Bakı Beynəlxalq Kukla Teatrları Festivalının davam etdiyi bu günlərdə Mədəniyyət və Turizm Nazirliyinin İncəsənət şöbəsi də gərgin iş rejimində çalışır. Şöbənin teatr sektorunun müdiri Naidə İsmayılzadə ilə Gənc Tamaşaçılar Teatrında gürcü kukla teatrının çıxışı zamanı görüşüb festival haqqında təəssüratlarını öyrəndik.
   - Məlum olduğu kimi, respublikamızda teatrla bağlı bir çox böyük layihələrə start verilmişdir. Bunlardan biri teatrların inkişafı ilə bağlı 2009-2019-cu illəri əhatə edən geniş Dövlət Proqramıdır. Bu proqram çərçivəsində beynəlxalq tədbirlər həyata keçirməyə başlamışıq. Keçən il Bakıda ilk dəfə beynəlxalq teatr konfransı keçirildi. Daha sonra çox mötəbər olan Çexov festivalının “İpək yolu“ adlı mərhələsi paytaxtımızda gerçəkləşdi. Bu ilin proqramına uyğun olaraq təşkil edilən Bakı Beynəlxalq Kukla Teatrları Festivalı uğurla davam edir. Qürur hissi keçiririk ki, bir çox beynəlxalq layihələrə imza atmışıq. Bu hələ başlanğıcdır və tədbirlərimiz növbəti illərdə də davam edəcək.
   Hazırkı festival haqqında onu deyə bilərəm ki, doğma Bakımıza ən məşhur, ən tanınan kollektivlərin təşrif buyurması çox fərəhləndirici haldır. 16 ölkədən 20-dən çox teatr kollektivini və mötəbər teatr qurumlarının rəhbərlərini bir araya gətirə bilmişik. Festival çərçivəsində keçirilən elmi simpoziumda dünyanın müxtəlif ölkələrini təmsil edən teatr mütəxəssisləri müzakirələr, fikir mübadiləsi apardılar, yeni təkliflər, ideyalar ortaya çıxdı. Festival çərçivəsində hər gün Azərbaycan Dövlət Kukla Teatrında ustad dərsləri keçirilir. Festivala qatılan kollektivlərin baş rejissorları həvəslə bu işdə iştirak edirlər. Düşünürəm ki, Türkiyə, İspaniya, Böyük Britaniya teatrlarının təcrübəsindən faydalanmaq, yenilikləri öz teatrlarımızda tətbiq etmək bu festivalın mühüm nəticələrindən biri olacaq.
   Ən əsası isə ondan ibarətdir ki, mədəni əlaqələrimiz inkişaf edir, ölkələr bir-birini yaxından tanımağa çalışırlar. Eyni zamanda məqsədimiz Azərbaycan teatrını dünya miqyasında təbliğ edib tanıtmaqdır .
   Azərbaycan Dövlət Kukla Teatrı bu il 80 illiyini qeyd edir. Bu gün teatra gələnlərin sayının çoxluğu məni sevindirir. Uzun illər üzərində işlədiyimiz layihələrin müsbət nəticəsinin belə ürəkaçıcı olduğunu görmək bizi ikiqat sevindirir.
   Teatr həqiqətən bir bayramdır, teatr səhnəsi isə çox sehrli bir məkandır. Arzu edirəm ki, təkcə festivallarda deyil, tamaşaçılar hər zaman tamaşalara gəlib teatrın mənəvi tərbiyəsindən bəhrələnə bilsinlər.
   
   Lalə Azəri







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar