Beynəlxalq Kukla Teatrı Festivalında nümayiş olunan səhnə əsərləri arasında ingilislərin «Kağız kino» (“Paper Cinema”) teatrının təqdimatı xüsusilə yaddaqalan oldu.
   
   “Paper Cinema” illüstrasiyalı mahnı, kölgə, tüstü, ayna, kukla tamaşası, film tamaşası, səhnə tamaşası, sehrli tamaşa, tamaşa və nağıl nümayişidir. Teatr festivala üç hissədən ibarət “Həşərat hökmdarı” (10 dəqiqə), “Gecə səyyahı” (20 dəqiqə) və “Dağ ovsunçusu” (40 dəqiqə) adlı qısa filmlərlə gəlib.
   Bu tamaşa canlı musiqi və hərəkət edən təsvirlər sayəsində yaranır. Əllə çəkilmiş kağız kəsikləri “Paper Cinema” teatrı tərəfindən möcüzəli şəkildə canlandırılır. Bu olduqca sadə, elə də yüksək keyfiyyətli texnologiya tələb etməyən bir şou növüdür, lakin eyni zamanda, böyüklər üçün olduqca əyləncəlidir.
   «Kağız kino» seansları proyeksiya aparatı ilə insan təxəyyülü arasında baş verənləri göstərir. Amma tamaşaçılar gözlərini yalnız ağ ekrana zilləyirlər. Teatrın özəlliyi odur ki, aktyorlar kağızdan kəsib düzəltdikləri obrazları proyeksiya aparatının obyektivi önündə hərəkət etdirməklə animasiya yaradırlar. Biriləri bu kağızları hərəkət etdirir, o biriləri bu təsvirləri canlı musiqi ilə təmin edir. Təsvirlərsə sanki mətnlərin hərəkətli illüstrasiyalarıdır.
   İlk tamaşa: Edqar Allan Po. «Hökmdar həşərat».
   Bu təsvirlər kimi təsirləndirər? Özündən artıq bir şeyi göstərən, danışan fikir yığınımı sadəcə? Tanış gələrsə, bu əcaib yollar, qəsrlər, adamlar, «mən burada olmuşam», «mən burada idim», «bu adamlar mənə əzab verirdilər» kimi tutqusuyla tuği-lənət olub boğazınıza keçirsə, bu seanslardan təsirlənəcəksiniz. Yoxsa, lənət şeytana...
   Bu animasiyanı illüstrasiyaya qədər məhdudlaşdıran onun sözdən qopmağıdır. Düzdür, obrazlar kağızdan kəsilib, amma sözün şəklini çəkirlər sanki, bu aktyorlar, bir şeiri gözlərinə tamaşaçının səssizcə oxumaq istəyirlər. Bunun üçün alışıq olmaq lazımdır. Gözlərlə eşitməyə, dillə susmağa, kağız kino ilə danışmağa...
   Tamaşalar-seansları birləşdirən bir mövzu var: onlar Azadlıqdan bəhs edir. İnsanı öz içinə həbs edən eybəcər obrazları qovmaqdan, qova bilməməkdən, təqibdən, qorxudan, qəfəs qapısının açarından, bu açarın böyüklüyündən və ağırlığından...
   Yeni deyil bu göstərilənlər. Amma bu proses nə qədər bir-birini tamamlayır: səhnənin dərinliyində ekran, qarşıda musiqiçilər, kuklaçılar-kağızçılar. Texnika deyil, mətbəx deyil, laboratoriya deyil, postmodern deyil, improvizə də deyil. Kameraarxası yaradıcı-texniki bir prosesdir. Poetik bir prosesdir: bir qadın və bir kişi dizbədiz əyləşiblər. Kağızları bunlar oynadır... Kişi və qadın, üzbəüz, dizbədiz, aralarında bir proyeksiya aparatı və yuxu kimi təsvirlər...
   
   Aliyə






Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar