İngilislərin gətirdikləri «Kağız kino» tamaşaları da, yaraşıqlı və gənc ispan oğlanın göstərdiyi «Hərdəmxəyal» kukla tamaşası da peşəkarlıqdan əlavə, ifadə texnikası, ifadə vasitələri kimi yeniliklərlə əlamətdardır. Əlbəttə, tamaşanın forma və mövzusu öz yerində.
İspaniyanın “Play Ground” Kukla Teatrı festivalda Xavyer Bodeşin “Hərdəmxəyal” tamaşası ilə təmsil olunur. Bu tamaşada aktyor, rejissor, tamaşaçı, iştirakçı kimi şəxslər yalnızca Xavyerin simasında birləşib. Yaxınlarda oxuduğum hansısa bir mətndə belə bir dialoq vardı: «Sizcə, Allah bu həyat kinosunun rejissorudur? - Yox, məncə kinonun allahı rejissordur». O, bütün tamaşa boyu əl boyda bir kuklaya tanrılıq edir - öldürür, dirildir, sevdirir, əzab çəkdirir. Bu uşaq oyun aludəliyinin bir mühüm cəhəti var - peşəkarlıq.
Barmaq kompozisiyaları ilə çox sözü ifadə etmək olar, hirsi, qəzəbi, nifrəti, sevgini belə. Amma peşəkarlıq odur ki, iki barmaqla, yəni hər əlin iki barmağı ilə bir sevgi əhvalatını göstərə biləsən.
Ayaqları təsvir edən iki barmaq insan ayaqlarının necə ifadəli olduğunu, hərəkətlərlə vəziyyəti, halı, əhvalı göstərə bildiyini yadımıza salır.
Ayaqları təsvir edən barmaqlarla göstərilən sevgi əhvalatı bitir. Kişi qadını tərk edir. Qəhrəmanın əzabları başlayır. İntihar cəhdləri, qorxulu yuxular, fəzadakı əşyalar, şkaflardakı, ətrafdakı boşluq... Amma bizim gördüyümüz qızcığaz yalnız deyil. Xavyer onu tək qoymur. Hündürlükdən atdığı kimi, yerdə də xilas edir. Ruh deyə uçduğunu sandığımız yerdə Xavyerin dirsəyədək qolu ona bədən bəxş edir.
Tamaşanı görməyənlər üçün danışmaq mənasızdır. Görənlər görüb. Sadəcə bizə heyrətlənmək qalır. Tamaşadan çox imkanlara. İfadə imkanlarına. Bildiyimiz resurslardan fərqlisini tanıtdığına görə heyran oluruq. Səsin, işığın musiqinin, aktyor sifətinin, bədəninin, kuklanın deyə biləcəyi qədər kölgənin, lazer işığının, əl barmaqları, ayaq barmaqlarının ifadə imkanları var. Azərbaycan teatrında da belə nümunə var. Pantomima teatrının «Vokalçı», «Muğam-trio-dizlər» kimi nömrələrində aktyorların kəşf etdiyi ifadə imkanlarını görmüşük.
Teatrın çabaları heç dəyişmir. «Nə demək?» (mövzu), «Nə ilə demək?»(vasitə), «Necə demək?»(forma)... Və belə görünür ki, onun tamaşaçıdan gizli bir işi yoxdur. Çünki hər iki tamaşanın «pərdə arxası» deyə bir gizlinini görmədik. Artıq teatr pərdəsini sirr üstü açan kimi ağır-ağır açmır. Onun sirdən artıq bir şeyi var - sehr. O bunu bilir.
A.Dadaşova