Noyabrın 1-də Beynəlxalq Kukla Teatrı Festivalının açılış mərasimindən sonra paytaxtımızın sənət ocaqlarında festival proqramı üzrə teatr tamaşalarının nümayişi başlandı. Bu tamaşaların sırasında Özbəkistanın Xarəzm Vilayət Kukla Teatrının ifası peşəkar aktyor oyunu ilə yadda qaldı.
Rus Dram Teatrında nümayiş etdirilən tamaşa özbək xalq nağılı olan «Xivə ləzgisi» əsasında səhnələşdirilmişdi. Tamaşanın əsas özəlliyi ondan ibarət idi ki, o özbək xalqının folklor ənənələrini əks etdirirdi. Tez-tez dəyişən nağıl personajlarının ifaları, məsələn, xoruz və qoç döyüşləri, pəhləvanların güləşməsi Şərq folklorundan xəbər verirdi.
Bundan başqa, milli geyimli kuklaların ifasında özbək xalq mahnısı olan «Qaragöz boy-boy» mahnısını həm özbək, həm də türk dilində ifa edilməsi tamaşaçılar tərəfindən alqışlarla qarşılandı. Eyni zamanda tamaşanın olduqca dinamik, tez-tez dəyişən şən musiqilərlə müşayiəti də zalda əsl canlanma yaratmışdı. Bir sözlə, tamaşaçılar özbək xalq nağılı personajlarının ifasında bu xalqın folklor ənənələri, onların milli geyimləri, həyat tərzləri ilə bir qədər də geniş məlumat almaq imkanı qazandılar. Öz növbəsində personajların rəngarəng geyimləri də zəngin özbək milli geyimləri haqqında ətraflı təəssürat yaradırdı.
Tamaşanın sonunda Rus Dram Teatrının direktoru Aleksandr Şarovski və Azərbaycanın TÜRKSOY-dakı nümayəndəsi Elçin Qafarlı Xarəzm Vilayət Kukla Teatrına diplomlar təqdim etdilər.