Beynəlxalq Kukla Teatrları Festivalı çərçivəsində Litvanın “Lele” kukla teatrı “Musiqili mücrü” tamaşası ilə çıxış etdi. A.Şaiq adına Dövlət Kukla Teatrına gəlmiş uşaqlar tamaşanın başlanmasını böyük maraqla gözləyirdilər.
Budur, tamaşa başlandı. Uşaqlar sanki nağıllar aləminə səyahətə çıxmışdılar. Tamaşa balaca oğlanın ailəsində baş verən hadisələri əks etdirsə də, burada baş verən hadisələr daha çox böyükləri düşünməyə vadar edirdi. Valideynlərin gün ərzində daha çox məişət işləri ilə məşğul olub uşaqlara az diqqət ayırmaları, evdə hər zaman sakit və qəmgin şəraitin hökm sürməsi tamaşanın qəhrəmanı olan bu balacanı yaman sıxır. Evlərindəki musiqili mücrü isə çoxdandır ki xarabdır. O da sanki bütün bu səssizliyə qarşı öz etirazını bu cür büruzə verir. Daim məşğul olan həm övladlarına həm də bir-birinə biganə valideynlərinə kömək məqsədi ilə balaca qəhrəman mücrünün labirintləri ilə öz velosipedini sürərək çıxış yolu axtarır. Oğlanın səyi nəticəsində mücrü yenidən işə düşür və evdə xoş ab-hava hökm sürməyə başlayır.
Tamaşa bitəndən sonra Litva teatrının aktyoru İrmantes Yankaytes festivalla bağlı təəssüratını bizimlə bölüşdü. O, festivalın yüksək səviyyədə təşkil edildiyini və iştirakçıların sayının çox olmasını qeyd etdi: ”İlk dəfədir ki, Bakıdayam. Şəhər məni valeh etdi. İnsanları çox qonaqpərvər və xeyirxahdır. Sizin teatr binalarınız isə çox gözəldir. Akustikası təkrarolunmazdır. Növbəti illərdə bu tip festivallarda böyük məmnunluqla iştirak edərdim. Bütün festivallar bir-birinə bənzəsə də yadda qalan şəhərlər, tarixi abidələr və insanlar olur”.
Lalə Azəri