Noyabrın 16-da Azərbaycan Dövlət Rus Dram Teatrında Xalq yazıçısı Elçinin “Şekspir” əsəri yeni quruluşda və yeni yozumda nümayiş olundu. Əsər Moskvada fəaliyyət göstərən “Dərviş-Teatr”ın quruluşunda təqdim edildi.
   
   Tamaşadan əvvəl Xalq yazıçısı Elçin əsər barədə danışdı:
   - “Şekspir” komediyası dörd il əvvəl ilk dəfə “ÜNS” yaradıcılıq səhnəsində tamaşaya qoyulub və əsəri məhz bu teatr üçün yazmışdım. O tamaşanın bədii rəhbəri filologiya elmləri doktoru, professor Nərgiz Paşayeva idi. Əsərin quruluşunu görkəmli rejissor Bəhram Osmanov vermişdi. Tamaşada bütün teatrlarımızdan aktyorlar iştirak edirdilər. Doğrudan da uğurlu bir səhnə əsəri alınmışdı. Bundan sonra komediya müxtəlif səhnələrə yol açdı. Əsər Krımda tatar dilində tamaşaya qoyuldu, Moskvada “Jar-ptitsa” teatrının səhnəsində göstərildi. Dekabrın 5-də Londonun “Avanqard” Teatrında “Şekspir” komediyasının premyerası olacaq. Bu, əlbəttə xoş bir hadisədir. İlk dəfədir ki, azərbaycanlı dramaturqun əsəri Londonda səhnəyə qoyulur. Tamaşanın rejissoru da, prodüseri də, aktyorlar da, təbii ki, ingilislərdir. Bundan əlavə İstanbul Böyük Bələdiyyə Teatrında da “Şekspir”in məşqləri gedir və yanvar ayında nümayiş olunacağı gözlənilir. Belə başa düşürəm ki, bu əsərin taleyi uğurlu oldu. Bu əsəri Moskvada “Dərviş-Teatr” tamaşaya qoyub. Bu tamaşanı mən də görməmişəm. Məndə də böyük maraq hissi var ki, təzə quruluşda, təzə yozumda tamaşa necə olacaq”.
   
   Teatr da bəşəri hisslərə xidmət edir
   
   Tamaşadan əvvəl “Dərviş-Teatr”ın bədii rəhbəri və rejissoru Mərdan Feyzullayevə bir necə sualla müraciət etdik. O, əvvəlcə “Dərviş Teatr”ı barədə məlumat verdi:
   - “Dərviş-Teatr”ın üç yaşı var. Moskvada fəaliyyət göstərən Azərbaycan teatrıdır. Teatrımız ilk dəfə qapılarını tamaşaçıların üzünə dramaturgiyamızın banisi Mirzə Fətəli Axundzadənin “Lənkəran xanının vəziri” əsəri ilə açıb. Sonra Elçinin “Şekspir” əsərini, Bəxtiyar Vahabzadənin “Gülüstan” poemasını tamaşaya qoymuşuq. Teatrımız həm rus, həm də Azərbaycan dilində tamaşalar hazırlayır. Ona görə də bizim truppada həm azərbaycanlı aktyorlar, həm də müxtəlif millətlərdən olan rusdilli aktyorlar çalışır. Truppamız 19 nəfərdən ibarətdir və biz bütün heyətlə bura gəlmişik.
   - Yəqin ki, bir qədər həyəcanlısınız?
   - Biz tək Moskvada yox, Rusiyanın ayrı-ayrı şəhərlərində də çıxış edirik. Böyük qastrol səfəri ilə ilk dəfə məhz Azərbaycana gəlmişik. Bakıya “Şekspir” və “Gülüstan” tamaşalarını gətirmişik. Təbii ki, aktyorlar da, mən də həyəcan keçiririk. Çünki tamaşaçılarımız kifayət qədər zövqlüdür.
   - Yeri gəlmişkən, maraqlıdır, niyə teatrınıza məhz “Dərviş” adını seçdiniz?
   - Dərviş bir səyyah kimi ölkədən-ölkəyə gəzib gördüklərini, eşitdiklərini, ümumbəşəri fikirləri yayır. Teatr da bəşəri hisslərə xidmət edir. Bu mənada Dərviş Teatrının məqsədi, amalı mədəniyyətimizi, incəsənətimizi ölkəmizdən uzaqda şəhərbəşəhər yaymaq, təbliğ etmək, tanıtmaqdır.
   - Mərdan müəllim, teatrınızda daha hansı tamaşalar hazırlanır?
   - Hazırda teatrımızda Nizami Gəncəvinin və Məhəmməd Füzulinin “Leyli və Məcnun” əsərləri əsasında tamaşa hazırlanır. Və bu tamaşa da rus dilində olacaq. Gələn il Mirzə Fətəli Axundzadənin 200 illik yubileyi yüksək səviyyədə qeyd olunacaq. Bununla bağlı Azərbaycanda festival olacaq, biz də “Lənkəran xanının vəziri” tamaşası ilə yenidən Bakıya səfər edəcəyik.
   - Bu gün dünyanın hər yerində teatrları saxlamaq, yaşatmaq çox çətindir. Yeni bir teatrı yaşatmaq, tanıtmaq yəqin ki, sizin üçün də çətindir.
    - Çətinliklərimiz əlbəttə ki, var. Lakin Azərbaycanın Mədəniyyət və Turizm Nazirliyi, ölkəmizin Rusiyadakı səfirliyi bizə yaxından kömək edirlər. Biz bu köməyi hiss edirik və bu teatrın yaşaması üçün teatrımızdan köməyini əsirgəməyənlərə öz təşəkkürümüzü bildiririk.
   - Bildiyimizə görə, sizin bu xeyirxah missiyanız Rusiya dövləti tərəfindən də yüksək qiymətləndirilib...
   - Bu teatrın Moskvada yaranmasında Rusiya ilə Azərbaycan arasında dostluq münasibətlərinin, təbii ki, böyük rolu oldu. Bu teatrın yaradılması yüksək qiymətləndirildi və məni “Vətən qarşısında xidmətlərinə görə” ordeni ilə təltif etdilər.
   Qürbətdə Azərbaycan mədəniyyətini təbliğ edən “Dərviş-Teatr”a bol-bol uğurlar arzuladıq.
   Tamaşa başladı. Elçinin bir neçə əsərində olduğu kimi, bu əsərdə də hadisələr dəlixanada baş verir. Cəmiyyət tərəfindən başa düşülməyən, öz dünyası olan insanlar, onların yaşantıları, arzuları, hissləri, duyğuları “Şekspir” tamaşasında çox uğurla yozulur. İlk andan son ana kimi tamaşaçılar komediya təbəssümü altında çoxqatlı faciələrlə qarşılaşırlar.
   Aydın süjet xətti, sadə səhnə tərtibatı, aktyorların təbii oyunu “Şekspir”i tamaşaçılara sevdirə bildi.
   Bir daha xatırladaq ki, tamaşanın quruluşçu rejissoru və səhnə tərtibatı “Dərviş-Teatr”ın bədii rəhbəri Mərdan Feyzullayevdir. Rollarda Rusiyanın Əməkdar artisti Nikolay Malinkin, Oleq Deqtyarov, Yuliya Vorobyova, Şirzad Əsəd Pirallahı, Taşa Romanova, Pavel Viktorov və başqaları çıxış edirdilər.
   Noyabrın 17-də isə Rus Dram Teatrında “Dərviş-Teatr” Bəxtiyar Vahabzadənin “Gülüstan” poeması əsasında hazırladığı eyniadlı tamaşanı təqdim etdi.
   
   Təranə Vahid






Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar