“Türkiyədə mədəniyyətimizə, ümumilikdə Azərbaycana böyük sevginin şahidi olduq”
   
   Bu il 130-cu teatr mövsümünü yaşayan İrəvan Dövlət Azərbaycan Dram Teatrı növbəti qastrol səfərindən qayıdıb. Kollektiv Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 20 illiyi münasibətilə noyabrın 15-dən 25-dək Türkiyənin Qars, Ankara, İstanbul, Manisa, Muğla, Quşadası və Van şəhərlərində çıxış edib.
   
   Səfər Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi və Türkiyədəki Azərbaycan diasporunun təşkilatçılığı ilə gerçəkləşib. Kollektiv türkiyəli sənətsevərlər qarşısında Aqşin Babayevin eyniadlı pyesi əsasında hazırlanmış “Xilaskar” (quruluşçu rejissor Oruc Qurbanov) və Zehni Papaqçının “Soyqırımı abidəsinin dastanı” əsəri əsasında səhnələşdirilmiş (quruluşçu rejissor İftixar Piriyev) tamaşaları ilə çıxış edib.
   Səfər təəssüratlarını bizimlə bölüşən teatrın direktoru, Əməkdar mədəniyyət işçisi İftixar Piriyev qardaş ölkədə yüksək səviyyədə qarşılandıqlarını və tamaşalarının uğurla nümayiş olunduğunu bildirdi: «Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi, Türkiyədəki azərbaycanlı diaspor təşkilatlarının, Manisa-Azərbaycan Kültür və Dayanışma Dərnəyinin başçısı Seyfəddin Ayakyayın təşkilatçılığı ilə həyata keçirilən səfərimiz Qars şəhərindən başladı. Noyabrın 15-də Qarsdakı azərbaycanlı və türk teatrsevərlər qarşısında Çanaqqala savaşında azərbaycanlıların qəhrəmanlığından bəhs edən “Soyqırımı abidəsinin dastanı” tamaşası ilə çıxış etdik.
   Azərbaycanın Qarsdakı baş konsulu Ayxan Süleymanov, Qars bələdiyyəsinin sədri Nevzat Bozkuş, Azərbaycan dərnəklərinin sədrlərinin də seyr etdikləri tamaşa böyük maraqla qarşılandı. İki qardaş, dost ölkənin tarixi gerçəkliklərinin əks olunduğu səhnə əsəri izləyicilərdə zəngin təəssürat yaratdı. Bundan sonra Ankaraya yollandıq və noyabrın 17-də orada «Xilaskar» və «Soyqırımı abidəsinin dastanı» tamaşalarını göstərdik. Eyni repertuarla istanbullu sənətsevərlərlə də görüşdük. Noyabrın 20-21-də isə Manisa şəhərində olduq. «Soyqırımı abidəsinin dastanı» tamaşasını burada 3 dəfə oynadıq və bizim xahişimizlə biletlərin satışından əldə olunan vəsait bu yaxınlarda zəlzələ zamanı dağılan Van şəhər teatrı binasının bərpası məqsədilə Van valiliyinə göndərildi. Əslində biz özümüz o vəsaiti təqdim etmək məqsədilə Vana gedəcəkdik. Amma təəssüf ki, növbəti yeraltı təkanlar və nəticədə qar uçqununun yaranması ilə yolların tutulması bu səfəri gerçəkləşdirməyə imkan vermədi.»
   Daha sonra Muğla şəhərinə yola düşən kollektiv Muğla Universiteti şəhərciyindəki mədəniyyət mərkəzində çıxış ediblər: «Noyabrın 22-də təqdim etdiyimiz tamaşa oradakı yerli izləyicilərin, Azərbaycan teatrının sorağına toplaşan insanların marağına səbəb oldu. Ertəsi gün Türkiyənin məşhur turizm məkanı olan Quşadasına getdik. Ümumilikdə qeyd edim ki, qardaş ölkədə bizi böyük səmimiyyət, hərarətlə qarşıladılar. Azərbaycan teatrına, Azərbaycan mədəniyyətinə