Qədim tarix və müasir inkişaf
   
   Noyabrın 1-də Bakıda Beynəlxalq Kukla Teatrları Festivalı başlayıb. Ölkəmizdə də özünəməxsus inkişaf tarixi olan kukla teatrı sənəti dünyada hələ qədim zamanlardan geniş yayılıb. Bu yazıda dünya kukla teatrları tarixinə nəzər salmaq istəyirik.
   
   Hələ eramızdan 2 min il əvvəl Misirdə ilk kukla tamaşalarının, xalq oyunlarının göstərildiyinə dair dəlillər mövcuddur. Belə xalq tamaşalarından biri məftillə idarə edilən taxta fiqurlarla nümayiş etdirilən xəmiryoğurma oyunu olub. Gildən, fil sümüyündən düzəldilmiş kuklalar Misirdə qədim qəbirlərdə tapılıb. Heroqliflər də qədim Misir dini dramlarında istifadə edilən «gəzən heykəllər»i təsvir edir. Kukla teatrı ilə bağlı ən qədim məlumatı yunan tarixçisi Ksenofontun eradan əvvəl 422-ci ilə aid yazılarında tapmaq olar.
   Çində kukla teatrının təxminən 2 min il tarixi var. Onun adı «Pi-yinq xi», yəni «Fənər kölgələrinin teatrı» və yaxud bu gün hər kəsə bəlli olan «Çin kölgə teatrı» adlanır. Çində Sonq sülaləsinin dövründə (960-1279) kukla teatrı tamaşalarına cəmiyyətin bütün təbəqələri, o cümlədən ali silk nümayəndələri həvəslə baxırdı. Halbuki bu dövrdə Avropada kukla teatrı aktyorları cəmiyyətdə aşağı sosial təbəqə hesab edilirdilər.
   Dünyada elm-texniki kəşfləri ilə tanınan Yaponiya həm də kukla mədəniyyəti ilə məşhurdur. Artıq uzun illərdir ki, bu ölkə özünün ənənəvi kukla istehsalına malikdir. Yaponiyada kukla teatrlarının çoxlu formaları var. Onlardan biri - Bunraku - sintoizm (Yaponiyada ənənəvi din) məbədlərində keçirilən ayinlərdə inkişaf edərək yüksək səviyyəli kukla teatrı formasına çevrilib. Onun əsasını Yaponiyanın ən böyük dramaturqu hesab edilən Çikamatsu Monzamon qoyub. O, Kabuki teatrı (ənənəvi yapon teatrı) üçün pyes yazmaqdan imtina edərək, öz fikirlərini xüsusi olaraq Bunraku kukla pyesi üzərində cəmləşdirdi. Əvvəlcə bir, 1730-cu ildən isə üç aktyorun idarə etdiyi kukla teatrı tamaşası tədricən geniş yayıldı. Başdan-ayağa qara geyimdə olan aktyorlar qara fona qarşı dayananda görünməz olurdular. Səhnə məşəllərlə işıqlandırılanda isə yalnız taxta kuklalar görünürdü.
   Koreyada kukla teatrı ənənəsinin Çindən gəldiyi güman edilir. Koreyada kukla sözü «gapsi», yəni «gəlin» və ya «gənc qadın» mənasını verir. Tailandda isə kukla teatrlarının populyar forması olan “Hun Krabok” adlı taxta kuklalar teatrı var. Hindistan da böyük kukla teatrı ənənəsinə malikdir. Böyük hind əfsanəsi “Mahabarata”da kuklalara istinadlar yer alıb. Bu ölkənin Rajastani kukla teatrı çox məşhurdur. İndoneziyada da kukla teatrı güclü ənənəyə malikdir.
   
   Orta Şərq
   
   Orta Şərqdə və ümumilikdə müsəlman dünyasında, başqa teatr formaları kimi, kukla teatrlarına da İslam mədəniyyəti təsir edib. Türk kölgə teatrı olan “Qaragöz” teatrının Anadoluya Çin və Hindistandan gəldiyi bildirilir. Başqa bir versiyaya görə, kölgə teatrı Anadoluya XVI əsrdə Misirdən gəlib. Bu fikrin müdafiəçiləri iddia edirlər ki, kölgə teatrı Sultan Səlimin 1517-ci ildə Misiri işğalından sonra Osmanlı sarayına yol tapıb. Deyilənə görə, onun şərəfinə düzənlənən mərasimdə kölgə teatrı tamaşası Sultan Səlimi o qədər təsirləndirir ki, o, kukla teatrı aktyorlarını özü ilə İstanbula gətirir.
   İranda isə kukla teatrları daha erkən meydana gəlib. Lakin başlanğıcda təkcə əlcək və məftilli kuklalar məşhur idi. Kukla teatrının başqa janrı isə Qacar dövründə (XVIII-XIX əsrdə) Türkiyənin regiona təsiri altında meydana gəldi. Ənənəvi fars kuklası “Xeyme Şab-Bəzi”nin ifasında musiqinin müşayiəti ilə söylənən nağıl-tamaşalar əsasən çayxanalarda nümayiş olunurdu.
   
   Qədim Yunanıstan və Roma
   
   Baxmayaraq ki, qədim yunan kuklalarından çox az nümunə qalıb, tarixi ədəbiyyat bu ölkədə kukla teatrının vaxtilə geniş yayıldığını göstərir. Homerin məşhur “İliada” və “Odisseya” əsərləri vaxtilə kukla teatrı tamaşalarında təqdim edilirdi. Avropada kukla teatrının kökləri də Yunanıstandan götürülüb. Qədim qəbirlərdə tapılan yunan və Roma gil kuklalarının eradan əvvəl V əsrə aid olduğu bildirilir. Sonralar İtaliyada kilsələrdə dini-əxlaqi mövzuda marionet (kukla) tamaşaları göstərilirdi. Marionet - İsa peyğəmbərin anası müqəddəs Məryəmin kiçik fiquruna deyilirdi. Sonralar bu oyuncaqlar kukla teatrında geniş istifadə edildi və bəzən Şekspirin pyesləri aktyorlar əvəzinə marionetlərdən istifadə edilərək səhnələşdirilirdi. XVIII və XIX əsrlərdə, marionet teatrı daxil olmaqla, İtaliya kukla teatrı geniş inkişaf etdi. Çubuqlu kuklalar daha çox aşağı təbəqədə, marionet teatrı isə aristokrat dairədə populyar idi. O zaman kukla teatrları, İtaliyanın hər yerində, xüsusilə, Venesiyada populyar idi.
   
   Britaniya, Almaniya, Avstriya və Çexiyada kukla teatrı ənənələri
   
   Punç və Cudi ingilis kukla teatrı İtaliya komediya ənənəsindən götürülüb. XX əsrin əvvəllərində Britaniya Kukla Teatrı və Nümunəvi Teatr Gildiyası kukla teatrlarının yüksəlişinə çalışırdı. Hazırda Böyük Britaniyada çoxlu kukla teatrları fəaliyyət göstərir. Almaniyada və Avstriyada kukla teatrı qədim ənənəyə malikdir. Onlar da XVI əsr İtaliya komediya ənənəsindən götürülüb. XVIII əsrdə operalar xüsusi olaraq marionet kuklalar üçün bəstələnirdi. Kukla teatrları üçün pyeslər yazılırdı. Əsası 1913-cü ildə professor Anton Ayçer tərəfindən qoyulan Salzburq marionet teatrı bu gün də dünyada məşhurdur. Bu teatrda hələ də kuklalardan istifadə edərək opera tamaşaları göstərilir. Çexiyada da kukla teatrları orta əsrlərdən mövcud olub. XX əsrin 40-cı illərində kuklalardan animasiya filmlərində geniş istifadə olunmağa başlandı.
   
   Afrika və Amerikada kukla teatrları
   
   Afrika ölkələrində kukla ənənələri qədim Misirdən götürülüb. Bundan əlavə, Afrikada bəzi etnik qruplar hələ də müxtəlif mərasimlərdə (məsələn, ov) kukla və maskadan istifadə edirlər. Bu gün kukla teatrı təntənəli mərasimlərdə, rəqs, hekayə və maskalı tamaşalar daxil olmaqla, geniş yayılmış folklor formasında davam etdirilir. Meksikada VI əsrə aid qədim kukla nümunələri tapılıb. Ümumilikdə isə Amerikaya kukla ənənələrini avropalılar gətiriblər. Tədricən Amerikada kuklaların müxtəlif xarakter, forma və fərqli üslubları inkişaf etdi. XX əsrin ortalarında ABŞ-da televiziya kukla teatrları yarandı. Sonralar kuklalardan televiziya şoularında və filmlərdə geniş istifadə olunmağa başlandı.
   XX əsr boyu kukla teatrı müxtəlif yollarla inkişaf etdi. Paralel olaraq kinonun, televiziyanın inkişafı ilə dəstəklənən kukla teatrı hazırda geniş auditoriyaya malikdir.
   
   Mehparə







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar