Bakı Beynəlxalq Kukla Teatrları Festivalında dünyanın müxtəlif ölkələrindən 20-dən çox teatr təmsil olunur. Təqdim olunan tamaşalar həm mövzu, həm də səhnə quruluşuna görə rəngarəngliyi ilə seçilir.
   
   
   Azərbaycan Dövlət Kukla Teatrı
   “Ağ və Qara” (K.Şahmərdan)

   
   Biz hamımız bu dünyaya kor və tənha gəlirik. Əlbəttə ki, bu sözlər fəlsəfi məna daşıyır. O, öz təsəvvüründə küləklə üzləşir, hacıleyləyin timsalında anasıyla öz əzab-əziyyətini bölüşür. Bədxah adamlar onu nəhəng və gözəl balıq üzən dənizin dibinə atırlar. Lakin o, balığın köməyi ilə günəşə ucalır, sevgini başa düşür, hiss edir və nura qərq olur... O, bu dünyanı sevir... Günəşə qovuşur...
   
    “Bəbək” Televiziya Teatrı
   (Azərbaycan)
   “İz” (İ.Rəhimli)

   
   İnsanlar özləri də bilmədən yaşadıqları müddətdə iz qoyurlar. İzlər müxtəlif olur, kimisi düşüncəsi ilə, kimisi düşüncəsizliyi ilə, kimisi sadəliyi, kimisi zənginliyi ilə, insanların çoxları isə özlərinə məxsus olan əşyalarla iz qoyurlar.
   Çox vaxt geyindiyimiz geyimlər bizim xasiyyətimizdən xəbər verir. Xarakterimizi müəyyən etmək üçün əşyalarımıza və geyimlərimizə nəzər salmaq kifayət edər.
   Bu tamaşada həyatı və insanları əks etdirən əşyaları görəcəksiniz.
   
   Başqırdıstan (Rusiya)
   “Qursaq” Dövlət Kukla Teatrı
   “Balaca ulduz” (N.Şmitko)
   
   İnsanların çoxu gecə səmasına, uzaqda parlayan göy cisimlərinə baxıb həzz almağı sevirlər. Amma heç kəsin ağlına belə gəlmir ki, elə ulduzlar da bizə baxır.
   Bir balaca ulduz daim Yer kürəsinə baxırdı. O, darıxıb, bizə tərəf gəlməyi qərara alır. Balaca ulduz xeyir gətirmək, faydalı olmaq məqsədi ilə meşədə gəzirdi. Amma bəlli oldu ki, meşədə yaşayan heç bir heyvana onun xeyirxahlığı və köməyi lazım deyil. Göy səmasını tərk etdiyinə görə təəssüf edən bizim qızımız ona ehtiyacı olan qəhrəman ilə yaxın gələcəkdə görüşəcək.
   
   Xarəzm Vilayət Kukla Teatrı
   (Özbəkistan)
   “Xivə ləzgisi” özbək xalq nağılı

   
   Tamaşa unudulmaq təhlükəsinə məruz qalan milli rəqslərə və xüsusi ilə bütün dünyada tanınan “Ləzgi” Xarəzm rəqsinə həsr olunub. Tamaşa hamını ucadan səsləyən məsxərəbazların çıxışı ilə başlanır. Bundan sonra onlar “Ləçək Tuyi” qədim ənənəsi barədə söhbət açır və qadınlar üçün “ləçək”, kişilər üçün isə “çugirma” baş geyimlərindən danışırlar.
   Milli musiqi sədaları altında “Kuraş” milli güləş növü nümayiş olunur. Daha sonra kuklalarla birlikdə “Ləzgi”, “Qarmon Ləzgi”, “Dutor Ləzgi” və “Surnai Ləzgi” adlı müxtəlif havalar ifa edilir. Tamaşanın sonunda isə “Ləzgi” sədaları altında bütün tamaşaçı salonu aktyorların rəqsinə qoşulur.
   
   Çuvaş Dövlət Kukla Teatrı
   (Rusiya)
   “Tanrıya 14 məktub” (E.Şmitt)

   
   Tamaşanın baş qəhrəmanı - Oskar adlı 10 yaşlı oğlan ağır əməliyyatdan sonra xəstəxanada yatır. Onun xəstəliyi əlacsızdır. Ömrünün sonuna çox qalmayıb. Xəstəxanada o, tibb bacısı ilə dost olur. Tibb bacısının (Oskar onu Çəhrayı Ana adlandırır) məsləhəti ilə oğlan Tanrıya məktublar yazmağa başlayır. Cəmi 13 məktub yazır. Məktublarında o, xəstəxanadakı həyatından bəzən gülməli və məzəli, bəzən isə ciddi tərzdə söz açır. Axırıncı 14-cü məktubu isə artıq onun əvəzinə Çəhrayı Ana yazır.
   Qız Oskara dekabrın axırıncı 12 sehrli günləri haqqında bir əfsanə danışır və ona belə bir oyun təklif edir: 12 gün ərzində bütöv insan ömrünü yaşamaq. 120 ilə bərabər 12 gün - bu oyun əlacsız xəstəliyə düçar olmuş oğlana 120 illik ömür “bağışladı” və həyatda baş verən ən böyük ədalətsizliyə - ölüm üzərində qələbə çalmağa kömək etdi.
   Oskarın vəfatı əslində, həyatın qələbəsidir: həyatın hər bir ifadəsinin (məhəbbət, əzab, ölüm) öz dəyəri var. Tamaşanın baş qəhrəmanı seyrçilərə deyir ki, həyatın hər bir anını dəyərləndirmək lazımdır.
   
   Rauf Avşarın Kukla Teatrı (Estoniya)
   “Məşədi İbad” (Ü.Hacıbəyli)
   
   Dahi Azərbaycan bəstəkarı Üzeyir Hacıbəylinin ölməz əsərlərindən olan “O olmasın, bu olsun” musiqili komediyası indiyədək bir çox teatrlarda səhnəyə qoyulub, ekranlaşdırılıb. Ötən il əsər Azərbaycan Dövlət Kukla Teatrında da maraqlı quruluşda (aktyor və kukla oyununun sintezi) tamaşaya qoyuldu. Estoniyada yaşayan həmyerlimiz Rauf Avşarın kukla teatrı məşhur komediyanı özünəməxsus quruluşda təqdim edir.   

   Həştərxan Dövlət Kukla Teatrı
   (Rusiya)
   “Şıltaq Şahbanu” (L.Dvorski)
   
   Hər bir qız, Yarmilka da daxil olmaqla, həyatda özlərini şahbanu kimi hiss edirlər. Və hər bir şahbanu, Yarmilka da daxil olmaqla əsl şahzadəni səbirsizliklə gözləyir.
   Bu tamaşada aktyorlar Yarmilkaya və başqa şahbanulara İrji adlı cəsarətli şahzadə barədə danışacaqlar. Və əlbəttə axırda hər şey toy ilə bitəcək.
   
   “Arab Rey” İncəsənət və
    Media Mərkəzi (İordaniya)
   “Planetin rəngləri” (K.Əl-Tarifi)
   
   “Planetin rəngləri” tamaşası da estetik və perspektiv nəzər nöqtəsindən ictimai gender probleminə bir baxışdır. Tamaşanın qəhrəmanları olan Mavi və Çəhrayı arasında olan konflikt vasitəsi ilə həmin baxışı uşaqların dünyasına uyğunlaşdırmaq məqsədi güdülür.
   Pyesin müəllifi Xalid Əl-Tarifi, tamaşanın rejissoru Salah Əl-Horanidir. Rolları İordaniyanın məşhur aktyorları Zuhair Əl-Nobani, Nadira Amran, Davud Jalajil, Nəriman Əbdülkərim və Rəşid Malhas ifa edirlər. Tamaşanın premyerası 2010-cu il Əmman Teatr Günlərində İordaniya Mədəniyyət Nazirliyin təşkilatçılığı ilə uşaq incəsənəti, insan hüquqları və qadın məsələləri üzrə mütəxəssislərin, xarici səfirlərin və ən əsası uşaqların iştirakı ilə keçirilmişdir.
   
   “Playground” Kukla Teatrı (İspaniya)
   “Hərdəmxəyal” (X.Bodeş)
   Vizual tamaşa
   
   “Hərdəmxəyal” tamaşası uşaq gözü ilə böyüklər dünyasının təsviridir. Əsərin başlıca qəhrəmanları - uşaq dünyasını canlandıran oyuncaqlardır.
   Oyuncaq uydurulmuş bir əhvalatı, bəlkə də əfsanəni təqdim edir. Bir gənc qadın öz istəklisi tərəfindən tərk edilir. O öz sevgisini itirir. Biz onun bütün iztirablarını, alt-üst olmuş xəyallarını, kədərini və nəhayət, yeni qadının yeni bir sevgi kəşfini müşahidə edirik.
   “Hərdəmxəyal” - qısa hekayələrdən ibarət tamaşadır. Bu hekayələr əşya və audiovizual proyeksiyalar vasitəsilə təqdim olunur. Tamaşada əşyalar teatrından, Çin kölgə teatrından, rəqs, rəqəmsal təsvirlər və musiqidən istifadə edilmişdir.
   
   Şimali Qazaxıstan vilayətinin Kukla Teatrı
   “Çil-çil toyuğun tapmacası”
   (M.Bartenyov)
   
   Bu tamaşada hamımıza yaxşı tanış olan nağılın məğzi elə fəlsəfi zirvələrə qaldırılıb ki, hətta yaşlı tamaşaçılar belə baş sındıra bilər. Bir özünüz də fikirləşin: axı, baba ilə nənə nə üstə göz yaşlarını axıdırlar? Məgər yumurtanı sındırmaq istəmirlər? İstəyirlər. Bu necə baba-nənədir ki, qızıl yumurta əvəzinə sadə yumurta istəyirlər.
   Süjetin gözlənilməz finalı, əlvan geyimlər və cəlbedici musiqi bu nağılı bütün ailə üçün maraqlı ola bilən pyesə çevirib. Tamaşa zamanı həmin nağıla gülə bilərsiniz, tamaşadan sonra isə çil-çil toyuğun tapmacasına cavab verməyə çalışacaqsınız.
   
   “Lele” Kukla Teatrı (Litva)
   “Musiqili mücrü” (N.İndriunayte)
   
   Oğlan: Ana, xahiş edirəm, gəl söhbət edək.
   Ana: İndi? Xeyr, mən məşğulam. Atandan xahiş et.
   Oğlan: Ata, gəl danışaq.
   Ata: Yox-yox! Doğrudan, halım yoxdur.
   Həqiqətən valideynlər çox məşğul olurlar: Ana tikiş maşını, Ata isə yazı makinası arxasında çalışır. Balaca oğlan velosiped sürür, o, mehribanlıq və diqqət üçün çox darıxıb. Evdə qəmgin və bədbin şərait davam edir. Axı, nə baş verib? Niyə valideynlər bir-birini başa düşmürlər? Bəlkə bu ona görədir ki, musiqili mücrü xarab olub, işləmir?
   Bir-birinə biganə olan valideynlərinə kömək etmək üçün oğlan musiqili mücrünün labirintləri ilə velosipedini sürür. Oğlanın köməyi ilə hər şey qaydaya düşür və köhnə nəğmə yenidən səslənir. Ailədə mehribanlıq bərqərar olur.
   
   “Vel ya Vel” Kukla Teatrı (Misir)
   “Qoha və Fattora oyunu”
   
   Tamaşanın qəhrəmanı qubernatorun Zazoa adında tənbəl oğludur. Atası ölkənin bütün müdrik insanlarını və alimlərini toplayıb oğlunu tənbəllik xəstəliyindən xilas etməyə çağırır, lakin xeyri olmur. Qohanın bu dərdə əlacı var: o, Zazoanı öz evində Qamilə ilə tanış edir. Qamilə öz səhər yeməyindən kukla düzəldib, adını da Fattora, yəni “səhər yeməyi” qoyur. Birinci gün Zazoa öz səhər yeməyini bölüşdürməyə razı olmur, lakin ikinci gün hadisələr dəyişir. O, Qamiləyə Fattoranı hazırlamağa kömək edir. Üçüncü gün isə artıq bütün ailə üçün səhər yeməyini hazırlayır. O, hətta idman oyunlarında iştirak edir, özü də ki, çox fəal. Beləliklə, bircə səhər yeməyi ilə hər şey dəyişir.
   
   “Əkiyat” Tatar Dövlət Kukla Teatrı (Rusiya)
   “Vəhşi qazlar” (L.Kojevnikov)
   
   Ər və arvad yarmarkaya gedirlər. Uşaqları Maşa və Vanyanı evdə tək qoyurlar. Maşa balaca qardaşına qarşı diqqətsizdir. Qardaşını vəhşi qazlar oğurlayıb, qanadları üstündə Küpəgirən qarının yanına aparırlar. Maşa qardaşını geri qaytarmaq üçün Küpəgirən qarının yaşadığı keçilməz meşəyə gedir. Yolda Çaya, Alma ağacına və Sobaya rast gəlir. Onlar qızdan kömək istəyirlər, lakin Maşa onların xahişlərinə məhəl qoymur. Nəhayət, Vanyanı Küpəgirən qarının əlindən qurtara bilir. Vəhşi qazlar onların dalınca düşürlər və Maşa Çay, Alma ağacı və Sobanın qarşısında səhvini boynuna alır. Onlar isə əvəzində uşaqlara gizlənməyə kömək etdilər. Maşa başa düşür ki, bütün insanlara kömək etmək lazımdır.
   
   “Pəmbə Qurbağa” Teatrı
   (Türkiyə)
   “Sehrli ağac”
   
   Qaragöz və Həcivət ağac üstündə mübahisə edirlər. Evin qarşısında bitən ağac Qaragözü narahat edir. O güman edir ki, bu ağacı Həcivət əkib və onunla mübahisə etməyə başlayır. Mübahisə zamanı ağacın budağı sınır və ağac çox əsəbiləşərək Qaragözü eşşəyə döndərir. O, həmçinin hadisələrin belə dönüşündən həzz alan Həcivəti də keçiyə döndərir.
   İki dost əvvəlki hala qayıtmaq istəyir və nəhayət ağac hesab edir ki, onlar lazımi dərslərini alıblar və tilsimi geri götürür. Qaragöz və Həcivət özlərini olduqca xoşbəxt hiss edirlər. Onlar ağaca verdiyi zərərə və sınmış budağa görə üzr istəyir və daha bir ağac əkmək qərarına gəlirlər.
   
   Poltava Akademik Vilayət
   Kukla Teatrı (Ukrayna)
   “Pələng balası Petrik”
   
   Polyak yazıçıları Anna Yanuşevskaya və Yana Vilkovskinin nağılı əsasında hazırlanmış tamaşanın süjetini Cəsarətli Pələnglərə sitayiş edən Afrika tayfasının həyatı təşkil edir. Tamaşa mərasim maskalarının, kuklaların, rəqslərin, plastikanın və Afrika etnoqrafik musiqisinin sintezindən ibarətdir. Tamaşa Poltava Kukla Teatrın rəssamı Nikolay Dankonun, Belarus rejissoru Dmitri Nuyanzinin və baletmeyster Yelena Matyuninanın birgə layihəsidir.
   
   Karin Şafferin Fiqurlar Teatrı (Avstriya)
   “Biri var idi, ikisi yox idi”
   
   Pianoçudur, gözləri zəif görür və öz çalğı alətini güclə tapır; üzgüçüdür, o, dənizi itirib, amma hələ də okeanın dibindən bir qədər balıq və qəribə şeylər çıxarır; skeytbord sürən qız rəssamdır və bu məşğuliyyət əsasdır onun üçün... və başqa çoxlu qəribəliklər... amma burada istedadlı fərdiyyətlər öz həyatlarının ən yaxşı işlərini görürlər. Onlar anlasalar ki, həyatdan məhrumdurlar, nə baş verər?..
   
   Qax Dövlət Kukla Teatrı
   (Azərbaycan)
   “Turp”
   
   Məşhur rus xalq nağılı əsasında hazırlanan tamaşada altı personaj iştirak edir. Bu personajların altısının da görkəmi eyni olur. Əvvəlcə səhnədə biri görünür. O, gəzişir, birdən yerdən dəmir pul tapır. O, pulu tanımır, nə olduğunu bilmir. Yoldaşlarını çağırır. Onlar da bunun nə olduğunu bilmirlər. Məsləhət edirlər və onu yerə basdırmalı olurlar. Üstünə su da səpirlər. Gözləyirlər ki, bitsin. Bir vaxt gəlib görürlər ki, bitib. Onu çıxarmaq istəyirlər, çıxarda bilmirlər.
   Birdən “Turp” nağılı yada düşür...







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar