Bakıdakı teatr bayramında iştirak edən Beynəlxalq Teatr İnstitutunun Yaxın Şərq ölkələri üzrə koordinatoru İbrahim Assiri (Səudiyyə Ərəbistanı) da festivalla bağlı təəssüratını bölüşdü:
   
   - Əvvəla, onu qeyd etmək istərdim ki, Azərbaycan çox gözəl ölkədir. Bu mənim Bakıya ikinci səfərimdir. Ötən il burada Beynəlxalq Teatr Konfransında iştirak etmişəm. Şəhərinizin bu qədər gözəlləşəcəyini düşünmürdüm. Hər tərəfdə tikinti-abadlıq işləri gedir. Burada olmaqdan çox məmnunam. İnsanların teatra, mədəniyyətə marağını çox yüksək qiymətləndirirəm. Azərbaycan Şərqlə Qərbin qovuşduğu bir məkandır. Burada təbii ki, mədəniyyətlər də qovuşur. Teatr mədəniyyətin bir qoludur. Tarixə nəzər salsaq görərik ki, Orta Şərq kukla teatrlarının tarixi digər regionlara nisbətən daha qədimdir. Azərbaycanda da teatr sənətinin tarixi ənənələri olduğunu bilirəm.
   Bu festivalı ötən il burada keçirilmiş Beynəlxalq Teatr Konfransının bir növ davamı hesab edirəm. Hər iki tədbir teatr sənətinin inkişafına, təbliğinə, peşəkar təcrübə mübadiləsinə xidmət edir. Çünki belə tədbirlərdə teatr mütəxəssisləri fikir mübadiləsi, diskussiyalar aparırlar. Nəticədə bu sahədə mövcud olan problemlər də müəyyən mənada həllini tapır. Bu baxımdan Bakı festivalını yüksək dəyərləndirirəm.
   Digər tərəfdən, demək istərdim ki, bu tipli beynəlxalq tədbirlər mədəniyyətlərin mübadiləsində, insanların bir-biri ilə daha yaxından ünsiyyət qurmasında mühüm əhəmiyyət kəsb edir. Mədəniyyət insanları bir-birinə daha da yaxın edir. Festivalda təmsil olunan ölkələrin teatrları öz tamaşalarını Azərbacan tamaşaçılarına, teatrsevərlərə təqdim edirlər. Bu tədbiri əhəmiyyətli edən səbəblərdən biri də odur ki, Azərbaycan vətəndaşları dünya xalqlarının kukla teatrı mədəniyyəti ilə tanış olmaq imkanı qazanırlar, eyni zamanda, müxtəlif ölkələr burada öz mədəniyyətlərini təbliğ etmək imkanı əldə edirlər. Ona görə də belə bir festivalın təşkilinə görə Azərbaycan dövlətinə və Mədəniyyət və Turizm Nazirliyinə təşəkkürümü bildirirəm. İnanıram ki, burada olacağımız günlər ərzində çox maraqlı hadisələrin şahidi olacağıq.
   
   Fəxriyyə Abdullayeva