Noyabrın 21-də Azərbaycan Teatr Xadimləri İttifaqında “2+1” Eksperimental Teatr Festivalının açılışı oldu.
   
   Açılışdan əvvəl mətbuat konfransı keçirən Teatr Xadimləri İttifaqının sədri, Xalq artisti Azər Paşa Nemətov bildirdi ki, “2+1” Eksperimental Teatr Festivalının məqsədi milli teatrda baş verən yaradıcılıq proseslərini daha da fəallaşdırmaq, gəncləri yaradıcılıq axtarışlarına ruhlandırmaq, dünya teatr prosesində gedən yenilikləri səhnəmizə gətirməkdir. Azərbaycan teatrının çoxrəngli teatr olduğunu deyən Azər Paşa Nemətov bu gün teatrlarda istənilən tamaşanın qoyulması üçün hər cür şəraitin olduğunu vurğuladı: “Sevinirəm ki, təqdim olunan tamaşaların çoxu məhz bu festival üçün hazırlanıb. Eyni zamanda, çox həyəcanlıyam, çünki arzusunda olduğum növbəti tədbirlərdən biri gerçəkləşir. Ümid edirəm ki, festival xoş xatirələrlə yadda qalacaq”.
   Sənətşünaslıq doktoru, professor Məryəm Əlizadə də festival barədə fikirlərini bölüşdü. Festivalın əhəmiyyətini qeyd edən teatrşünas belə tədbirlərin teatrlar üçün həm də hesabat xarakteri daşıdığını dedi: “Ümid edirəm ki, bu festivalda yeni, fərqli bir teatr düşüncəsi ilə qarşılaşacağıq. Çünki bu gün bütün teatrlarımızın qapısı gənclərimizin üzünə açıqdır. İnanıram ki, gənc sənətçilər zamanının tələb elədiyi səviyyədə sözlərini deyə biləcəklər”.
   
   Sənət bayramını Şuşa Dövlət Musiqili Dram Teatrı açdı
   
   Festivalın ilk günü Şuşa Dövlət Musiqili Dram Teatrının təqdimatında Xalq yazıçısı Elçinin “Cəhənnəm sakinləri” və yazıçı-dramaturq Elçin Hüseynbəylinin “İki nəfər üçün oyun” əsərləri əsasında hazırlanmış tamaşalar nümayiş olundu.
   Teatrın baş rejissoru, Əməkdar artist Loğman Kərimov hər iki tamaşa barədə danışdı:
   - Xalq yazıçısı Elçinin “Cəhənnəm sakinləri” əsəri 1937-ci ilin qanlı-qadalı, ağrılı günlərindən bəhs edir. Tamaşanın quruluşçu rejissoru Elşən Zeynallı, quruluşçu rəssamı Valeh Məmmədov, musiqi tərtibatçısı Firudin Bağıroğludur.
   “İki nəfər üçün oyun” əsəri isə uzun illər bir yerdə yaşamış, artıq bir-birlərindən yorulub usanmış iki insanın özləri üçün bir oyun qurmasından bəhs edir və sonda anlayırlar ki, bir-birindən bezmək, usanmaq mümkün deyil. Ailə cəmiyyətin kiçik bir formasıdır, onu yaşatmaq lazımdır.
   Qeyd edək ki, “İki nəfər üçün oyun” tamaşasına Loğman Kərimov quruluş verib.
   Tamaşanın rəssamı Valeh Məmmədov, musiqi tərtibatçısı Azad Məmmədovdur. Onu da qeyd edim ki, səhnə əsərində dahi bəstəkarlar Qara Qarayev və Fikrət Əmirovun, o cümlədən dünya bəstəkarlarının musiqilərindən istifadə olunub.
   Yazıçı-dramaturq Elçin Hüseynbəyli:
   - “İki nəfər üçün oyun” pyesini 2005-ci ildə Hüseynağa Atakişiyev elə bu səhnədə tamaşaya qoymuşdu. İndi də əsəri Loğman Kərimov hazırlayıb. Tamaşanın məşqində olmamışam, Loğman Kərimovun qabiliyyətinə, bacarığına bələdəm. Düşünürəm ki, yaxşı bir səhnə əsəri alınıb.
   Festivalın ilk günü nümayiş olunan hər iki tamaşa özünəməxsus izləri ilə yadda qaldı.
   Noyabrın 22-də isə festivalda “Yuğ” Dövlət Teatrı Judjin O Nilin “Qarağaclar altında məhəbbət” əsəri əsasında hazırladığı “Kölgə” və Q. Qlenskinin “İki yarım” əsərinin tamaşalarını təqdim etdi.
   Qeyd edək ki, festival noyabrın 26-dək davam edəcək. Tamaşalar Teatr Xadimləri İttifaqının tamaşa salonunda göstərilir. Festivalın sonunda “dəyirmi masa” təşkil ediləcək və teatrşünaslar tamaşalarla bağlı öz fikirlərini səsləndirəcəklər.
   
   Təranə Vahid







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar