Aydın Talıbzadə,
   teatrşünas
   
   - Bu gün Azərbaycan dünyaya açıq bir ölkədir, müxtəlif məmləkətlərlə bərabərhüquqlu dialoqa hazır bir ölkədir. Bizim festival da məhz bu məramın təsdiqidir.
   Heç də təsadüfi deyil ki, kuklaçılıq sənətini “konseptual heykəltəraşlıq” adlandırırlar. Öz ideya konseptinə görə heykəltəraşlıq da ruhlara ithaf sənətidir. Heykəl bütün hallarda hərəkətsiz nəhəng kukladır. Kuklaçılıq sənəti xalq sənətinə yaxındır. İqtisadi baxımdan kukla teatrı cəmiyyətin periferiyasındadır, texniki baxımdan isə bu kollaj sənətidir: kağız, parça, kötük, taxta qırıqlarından, papye-maşedən quru, cansız bədənlər hazırlanır. O, bədənlərə kuklaçı əli dəyməyincə onlar dirilmirlər, onlar yaşamırlar, yəni potensial ölü kimi, heykəl kimi qalırlar. Məhz bu paraleldə heykəl ilə kukla bir-birinə maksimal şəkildə yaxınlaşır. Fərq yalnız ondan ibarətdir ki, heykəl əbədi statikdir, kuklanı isə insan istədiyi vaxt oynada bilər.