Levan Xetaquri: “Festivallar xalqlar və ölkələr arasında mədəni dialoqun yaranmasına töhfə verir”
   
   Bakıda keçirilən Beynəlxalq Kukla Teatrları Festivalının qonaqlarından biri də Gürcüstanın İliya Universitetinin rektoru Levan Xetaquridir. Ötən il Bakıda Beynəlxalq Teatr Konfransının da iştirakçısı olmuş Gürcüstan təmsilçisinin festival və ölkəmiz haqqında təəssüratları çox zəngindir:
   
   - Mən bu festivalı ötən il Bakıda keçirilən Beynəlxalq Teatr Konfransının davamı kimi qiymətləndirirəm. Fikrimcə, bu festival kukla teatrlarının peşəkar səviyyəsinin artırılmasında, teatrlar arasında əlaqələrin inkişafında mühüm rol oynayacaq. Kukla teatrları bütün dünyada teatr sənətinin mühüm sahələrindən biridir. İnkişaf etmiş ölkələrdə bu sahəyə böyük diqqət yetirilir. Bu festivalda bir çox ölkələrin nümayəndələri iştirak edir. Bu isə tədbirin əhəmiyyətini daha da artırır.
   Belə festivallar peşəkar təcrübə mübadiləsinə geniş imkan yaratmaqla yanaşı, teatrlar arasında əməkdaşlığa, daha geniş kontekstdə götürdükdə isə xalqlar və ölkələr arasında mədəni dialoqun yaranmasına töhfə verir. Burada bir çox ölkələrdən teatr tənqidçiləri, rejissorlar, teatr kollektivləri, bir neçə beynəlxalq teatr qurumlarının təmsilçiləri iştirak edirlər. Bu baxımdan festival peşəkar müzakirələr, diskussiyalar, fikir mübadiləsi üçün mühüm fürsətdir.
   Bu sahədə çalışan hər bir mütəxəssisin öz fikirləri var. Sonda bütün bu fikir müxtəlifliyi, təkliflər, rəylər mövcud nöqsanların aradan qaldırılmasına və inkişafa xidmət edir. Digər tərəfdən, buradakı teatr kollektivləri digər ölkələrdə keçirilən festivallara da qatılır. Həmin ölkələrdə fikir mübadilələri aparılır, kimsə Azərbaycan teatrını, buradakı tədbiri misal çəkir. Bunun özü də bir təbliğatdır. Deməli, festival həm də teatr sahəsində peşəkarların yetişməsində mühüm rol oynayır.
   - Kukla teatrının teatr sənətinin digər növləri arasında yerini və rolunu necə qiymətləndirmək olar?
   - Kukla teatrlarını teatr sənətində çox mühüm bir seqment hesab edirəm. Çünki bu teatrın tarixi dram teatrından çox-çox qədimdir. Eyni zamanda burada tamaşaya qoyulan əsərlərin təsir gücü də böyükdür. Bunun da başlıca səbəbi odur ki, kukla teatrı tamaşalarına cəmiyyətin bütün təbəqələri baxır. Xüsusilə Avropa ölkələrində kukla teatrı yalnız uşaq teatrı olmaqla məhdudlaşmır. Mənim fikrimcə, müasir kukla teatrı tamaşaları daha çox böyüklərə ünvanlanıb.
   - Gürcüstanda teatrın bu növünə maraq necədir?
   - Gürcüstanda 11 dövlət və bir neçə özəl kukla teatrları fəaliyyət göstərir. Bu da bizim ölkəmizdə bu sahəyə tamaşaçı marağının göstəricisidir. Düşünürəm ki, insanların öz düşündüklərini, başlarına gələn hadisələri kuklaların dilindən eşitmələri çox maraqlıdır.
   - Sizdə belə bir festival keçirilibmi?
   - Bizdə teatr festivalı ötən əsrin 90-cı illərində keçirilib. İndi də vaxtaşırı bu sahəyə aid böyük tədbirlərimiz olur. Onların arasında təbii ki, kukla teatrına aid olanlar da var.
   - Ölkəmizlə bağlı təəssüratlarınız necədir?
   - İndiyədək bir neçə dəfə müxtəlif tədbirlərdə iştirak etmək məqsədilə Azərbaycana gəlmişəm. Bu festivala dəvət alanda da çox sevindim. Ölkəniz və xüsusilə Bakı şəhəri ildən-ilə daha da gözəlləşir. Bunu mən hər gəlişimdə daha yaxşı müşahidə edə bilirəm. Düşünürəm ki, Bakı yaxın bir neçə il ərzində Avropanın ən gözəl şəhərləri ilə yarışa biləcək. Azərbaycanın bir neçə rayonunda olmuşam. Şəki xüsusilə xoşuma gəlib. Bu şəhər həm qədimliyi, həm də sənətkarlığı ilə unudulmaz təəssürat yaradır.
   - Məlumdur ki, mədəni əlaqələr həm də turizmin inkişafını təşviq edir. Bu baxımdan belə beynəlxalq festivalların mədəni turizmdə rolunu necə qiymətləndirirsiniz?
   - Mədəni turizm hazırda dünyada çox geniş yayılmış turizm növüdür. Mədəniyyətlər həmişə insanları bir-biri ilə mehribanlaşdırıb. Bu tarixən də belə olub, indi də belədir. İndi iştirak etdiyimiz festivalın özü də turizmin inkişafına və Azərbaycan mədəniyyətinin dünyada təbliğinə xidmət edir. Çox sevindirici haldır ki, Azərbaycan artıq bir turizm ölkəsi kimi tanınmağa başlayıb. Azərbaycan dünya ölkələri ilə daha çox mədəni turizm istiqamətində yarışa bilər. Çünki ölkənizin bu sahədə olduqca böyük potensialı var.
   
   Fəxriyyə Abdullayeva







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar