Cənnət Səlimovanın quruluş verdiyi «Romeo və Cülyetta» tamaşasında
«İnsanlar mehribanlığa kobudluqla cavab verirlər. Bu məni qorxudur. Çünki bu vəziyyət aqressivlik, nifrət doğurur. Sanki insanlar düşmən tapmağa çalışırlar. Tapanda isə sevinirlər. Mənim hazırladığım «Romeo və Cülyetta» tamaşası isə insanlara deyir ki, ehtiyatlı olun. Təcavüzdən, aqressiyadan qorunun».
Tanınmış rejissor, Xalq artisti Cənnət Səlimova dahi ingilis dramaturqu Uilyam Şekspirin əsəri əsasında Gənc Tamaşaçılar Teatrında səhnələşdirdiyi “Romeo və Cülyetta” tamaşası barədə fikirlərini bu sözlərlə başladı.
Qeyd edək ki, Şekspirin bu əsəri hələ 40 il əvvəl Gənc Tamaşaçılar Teatrında səhnəyə qoyulub. Məşhur sevgi hekayəsini illər sonra səhnəyə qaytaran teatrda noyabrın 24-ü və 25-də tamaşanın premyerası keçiriləcək.
Rejissor C.Səlimova bu dəfə əsərə fərqli yozumda quruluş verib. Tamaşada təkcə iki gəncin məhəbbət dramını deyil, həm də bu faciə ilə zəmanəmizin bəlalarını eyniləşdirməyə çalışıb: «Televizorda dünyanın müxtəlif ölkələrindən xəbərlərə baxarkən hər yerdə dava, insanların öldürülməsini görürük. İnsan həyatı heç nəyə dəymir. Bu çox dəhşətli haldır. Gəlin, Romeo və Cülyettaya diqqət yetirək. Onlarda nə qədər sevgi, məhəbbət var. Əgər belədirsə, o zaman onlar niyə ölürlər? Çünki hələ o zamandan dünyanı təcavüz cənginə alıb. Bu aqressivik haradan başlayır? Buna cavab vermək çətindir. Sevgi hər zaman olub və olacaq. Bu insanın fizioloji tələbatıdır. Amma bu sevgini qorumaq lazımdır. Əsas problem budur».
Rejissor bildirdi ki, tamaşanın tərtibatını həyata keçirmək üçün mütəxəssislərə müraciət edilib. Səhnə əsərinin rəssamı Tumanaşvili adına Gürcüstan Dövlət Dram Teatrının baş rəssamı Şota Qlurjidze, bəstəkarı Firudin Allahverdi, plastik həll və rəqslərin quruluşu xoreoqraf, Rusiyanın Əməkdar incəsənət xadimi Sergey Qritsaya məxsusdur. Əsas rolları Günel Məmmədova (Cülyetta), Elnur Kərimov (Romeo), əməkdar artistlər Naibə Allahverdiyeva, Nübar Novruzova (Dayə), Seyidşah Məmmədov (Kapuletti), Nofəl Vəliyev (Montekki), Şövqi Hüseynov (Merkusio) və digərləri ifa edir.
Tamaşa barədə fikirlərini bölüşən Cülyetta obrazının ifaçısı Günel Məmmədova bildirdi bu, bir çox aktrisaların illərlə arzuladığı bir roldur: “Hazırda bu rolla bağlı məndə çox qarışıq hisslər var. Cənnət xanımın quruluşunda mənim düşündüyümdən fərqli Cülyetta yaratdıq. Tamaşada əvvəlcə onun uşaqlıq həyatı, sonra isə evlilik təklifi alması təsvir olunur. Uşaqlıq həyatından ayrılmaq ona asan olmur. Romeonu görəndə isə ilk sevgi həyəcanını yaşayır və bu onun həyatını tamamilə dəyişir. Çünki artıq Cülyetta dəlicəsinə aşiq olur. Romeonun cəsarətini gördükdən sonra isə ona daha çox vurulur. Tamaşada sevgi, konfliktlər var. Cülyetta isə heç vaxt sınmır. Sona qədər hadisələrin qarşısında mərd dayanır».
Tamaşada Merkusio rolunu canlandıran Şövqi Hüseynovun da premyera öncəsi təəssüratını öyrəndik: «Şekspirin istənilən əsərində rol almaq hər bir aktyor üçün böyük bir məktəbdir. Merkusio çox maraqlı bir obrazdır. Bu obrazın öhdəsindən layiqincə gəlməyə çalışıram. Tamaşaçı hansı fikri çatdırmağa çalışdığımı anlayacaq. Merkusionun məşhur monoloqu var. Diqqətlə baxsaq, bu monoloq hər birimizin monoloqu ola bilər».
Yeri gəlmişkən, Gənc Tamaşaçılar Teatrının aktyoru Ş.Hüseynov bu günlərdə Sankt-Peterburqda keçirilən II Beynəlxalq «ArtOkraina» mono və kiçik həcmli tamaşaların festivalında iştirak edib. Noyabrın 10-dan 20-dək davam edən festivalda Rusiya, Azərbaycan, Ukrayna, Bolqarıstan və İsraildən 11 teatr təmsil olunub.
Əməkdar artist, «Qızıl Dərviş» mükafatı laureatı Ş.Hüseynov P.Zyüskindin «Kontrabas» mono-tamaşası ilə çıxış edib. Tamaşanın quruluşunu mərhum rejissor, Xalq artisti İrina Perlova verib. Yaradıcı heyətə bu tamaşaya görə diplom təqdim olunub.
Gülər Nizamiqızı