Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrının “Xeyir və Şər” tamaşası dahi Azərbaycan şairi Nizami Gəncəvinin “Yeddi gözəl” poemasındakı “Çin qızının hekayəti” əsasında hazırlanmışdır. Məhəbbət və nifrət, sədaqət və xəyanət kimi xeyir və şər də əbədi bir mövzudur.
İki gənc - Xeyir və Şər dostlaşıb başqa bir ölkəyə yollanır. Hər iki gənc öz adlarına layiq işlər görürlər. Xeyir öz azuqəsini və suyunu səxavətlə dostu ilə paylaşır, Şər isə öz suyunu qoruyub saxlayır.
Nəhayətdə, səhranın qızmar yerində Xeyirin suyu qurtardıqda Şər onun gözləri bahasına su verməyə razılaşsa da, Xeyirin gözlərini çıxarıb, onu qarət edir və bir damla belə su vermədən çıxıb gedir. Sonda Şər tam müflisləşir, Xeyir şahlıq mənsəbinə yüksəlir. Şər miskin bir varlıq kimi onun ayaqlarına düşüb yalvarır.