycan teatr sənətinə böyük hörmətlə yanaşacaq, onun inkişafı üçün nə gərəkdirsə edəcək və təbii ki, Dövlət Kukla Teatı da bu sırada ilk yerlərdə olacaqdır».
   Sonra söz UNİMA-nın baş katibi Jak Trüdoya verildi. Səmimi qonaqpərvərliyə və tədbirin təşkilindəki təşəbbüskarlığa görə təşəkkürlə sözə başlayan qonaq ölkəmizlə bağlı təəssüratlarını bildirdi: «Bu gözəl ölkədə olmaqdan böyük məmnunluq duyuram. Burada mədəniyyət və teatra olan böyük marağı insanların gözlərindən duymaq olur. Tədbirə qatılanların sevinci və hər çıxışı hərarətlə alqışlamaları sənətə və sənətkara yüksək qiymət verildiyini göstərir. Özündə 75 ölkəni birləşdirən UNİMA təşkilatının İdarə Heyəti adından kuklaçıların böyük ailəsinə təzəcə qədəm qoyan UNİMA-Azərbaycan Milli Mərkəzini təbrik edir və inanıram ki, sülh, mehribanlıq, firavanlıq işinə xidmət edən möcüzəli kukla teatrı vasitəsilə dünyamızı daha da gözəlləşdirəcəyik. İnanıram ki, qarşıdakı günlərdə bizi çox gözəl hadisələr gözləyir. Festivalın təşkili müxtəlif ölkələrin tamaşalarını bir səhnədə göstərməklə yanaşı, yeni əməkdaşlıq əlaqələrinin qurulmasına da zəmin yaradacaq».
   UNİMA-nın Türkiyə Milli Mərkəzinin prezidenti Mövlud Özhan da festival iştirakçılarını təbriklə sözə başladı: «Belə bir mötəbər və möhtəşəm festivalın dost, qardaş ölkə olan Azərbaycanda düzənlənməsi sevindirici haldır. Buna görə də təşkilatçılara, xüsusən də Azərbaycanın Mədəniyyət və Turizm Nazirliyinə təşəkkür edirəm. Bütün türk soylarında kukla tamaşaları ənənələri var və bu çox qədimlərə gedib çıxır. Türk xalqlarının mədəniyyətinin rəngarəngliyinin təcəssümü olan kukla ənənələrinin daha da inkişafına nail olmaq, günün texniki tərəqqisindən də istifadə etməklə daha üst səviyyəyə qaldırmalıyıq».
   Çıxışların ardınca qonaqlar Azərbaycan Dövlət Kukla Teatrının təqdimatında Kamran Şahmərdanın «Ağ və qara» tamaşasına baxdılar.
   
   Həmidə Nizamiqızı







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar