İran İslam Respublikasının «Saina» kukla teatrı festivalda «Xeymei-Şəb Bazi» tamaşasını təqdim etdi. Teatrın rəhbəri və prodüseri Səfər Səttarinin hazırladığı tamaşada kuklaların oyununu zərb aləti və kamanın müşayiət etməsi ifanı daha da rəngarəng edir. Musiqinin üstünlük təşkil etdiyi tamaşa əsas qəhrəman Mübarəkin sərgüzəştləri üzərində qurulub. Şah Səlimin evində ziyafətdir. Ziyafətə çoxlu sayda qonaqlar gəlib. Mübarək də onların arasındadır. Mübarək ziyafətə toplaşanları əyləndirmək üçün hoqqabazlıq edir. Əcaib rəqsləri, uydurduğu əhvalatları, baməzə ifadələri və şaqraq səslə dediyi lətifələri ilə xüsusi canfəşanlıq göstərir. Onun bu hərəkətləri və məclis iştirakçılarına - digər kuklalara fürsət verməməsi «qonaqları» özündən çıxarır və nəticədə onlardan biri Mübarəki kötəkləyir. Bunun ardınca Mübarəkin könlünün alınması mərasimi başlanır. Tamaşa digər kuklaların rəqsləri və xoş ifadələrindən xoşallanan Mübarəkin sonda bir xanımla evlənməsi ilə başa çatır.
Həmidə