Bakıda keçirilən Beynəlxalq Kukla Teatrları Festivalı çərçivəsində Estoniyada yaşayan həmyerlimiz Rauf Avşarın Kukla Teatrı Üzeyir Hacıbəylinin «O olmasın, bu olsun» musiqili komediyası əsasında hazırlanan «Məşədi İbad» tamaşasını təqdim etdi. Gənc Tamaşaçılar Teatrında Azərbaycan dilində nümayiş olunan tamaşanın rejissoru Rauf Avşar, personajların ifaçısı isə Dmitri Simagin və Viktoria Halonen idi.
   
   Maraqla qarşılanan tamaşadan sonra teatrın rəhbəri və rejissoru R.Avşarla qısa söhbət etdik. Həmsöhbətimiz bildirdi ki, 15 yaşı tamam olacaq teatrda əsasən Azərbaycan, rus, italyan, bolqar, eston və s. xalqların nağıl və əfsanələri səhnələşdirilir.
   Teatrın tamaşaları rus, eston, Azərbaycan dillərində oynanılır. «Məşədi İbad» isə Azərbaycan dilində hazırlanıb: «Bu çox uğurlu tamaşadır. Estoniyadakı diasporumuz tərəfindən də çox bəyənildi. Estoniya dövləti teatrımızın fəaliyyətinə, layihələrimizin gerçəkləşməsinə yardım edir. Ümumiyyətlə, bu ölkədə yaşayan azərbaycanlı icmasına Estoniya dövləti tərəfindən daima diqqət göstərilir”.
   Teatr tez-tez nəinki Azərbaycanın rayonlarına, eləcə də xarici ölkələrə qastrola çıxır. Hazırda Rauf Avşarın Kukla Teatrı «Üç keçi» adlı tamaşa hazırlayır və 2012-ci ildə tamaşanın Azərbaycanda təqdimatı planlaşdırılıb.
   Beynəlxalq Kukla Teatrları Festivalının əhəmiyyətindən də danışan R.Avşar tədbirin çox uğurlu alındığını bildirdi: «Kukla teatrları üçün belə layihələr çox önəmlidir. Müxtəlif ölkələrdən gəlmiş kukla teatrlarının rejissorları və aktyorları ilə söhbət, ünsiyyət bizim üçün çox maraqlı oldu».

   Gülər







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar