Əvəz Abdullayev: «Azərbaycanı Avropada təmsil etmək mənim üçün böyük şərəfdir»
   
   Azərbaycan Dövlət Opera və Balet Teatrının aparıcı solisti, Əməkdar artist, Prezident təqaüdçüsü Əvəz Abdullayev teatrda çalışdığı müddətdə istər Azərbaycan, istərsə də Qərb səhnələrində opera tamaşalarında bir-birindən maraqlı obrazlar yaradıb.
   
   Bariton səs tembrinə malik olan vokalçı Almaniya, İtaliya, Fransa, Rusiya, Çexiya, Latviya və digər ölkələrdə uğurla çıxış edib. C.Verdinin «Trubadur» operasında Qraf di Luna, «Traviata»da Jermon, C.Puççininin «Toska» operasında Anjelotti və baron Skarpya, «Bohemiya»da Marsel və s. partiyalar sənətçinin uğurları sırasına daxildir. Bu yaxınlarda isə Əvəz Abdullayev Çexiya və Slovakiyadan qastrol səfərindən qayıdıb. Səfər təəssüratlarını bizimlə bölüşən sənətçi əvvəlcə Çexiyadakı çıxışından söz açdı: «Səfər müddətində Çexiyanın Ostrava şəhərində Dvorjak adına Opera və Balet Teatrında Cüzeppe Verdinin «Nabukko» və Puççininin «Bohemiya» operasının premyerasında çıxış etdim. Mən Çexiyanın başqa şəhərlərində də bir neçə dəfə çıxış etmişdim. Ay yarımlıq çəkən məşqlərdən sonra nəhayət bu premyera böyük uğurla gerçəkləşdi. Hətta çexiyalı rejissor Tomas Ştudeyni tamaşadan sonra böyük tamaşaçı alqışları qarşısında göz yaşlarını saxlaya bilmədi. «Bohemiya» operasında Fransa, Sloveniya, Polşa daxil olmaqla Avropanın müxtəlif ölkələrindən sənətçilər iştirak edirdilər. Bu beynəlxalq bir heyət idi. Hər kəs peşəkar olduğundan və bir-birimizi yaxşı başa düşdüyümüzdən tamaşa da uğurlu alındı.
   Sonra Slovakiyaya dəvət olundum. Bu ölkədə bir həftəlik Musiqi Günləri Festivalı keçirilirdi və mən orda da «Nabukko» operasında baş rolu ifa etdim”.
   Bu çıxışdan sonra həmyerlimiz Slovakiyanın paytaxtı Bratislavaya yeni dəvət alıb. O, 2012-ci ilin yanvar ayında Bratislavada Cüzeppe Verdinin «Otello» operasında Yaqo obrazını ifa edəcək.
   Sənətçi Çexiyada Azərbaycan musiqisinə böyük marağın olduğunu da vurğuladı. Onun sözlərinə görə, çexiyalı sənətsevərlər onunla söhbətdə öz ölkələrində Azərbaycan operalarına baxmaq istədiklərini deyiblər: “Ola bilsin ki, biz Üzeyir Hacıbəylinin “Leyli və Məcnun», Fikrət Əmirovun «Sevil» operalarını Çexiya tamaşaçılarına nümayiş etdirdik. Çünki çexlərə bu operalar haqqında çoxlu məlumat verdiyimizdən onlarda musiqimizə, musiqi sənətimizə böyük maraq yaranıb. Düşünürəm ki, bu operalar beynəlxalq aləmə çıxmalı və dünyada öz yerini tutmalıdırlar. Həm də bu mədəni bir mübadilədir».
   Qərb səhnələrində, məşhur operalarda gələcək çıxışlarına gəlincə, Əvəz Abdullayev qarşıda çoxlu planlarının olduğunu dedi: « Azərbaycanı, musiqi sənətimizi Avropa ölkəsində təmsil etmək mənim üçün hər zaman böyük şərəfdir”.
   
   Mehparə







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar