Amaliya Pənahova,
Xalq artisti
- Festival çərçivəsində dünyanın bir çox ölkələrindən teatr mütəxəssisləri, tənqidçiləri, aktyorlar, rejissorlar şəhərimizin qonaqlarıdırlar. Coğrafi baxımdan geniş sahəni əhatə edən festival ən müxtəlif teatr mərkəzlərini təmsil edən kollektivləri bir araya gətirməklə böyük əhəmiyyətə malikdir və keçən il Bakıda təşkil olunan beynəlxalq teatr forumunun davamı olaraq böyük önəm daşıyır. Hər hansı bir konfrans, simpozium və konqres inkişafa təkan verir. Ölkələr bir-birinin mədəniyyəti ilə yaxından tanış olur və öz mədəniyyətini geniş nümayiş etdirə bilir. Bu festival da o baxımdan çox maraqlıdır ki, burada müxtəlif teatr kollektivləri ilə tanış oluruq. Teatr insanları düşünməyə vadar edir, onları tərbiyələndirir. Kukla teatrlarının gənc nəslin tərbiyəsində rolu əvəzsizdir desəm, yanılmaram. Buna görə də teatrın inkişafı cəmiyyətin də inkişafına təkandır.
Ölkəmizə gələn qonaqlarla keçirilən görüşlər zamanı bir daha vurğulandı ki, əsas məqsəd ölkələrarası mədəniyyətləri tanıtmaqdır. Qonaqlar arasında çox maraqlı mütəxəssislər var. Onlar öz ölkələrində müəyyən nüfuza malik insanlardır. Buna görə də Azərbaycanın bu insanlar tərəfindən tanınıb dünyada təbliğ olunması təqdirəlayiqdir. Azərbaycan Kukla Teatrının Beynəlxalq Kukla Teatrları Asossiasiyasına üzv olması sevindirici haldır. İnanıram ki, bu festival Azərbaycan teatrına böyük töhfələr verəcək.