uzaqdan seyrçi qalan həmvətənlərimiz sanki isti nəfəsin həsrətində idilər. Ona görə də tamaşalarımız böyük coşğu, sürəkli alqışlarla izlənildi. Hətta «Soyqırımı abidəsinin dastanı» tamaşasının bir səhnəsi - aktyorun «Qalx ayağa, Azərbaycan» nidalı müraciətindən sonrakı marşın müşayiəti ilə səsləndirilən şeirlərin ifa olunduğu səhnə tamaşaçılar tərəfindən ayaqüstə və alqışlarla izləndi. Tamaşada Nuru Paşanın türk bayrağı ilə Azərbaycana gəlişi səhnəsində də salon ayağa qalxdı. Milli Qəhrəmanımız Mübariz İbrahimovun nəşinin Ermənistandan gətirilməsi səhnəsi və cənab prezidentimizin o zaman dediyi «Biz hər birimiz torpağımızın azadlığı uğrunda şəhid olmağa hazırıq, təki Vətən sağ olsun!» sözlərinin səsləndirilməsindən sonra salondan qopan hıçqırtı və səhnənin yaratdığı coşğu isə bizə böyük bir həyəcan yaşatdı.
   Bir nəfər kimi ayağa qalxan zal bu səhnəni göz yaşları və alqışlarla izlədi. Digər şəhərlərdə verdiyimiz tamaşalarda da təkrar olunan bu mənzərə ümumilikdə mədəniyyətimizə, Azərbaycana olan sayğının göstəricisi idi”.
   Teatrın repertuarına daxil olan və kollektivin əksər qastrollarda göstərdiyi «Xilaskar» tamaşasının da ayrı bir əhvalla qarşılandığını vurğulayan müsahibim müasir Azərbaycan tarixinin mühüm bir mərhələsinin əks olunduğu səhnə əsərinin həyəcanla izlənildiyini qeyd etdi: «Bunu mən daha çox hiss etdim. Çünki ulu öndərin obrazını səhnədə mən ifa edirdim. Bu tamaşa zamanı Türkiyədə Heydər Əliyev şəxsiyyətinə olan böyük sevginin bir daha aydın şahidi olduq. Biz tamaşaya ulu öndərin içindəki vətən eşqi, yanğısı ilə dediyi «Azərbaycan» şeiri səhnəsini də əlavə etmişdik. Həmin məqam xüsusi bir ecaz yaratdı. Bunu tamaşadan sonra səhnə arxasına gələrək xoş sözlərini, aldıqları təəssüratı, hiss və həyəcanlarını bizimlə bölüşən insanlara əsasən deyə bilərəm. Bundan öncə həmin tamaşa ilə biz Tiflis və Dərbənddə də çıxış etmişdik. Amma bu səfər, qardaş Türkiyədə gördüyümüz ab-hava, məhəbbət bir ayrı mənzərə idi».
   Səfərdən altı mükafatla qayıdan teatrda hazırda yeni tamaşalar üzərində iş gedir. Bunlardan biri M.F. Axundzadənin 200 illik yubileyi ilə əlaqədar olaraq dövlət sifarişi ilə hazırlanan «Mürafiə vəkillərinin hekayəti» əsəridir. Tamaşaya teatrın baş rejissoru, Əməkdar incəsənət xadimi Oruc Qurbanov quruluş verir. Teatrın direktoru İ. Piriyev daha bir səhnə əsərinin dekabrın 20-dən sonra tamaşaçıların ixtiyarına veriləcəyini də dedi: «Bu mənim müəllifi və quruluşçu rejissoru olduğum «İşıqlı, nurlu sabah» adlı bu tamaşadır. Beyləqan Rayon İcra Hakimiyyətinin sifarişi ilə hazırlanan səhnə əsəri dövlətçilik tariximizə həsr olunub. Tamaşanın nümayişi Beyləqan rayonunda açıq havada yerləşən Dövlətçilik Tarixi Muzeyində olacaq. Dövlət müstəqilliyimizin bərpasının 20 illiyinə həsr olunan meydan teatrı üslubundakı tamaşa elə bilirəm ki, maraqlı alınacaq».
   
   Həmidə Nizamiqızı







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar