Bu nağılın qəhrəmanları isə kuklalardır
   
   Bəbək, oyuq, ipdəoyuq
   
   Azərbaycanda kukla tamaşalarının tarixi xalq oyun-tamaşalarının tarixi ilə ölçüldüyündən onunu formalaşması orta əsrlərdən də çox əvvəllərə gedib çıxır. Xalq həyatının ayrı-ayrı cəhətlərini, eləcə də müxtəlif mərasimləri əks etdirən "Kilimarası" və "Maral oyunu" kimi əxlaqi-tərbiyəvi meydan tamaşaları Azərbaycan kukla tamaşalarının ilk nümunələri sayıla bilər. Yüksək humanist duyğular, şərin cəzalandırılması, ailənin, yaxın insanların qorunması, onlara həmişə dayaq durulması və sair bu kimi müsbət keyfiyyətlərin aşılandığı bu tamaşalar insanlarda daim böyük maraq oyatmışdır.
   Sənətşünaslıq doktoru, professor İlham Rəhimlinin «Üç əsrin 130 ili» kitabında bu mövzu ilə bağlı maraqlı fikirlər yer alıb. Müəllif qeyd edir ki, Azərbaycanda lap qədimlərdən xalq mərasimləri, el şənliklərində çağdaş teatrın estetik prinsiplərini təcəssüm etdirən oyunlar mövcud olub. “Sayaçı”, “Yuğlama”, “Yel baba”, “Cütçü şumu”, “Kəvsəc”, “Kosa-kosa”, “Qaravəlli” və bu kimi xalq mərasim və oyunları milli xalq teatrımızın inkişaf mərhələlərini təşkil edib. Bu oyunların zəminində xalq dramları yaranıb: “Həmin dramların əsas mövzusu məişətdən götürülüb və xeyirin şərə, haqqın nahaqqa, düzlüyün yalana qələbəsini təcəssüm etdirib. Bütövlükdə “Kilimarası” kimi ümumiləşdirilən xalq oyunlarının çağdaş kukla teatrının peşəkar səviyyəyə çatmasında böyük əhəmiyyəti olub. Kilimarasının “Şah Səlim”, “Qaragöz”, “Maral oyunu”, “Kaftarkus”, “Keçəl pəhləvan” kimi məşhur oyunları var. Bunların arasında kölgə-xəyal tamaşaları da göstərilib”.
   Azərbaycan milli xalq teatrında müxtəlif maskalardan istifadə edilib. Bunların da arasında ən məşhurları “keçəl”, “kosa” və “keçi” maskalarıdır. Xalq oyunlarını təşkil edib keçirənə baş oyunbaz, şəbihlərin təşkilatçısına - “rejissoruna” şəbihgərdan deyilib.
   Daha çox komediya, məsxərə, məzhəkə, satira əsasında hazırlanan xalq tamaşaları və faciə janrlı şəbih tamaşaları bütövlükdə meydan teatrı adlanır. Meydan teatrının öz estetikası, ifadə vasitələri, forma orijinallığı, bütövlükdə bənzərsiz poetika özəllikləri var. Elə poetika göstəriciləri ki, həmin sənət amilləri çağdaş Azərbaycan peşəkar milli teatrının təşəkkülündə, inkişafında və formalaşmasında əsaslı rol oynayıb. El arasında kukla oyunlarına bəbək, oyuq və ipdəoyuq oyunları da deyilib. Bu oyunlar üçün kukla düzəldənlər oyuqçular adlanıblar.
   Professor İlham Rəhimlinin adıçəkilən kitabında kukla oyunları kilimarası, kukla və kölgə oyunu olmaqla üç tipə bölünür. “Kilimarası” tipli kukla oyun-tamaşalarının eyni kökdən olan bir neçə forması var. Bunlardan ən geniş yayılanı “Bəbək” oyunudur. Bu oyun, əsasən, kilim arasında göstərilib. Məşhur tamaşası "Keçəl pəhləvan"dır. El arasında "Keçəlpəlvan" deyimi də var. Bəbək kuklalar forma biçimləri və zahiri görkəmləri ilə seçilirdilər. Bu kuklalar qolçaq formasında olur, ələ və bəzən də dizlərə keçirilirdi. Oyunçu arxası üstə kilimin üstünə uzanırdı və dizlərini sinəsinə doğru qatlayırdı. Köməkçilər kilimin yanlarını qatlayıb səhnə-pərdə yaradırdılar. Yaxud, oyunçu kilimin üstündə oturub dizlərini aralı qoyurdu. Oyunun məzmununa uyğun olaraq, əllərinə və ayaqlarına müxtəlif xarakterli bəbək-kuklalar keçirirdi. Həmin kuklalarda ağız, burun, göz, qaş olmurdu. Dizə bərkidilən kuklalar adətən taxta çömçələri bəzəməklə hasilə gəlirdi. Onlar əldə oynadılan kuklalarla müqayisədə hərəkətcə məhdud və passiv idilər. Ələ taxılan qolçaq kuklalar isə bəzən 15-20 santimetrlik nazik çubuqlara bərkidilir və oyun-ifa zamanı oyunçunun barmaqlarına bərkidilirdi. Yaxud da kuklalar birbaşa biləyə qədər ələ keçirilir və hər bir barmaq bəbəyin bir hərəkətini tənzimləyirdi. Ələ keçirilən bəbək-kuklalar çevik, cəld hərəkətlərlə səciyyəvidir.
   Bəzən “Kilimarası” oyun-tamaşalarında istifadə edilən kuklalar uşaq boyda olurdu. Onda oyunçular həmin kuklalara uşaq paltarları geyindirirdilər. Bununla da göstərilən oyunun təbiiliyi artır, cazibəsi təravətlənir, tamaşaçılara təsir gücü çoxalırdı.   

   Dram aktyorunun kukla teatrı
   
   Azərbaycanda kukla teatrının tarixi və inkişafı elə də geniş araşdırılmayıb. Düzdür, bəzi teatrşünaslar kukla teatrı və onun təşəkkülü ilə bağlı müəyyən fikirlər irəli sürüblər. Ümumilikdə geniş tədqiqata ehtiyacı olan bu sahənin günümüzdəki ən populyar nümunəsi kukla tamaşalarıdır. Hazırda ölkəmizdə bir neçə Kukla Teatrı fəaliyyət göstərir ki, onlardan ən böyüyü paytaxt Bakıda yerləşir.
   Kukla Teatrının hazırda yerləşdiyi binanı polşalı mülki mühəndis İosif Ploşko inşa edib. Vaxtilə bu binada “Fenomen” kinoteatrı fəaliyyət göstərib (1908-1910). Müxtəlif illərdə bu binada kazino, “Satirogit” teatrı, Musiqili Komediya Teatrı və “Kənd təsərrüfatı nailiyyətləri muzeyi” fəaliyyət göstərib.
   Hazırda Abdulla Şaiqin adını daşıyan Azərbaycan Dövlət Kukla Teatrının əsasını 1931-ci ildə görkəmli sənətkar, dram aktyoru Mollaağa Bəbirli qoyub. Bu teatrın «Sirk» adlı ilk tamaşası isə 1932-ci ildə nümayiş olunub.
   Sonralar müxtəlif vaxtlarda burada teatr truppaları, muzey və s. fəaliyyət göstərmişdir. Azərbaycanda kukla teatrı 1941-ci ilədək və 1946-1950-ci illərdə müstəqil, 1941-1946-cı illərdə Gənc Tamaşaçılar Teatrının, 1950-ci ildən Filarmoniyanın nəzdində fəaliyyət göstərmişdir. 1965-ci ildən isə yenidən müstəqil teatrdır. İlk dövrlərdə teatrda Azərbaycan, rus, Avropa dramaturqlarının pyesləri, Azərbaycan şifahi xalq ədəbiyyatı motivləri əsasında hazırlanmış tərbiyəvi əhəmiyyət xarakterli əsərlər səhnəyə qoyulmuşdur. 1974-cü ildən teatra Abdulla Şaiqin adı verilmişdir.
   Ölkə prezidenti İlham Əliyevin “Azərbaycan teatr sənətinin inkişaf etdirilməsi haqqında” 2007-ci il 19 fevral tarixli sərəncamına uyğun olaraq əsaslı təmir-bərpa olunan teatrın binası həmin ilin 26 dekabrında yenidən sənətsevərlərin ixtiyarına verilib.
   Bakıda fəaliyyət göstərən uşaq teatrının uğurlu fəaliyyəti zaman-zaman bölgələrdə də yeni kukla teatrlarının yaranmasına şərait yaradıb. Hazırda Gəncə, Naxçıvan, Qax, Salyan şəhərlərində kukla teatrları var və onlar da öz repertuarları ilə seçilən teatr ocaqlarından sayılırlar.
   Azərbaycan Dövlət Kukla Teatrının kollektivi müxtəlif illərdə Hindistan, Yəmən, İran İslam Respublikası, Türkiyə, Hollandiya, Rusiya (Moskva, Sankt-Peterburq, Arxangelsk, Krasnodar), Türkmənistan, Gürcüstan və s. ölkələrdə, eləcə də respublikamızda keçirilən beynəlxalq teatr festivallarında iştirak etmiş, bir çox festivalların qalibi və laureatı olmuşdur. Teatrın repertuarından Ü.Hacıbəylinin “O olmasın, bu olsun”, Anarın “Qaravəlli”, H.X.Andersenin “Bülbül”, A.Şaiqin “Tıq-tıq xanım”, “Tülkü həccə gedir”, M.Seyidzadənin “Cırtdan”, M.F.Axundovun “Parisi dağıdanlar”, A.S.Puşkinin “Qızıl xoruz”, K.Aslanovun “Qızıl almalar” və s. əsərlər əsasında hazırlanan tamaşaları xüsusi qeyd etmək olar. Teatrda əsası xalq oyunları, dastanları, nağılları, dünya klassikləri və müasir dramaturgiyamızın üzərində köklənmiş müasir tamaşalar da hazırlanır.
   Bu illər ərzində öz yaradıcı əməyi ilə fərqlənmiş rejissorlardan Tamilla Məhərrəmova, Namiq Ağayev, Rəhman Əlizadə, Ələkbər Hüseynov, Elşad Rəhimzadə, rəssamlardan Solmaz Haqverdiyeva, Solmaz Musayeva, Lətifə Quluzadə, aktyorlardan Şahmar Hüseynov, Oqtay Dadaşov, Nadir Zamanov, Şəfiqə Axundova, Həsənağa Hüseynov, Rəhman Rəhmanov və başqalarının adları xüsusi qeyd olunmalıdır.

   Həmidə Nizamiqızı







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar