Qarabağda gözəl bir çiçək bitir, boy çiçəyi. İlyas Əfəndiyevin dramaturgiyamıza gətirdiyi bu çiçək 47 ildir ki, səhnəmizdə saf məhəbbətin rəmzi kimi ətir saçır.
Noyabrın 2-də Akademik Milli Dram Teatrının səhnəsində Xalq yazıçısı İlyas Əfəndiyevin “Sən həmişə mənimləsən və yaxud boy çiçəyi” pyesi əsasında hazırlanmış iki hissəli tamaşanın premyerası oldu. Xatırladaq ki, İlyas Əfəndiyevin psixoloji-lirik janrda qələmə aldığı bu pyes ilk dəfə 1964-cü ildə elə bu səhnədə görkəmli rejissor Tofiq Kazımovun quruluşunda “Sən həmişə mənimləsən” adı ilə səhnəyə qoyulub və böyük uğur qazanıb. 47 ildən sonra əsər Xalq artisti Azər Paşa Nemətovun quruluşunda tamaşaçılara təqdim olundu.
Tamaşadan əvvəl Xalq yazıçısı Elçin jurnalistlərin suallarını cavablandırdı. O, bildirdi ki, uzun illərdən sonra görkəmli rejissor Azər Paşa Nemətov bu əsərə müraciət edərək onu yenidən səhnələşdirib. Rejissor bu dəfə tamaşanı ikinci adı - “Boy çiçəyi” adı ilə adlandırıb. Boy çiçəyi Qarabağda bitən xarıbülbül tipli ətirli bir güldür.
- “Sən həmişə mənimləsən” pyesi Akademik Milli Dram Teatrında səhnəyə qoyularkən o dövrdə həm teatr, həm də dramaturgiyada böyük bir hadisəyə çevrildi. Azərbaycan dramaturgiyasında bu tamaşa ilə psixoloji-lirik janrın əsası qoyuldu və eyni zamanda Azərbaycan teatrına yeni istedadlı aktyorlar, aktrisalar gəldi. İlk növbədə, Xalq artisti Amaliya Pənahovanın adını çəkmək istəyirəm. O tamaşanın premyerası yadımdadır, o zaman Amaliya xanım 18 yaşlı bir qız idi. İnstitutun birinci kursunda oxuyurdu. Onu teatra Tofiq Kazımov dəvət etmişdi. İlk rolu da “Sən həmişə mənimləsən” tamaşasında Nargilə rolu oldu. Həmin tamaşanın səhəri Amaliya xanım çox məşhur bir aktrisaya çevrildi. O zaman Amaliya Pənahovanın tərəf-müqabili görkəmli aktyorumuz Əli Zeynalov idi.
Bu gün isə yeni quruluşda hazırlanmış bu tamaşa mənim üçün də gözlənilməz oldu. Mən tamaşanın nə məşqlərində, nə də ictimai baxışında iştirak etməmişəm. Amma sevindirici haldır ki, görkəmli aktyorumuz Fuad Poladov uzun fasilədən sonra yenidən bu səhnədə çıxış edir. Onun tərəf-müqabili isə gənc aktrisa Məsmə Aslanqızıdır. Mənim üçün də maraqlıdır, onlar Həsənzadə və Nargilə obrazlarını necə oynayacaqlar?”
Nargilə və Həsənzadə 47 ildən sonra
...Çox vaxt keçib, lap çox... zaman da dəyişib, meyarlar da, münasibətlər də... Fərqi yoxdur, dünən, ya bu gün dəyişməyən bu böyük dünyada sevgidən məhrum olan kimsəsiz və köməksiz bir qızcığazın axtardığı, sığına biləcəyi, güvənə biləcəyi, etibar edə biləcəyi sevgidir. Zülmət içində işığı - Həsənzadəni tapır. Həyata yenicə atılmış bir qızla həyatın xoşbəxtliyini, uğurunu, uğursuzluğunu yaşamış yaşlı bir insanın qarşılaşması taleyin ironiyasıdırmı? Sevgisi yolunda fədakarlığa hazır olan Nargilə və qızın həyatını xilas etməyə hazır olan və bu yolda fədakarlıq edən Həsənzadə və Azər Paşa Nemətovun fərqli rejissor yozumunda vaxtı tamaşaçılara unutdura bildi. Baxmayaraq ki, bu tamaşanın mövzusu hər kəsə bəlli idi, ən uğurlu tamaşalarda olduğu kimi “Boy çiçəyi” dinamikliyi, çevikliyi, gözlənilməz döngələri ilə tamaşaçını sonacan intizarda saxladı.
Yeni Nargilə sələflərindən nə ilə fərqləndi? Cavab birmənalıdır: təbiiliyi və həyatiliyi ilə. Tamaşaçı Nargiləni bu dəfə olduqca təbii, sadə oyun tərzi ilə sevdi. Məsmə Aslanqızı Nargilə obrazı ilə parlaq bir rola imza atdı.
Yeni Həsənzadə isə daxili iztirablarını tamaşaçıya yükləmədi. Sakitcə əlini uzadıb uçurumun kənarında dayanan qızı böyük sevgisi ilə xilas etdi. Əli Zeynalov, Rasim Balayev kimi Fuad Poladov da fərqli bir Həsənzadə ilə yadda qaldı.
Azər Paşa Nemətov, Xalq artisti:
- İlyas Əfəndiyevə sağlığında canlı klassik deyirdilər. Bu əsər də onun şah əsərlərindən biridir. İlk dəfə bu əsəri tamaşaya qoyan qüdrətli sənətkar Tofiq Kazımov olub. Sonralar Gülcahan Güləhmədova-Martınova bu əsərin televiziya tamaşasını hazırlayıb. Bu tamaşanı mənə həvalə edəndə sözlə yox, əməllə sübut etmək istədim ki, İlyas Əfəndiyev həqiqətən də klassikdir.
Bu əsər XX əsrin ortalarında tamaşaya qoyulub və bu gün də tamaşaya qoyulanda mahiyyəti dəyişmir, bu əsəri əlli ildən sonra da tamaşaya qoysalar, yenə müasir olacaq. Bu mövzu dünən olduğu kimi bu gün də insanlar, xüsusi ilə gənclər üçün maraqlı bir mövzudur. Ona görə də əsəri müasirləşdirmək qərarına gəldim.
Tamaşanın əvvəlində Nargilə müasir qızlardan biridir. Atasız böyüyən, ana nəvazişi görməyən bu qız çətinliklərə baxmayaraq mənəviyyatını qoruyub saxlayıb. Tamaşanın sonunda Nargilə artıq başqa, yetkin bir insana çevrilir.
Vaxtı ilə Həsənzadə rolunu böyük sənətkarımız Əli Zeynalov oynayıb. Mən o tamaşanı səhnədə görməsəm də, fraqmentlərinə baxmışam. Bizim görkəmli sənətkarımız Amaliya xanım o tamaşada çox böyük uğur qazanmışdır. O tamaşanın əks-sədası indiyə kimi yaşayır. Bu rolu televiziya tamaşasında Rasim Balayev də çox gözəl oynayıb, Nargiləni də Məlahət Abbasova özünəməxsus oynayıb.
Ancaq bugünkü günün gözü ilə baxanda Həsənzadə çox çevik, müasir, eyni zamanda çox böyük insan kimi göstərilməli idi. Belə bir ifadə var: səndən uzaqlaşıram ki, sənə yaxınlaşım. Həsənzadə Nargilədən uzaqlaşır, amma ona gözəl bir həyat bağışlaya bilir.
Biz Fuad Poladovun vasitəsi ilə tamaşaçılara yeni bir Həsənzadə təqdim etdik və o da sağ olsun ki, bu rolu yüksək sənətkarlıqla oynadı.
Məsmə Aslanqızı, Əməkdar artist:
- 16 il ərzində teatrda çox rollar oyanmışam. Arzum idi ki, “Sən həmişə mənimləsən” tamaşası nə vaxtsa Akademik Milli Dram Teatrında səhnələşdiriləndə Nargilə rolunu oynayım. Çünki neçə illər bundan əvvəl Heydər Əliyev Sarayında İlyas Əfəndiyevin xatirə gecəsi keçirilirdi, o gecədə “Sən həmişə mənimləsən” tamaşasından bir parça oynadıq. O parçada Nargilə rolunu mən, Həsənzadə rolunu rəhmətlik Əlabbas Qədirov oynamışdı. O qədər uğurlu alınmışdı ki, tamaşaçılar dayanmadan bizi xeyli alqışladılar. Ondan sonra daha çox aşiq oldum bu rola.
Qismət elə gətirdi ki, bu əsər teatrımızda tamaşaya qoyuldu, Azər müəllim Nargilə rolunu mənə həvalə elədi. Fuad Poladovla ikinci dəfə idi ki, bir səhnədə oynayırdıq. Artıq bir dəfə səhnədə tərəf-müqabil olsaq da, yenə mən Fuad müəllimdən çəkinirdim. Fuad müəllimlə bir tamaşada oynayandan sonra başqa bir aktyorla tərəf-müqabili olmaq çox çətindir. O, həm gözəl aktyor, həm də gözəl insandır. Əgər rolumun yaxşı alınmasının 60 faizi məndən asılıdırsa, 40 faizi ondan asılıdır. Çünki bu rolu oynayarkən səhnədə implusu tərəf-müqabilimdən alıram. Vida səhnəsində o mənə baxanda gözləri dolur, o gözlərdə yaş görürəm, həmin anda təbii ki, mən də dayana bilməyib ağlayıram. Böyük fəxrdir ki, mən Fuad Poladov kimi bir aktyorla bir səhnəni bölüşürəm.
Ola bilsin ki, yaşlı nəsil bu Nargiləni, bu Həsənzadəni qəbul eləməsin. Çünki bugünkü Nargilə səhnəyə oğlansayağı - başında papaq, ağzında saqqız çıxır, amma buna haqq qazandırmaq olar. Nargilə atadan-anadan yetim qalmış bir uşaqdır. Ata ölüb, ananın başı məişət işlərinə qarışıb. Bu qızın həyatı Allahın ümidinə qalıb. Əgər bu keçid dövründə, ağır məqamda yaxşı bir insana rast gəlsən xilas olacaqsan. Nargilənin qarşısına Həsənzadə çıxır, Nargilə dəyişib tamam başqa bir Nargiləyə çevrilir. Həsənzadə Nargiləni xilas edir, ancaq öz səadətini həmişəlik itirir. Bəlli deyil, yeni bir sevgisi olacaqmı?
Bu rolu çox sevdim, ən gözəl təbrik sözlərini də mənə, təbii ki, tamaşaçılarım dedilər.
Fuad Poladov, Xalq artisti:
- Bu rolla bağlı ürəyimdə olan bütün sözləri artıq səhnədən tamaşaçılara dedim. Mənə yaxın olmayan rolları demək olar ki, oynamıram. Yaxın olmaqdan başqa ürəyində tamaşaçıya deyiləsi gərək bir sözün olsun. Bir insan, bir vətəndaş kimi. Obrazın demək istədiyi sözü deməyə çalışdım.
Bütün tərəf-müqabillərimdən razıyam, o cümlədən Məsmə xanımdan. Məsmə xanım çox istedadlı bir aktrisadır, bu rolun da öhdəsindən uğurla gəldi.
Qeyd edək ki, tamaşada xalq artistləri Şükufə Yusupova, əməkdar artistlər Əjdər Həmidov, Hicran Nəsirova, aktyorlar Elnar Qarayev, Fəridə Əliyeva da yaddaqalan rollar yaradıblar.
Uğurlu tamaşa, alqışlar və çiçəklər...
“Boy çiçəyi”nə tamaşa edəndən sonra əminəm ki, çoxları özünə bu sualı da verdi: bu gün cəmiyyətimizdə Nargilələr çoxdur, bəs Həsənzadələr necə? Həsənzadə rolunun ifaçısı Fuad Poladovun bu suala verdiyi cavab sualımızın ən yaxşı cavabdır: “Bu gün Həsənzadə kimi insanlar demək olar ki, cəmiyyətdə həddindən artıq azdır. Ancaq belə insanlar cəmiyyətə bu gün çox lazımdır”.
Bütün bunlar tamaşa barədə təəssüratlar idi. Əsl sevgi və yaxşı adam haqqında tamaşa görmək istəyənləri “Boy çiçəyi”nə baxmağa dəvət edirik.
Təranə Vahid