ASSİTEJ-in prezidenti İvetta Hardi Mədəniyyət və Turizm Nazirliyinə təşəkkür məktubu göndərib
   
   Noyabrın 1-dən 6-dək Bakıda ilk dəfə keçirilən Beynəlxalq Kukla Teatrları Festivalı müxtəlif ölkələrdən gəlmiş qonaqlarda dərin təəssürat yaradıb, beynəlxalq teatr ictimaiyyətində geniş maraq doğurub. Bunu Uşaq və Gənclər Teatrları Beynəlxalq Assosiasiyasının - ASSİTEJ-in prezidenti İvetta Hardinin bu günlərdə Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinə göndərdiyi məktub da təsdiqləyir. Nazir müavini Ədalət Vəliyevə ünvanlanan məktubda xanım İvetta Hardi festival zamanı aldığı xoş təəssüratlarını bölüşür, belə bir gözəl tədbirin təşkilinə görə Mədəniyyət və Turizm Nazirliyinə minnətdarlığını bildirir: “Çox sayda mədəni və teatr təşkilatları ilə əlaqə yaratmaq, ölkənizin olduqca zəngin adət-ənənələri və tarixi barədə öyrənmək mənim üçün çox xoş idi. Səfərimlə bağlı xüsusi təəssüratlarım oldu: insanların istiqanlığı, tədbirin media tərəfindən yaxşı işıqlandırılması, tərcüməçi və bələdçilərin diqqəti və qayğısı, Azərbaycan mədəniyyətini dərindən öyrənmək məqsədi və imkanları. Bunu dəstəklədiyinizə və dəvətinizə görə sizə dərin minnətdarlığımı bildirirəm.
   Ölkənizdən çox gözəl təəssüratlar və xatirələrlə ayrıldım, yenidən gəlməyi və ölkəniz barədə daha dərindən öyrənməyi səbirsizliklə gözləyirəm. Eyni zamanda Uşaq və Gənclər Teatrları Beynəlxalq Assosiasiyasının -ASSİTEJ-in Azərbaycan Milli Mərkəzinin nümayəndələri ilə tanış olmaq və gələcək layihələr barədə konkret danışıqlar aparmaq çox əhəmiyyətli idi. Azərbaycan incəsənətinin inteqrasiyası ilə bağlı bir çox ideya və layihələrimiz var və görüş bu işin öhdəsindən necə gələcəyimiz üçün stimul oldu”.
   Bakı Beynəlxalq Kukla Teatrları Festivalının dörd beynəlxalq teatr cəmiyyətinin tarixində mühüm tədbir olduğunu vurğulayan İ.Hardi festival günlərində Bakının teatr dünyasının mərkəzinə çevrildiyini bildirir: “Lakin hər şeydən çox Bakıda keçirilmiş 1-ci Beynəlxalq Kukla Festivalının imkan dairəsi məni heyrətləndirdi. Tədbir bir çox mədəni və ənənələr silsiləsini nümayiş etdirməklə yanaşı, keçirildiyi ilk ildən 16 ölkədən 20 tamaşa göstərməyə müvəffəq olmaq olduqca təqdirəlayiqdir. Festival çərçivəsində və milli teatrlarınızda çox gözəl tamaşalar göstərildi. Yeni proqram və layihələrlə Şərq və Qərbi, Şimal və Cənubu bir araya gətirərək biz bu regionda Bakının körpü rolu oynaması imkanlarını genişləndirməyi gözləyirik”.
   2012-ci ilin fevralında ASSİTEJ-in İcraiyyə Komitəsinə Azərbaycanın ev sahibliyi edəcəyini qeyd edən İ.Hardi yazır: “Ümidvarıq ki, İcraiyyə Komitəsi ilə görüşlər zamanı yerli incəsənət adamlarının faydalana biləcəyi ustad dərsləri, həmçinin yeni yaradıcı ideyaların mübadiləsi və genişlənməsi istiqamətində müzakirə forumu keçirə biləcəyik. Razılıq əldə olunduqdan sonra tərəfimizdən həm Azərbaycan, həm də dünyada incəsənət xadimlərinin yararlana biləcəyi konkret təkliflər irəli sürüləcəkdir”.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar