Gənc Tamaşaçılar Teatrının aktrisası Sona Babayevanın həyat və sənət hekayəsi
   
   “Rol sarıdan bəxtim o qədər gətirməsə də, burada mehribanlıq gördüm. Teatr mənim ailəm oldu. Burada insanların bir-birinin əlindən tutmağının, bir-birinin halına yanmağının şahidi oldum. Bu mənə böyük dəstək idi”

      
   «İş məni yormur. Bu yaşımda bir çox işin öhdəsindən gəlirəm. Hər səhər oğlumu işə, nəvəmi dərsə yola salıram. Veteranlar Komitəsinin sədri, Həmkarlar Komitəsinin üzvüyəm. Teatrdakı işlərimin öhdəsindən gəlirəm. İşləmək məni belə gənc saxlayır. Hamı deyir, sənə 45-50 yaşdan artıq vermək mümkün deyil».
   
   Noyabrın 8-də 70 yaşını tamamlayan Gənc Tamaşaçılar Teatrının aktrisası Sona Babayevaya həqiqətən də bu yaşı vermək mümkün deyil. İncə, zərif xanım olan S.Babayeva ilə görüşüb, onun ömür və sənət yoluna nəzər salıb, çətin və kəşməkəşli həyat hekayəsini dinlədik:
   - Valideynlərimi erkən itirmişəm. 1945-ci ildə uşaq evinə düşmüşəm. Amma heç vaxt özümü yetim hiss etməmişəm. Çünki uşaq evində bizə qarşı çox mehriban idilər. Direktorumuz Bahar Ağalarova gözəl və mehriban insan idi, hamımız ona «anacan» deyirdik. Bizə əsl ana idi. Rəqs etməyi, mahnı oxumağı, şeir deməyi sevirdim. O vaxtlardan içimdə incəsənətə bir meyl vardı. Bir gün uşaq evində bir otağa yığışmışdıq. Uşaqlar mənə dedilər, şeir de, mahnı oxu. Mən də bunu oxudum: “Əzizim ana, niyə sən məni dünyaya gətirdin, ondansa məni dənizdə batıraydın...”.
   Mən bunu rus dilində ağlaya-ağlaya oxudum. Mahnı bitdi, lakin uşaqlar məni alqışlamadılar. Demə, direktor qapının arasında dayanıb, mənə qulaq asırmış. Yanıma gəldi, məni qucaqladı və dedi ki, mən sənin ananam. O gündən sonra onu özümə ana bildim. O özü də kimsəsiz böyümüşdü. Biz uşaq evində heç nədən korluq çəkməmişik. Hər şeylə təmin olunaraq, tərbiyə alaraq, böyüdük.
   Mən indi də böyüdüyüm uşaq evinə baş çəkirəm. Oğluma, nəvəmə oranı göstərib, uşaqlıq xatirələrimi onlara danışıram.
   8-ci sinfi bitirəndən sonra Mərdəkandakı 13 saylı uşaq evinə gəldim. Məktəbin direktoru Dəlili Hüseyn də gözəl insan idi. İlk dəfə ad və soyadımla bağlı qəribəliyi mənə o xatırlatdı. Sənəddə Bəzari Babayeva Soniya yazılmışdı. Bildim ki, əslim İrandandır. Hüseyn müəllim 10-cu sinifdə oxuyarkən dedi ki, bugün-sabah məktəbi bitirirsən, sənin əlində pul olmalıdır. Onun köməyi ilə 183 saylı məktəbə baş dəstə rəhbəri işləməyə başladım.
   
   “Çətinliklərim uşaq evini tərk edəndən sonra başladı”
   
   Sona Babayeva uşaq evini tərk edib sərbəst həyata qədəm qoyandan sonra çətin günlərlə üzləşir. Bu vaxtadək dünyanı uşaq evinin pəncərəsindən görən gənc qız bu çətinliklərə sinə gərməyi bacarır. Həyatda yalnız özünə, zəhmətsevərliyinə güvənərək yaşamağa başlayır. Uşaqlıqdan sənətə olan sevgisinin ardınca getmək qərarına gəlir, aktrisalıq peşəsini seçir.
   - Mən qarşıma məqsəd qoymuşdum ki, əlim çörəyə çatmalıdır. Halal çörəyimi yeməli idim. İncəsənət İnstitutuna daxil oldum. Şahmar Ələkbərov, Həsən Əbluc, Tariyel Qasımov, Səfurə İbrahimova, Ağaxan Salmanlı ilə bir kursda oxumuşam. İnstituta daxil olsam da, qalmağa yerim yox idi. Dərslərimiz günün ikinci yarısı başlayırdı. Günün birinci yarısında Lenin adına kitabxanada (indiki Prezident Kitabxanası) vaxtımı keçirir, dərs oxuyurdum. Sonra “Vətən” kinoteatrının yeməkxanasında yemək yeyir və dərsə gəlirdim. Dərs qurtarandan sonra isə getməyə yerim yox idi. Bulvara gəlir və burada ağacların altında, oturacaqlarda yatırdım. Səhər tezdən durur «Ana-uşaq» kafesində çörək yeyəndən sonra yenə kitabxanaya gedib dərslərimi çalışırdım. Bir müddət belə yaşayandan sonra milis işçilərinin diqqətini çəkdim və məni milis bölməsinə apardılar. Belə yaşamağın təhlükəli olduğunu mənə başa saldılar. Mənim isə ev kirayələmək üçün imkanım yox idi. Bir az axtarandan sonra 3 mərtəbəli binanın pilləkənlərinin altında özümə qalmaq üçün yer tapdım. Amma yenə anladım ki, belə yaşamaq mümkün olmayacaq. Rektorumuz Rahib Hüseynovun yanına gəlib dedim ki, institutu tərk etmək istəyirəm. Zavod və ya fabriklərin birində işə düzəlmək istəyirdim. Dedim, yəqin orada yataqxana da olar. Rahib müəllim institutu tərk etməyə qoymadı. Ağaxanı çağırıb dedi ki, nə edirsən et, Sona üçün bir ev tap. Mənim kimsəsiz olduğumu bilirdi.
   Ağaxan isə mənim üçün qaldığım yerdəki binanın üçüncü mərtəbəsində ev tapmışdı. 22 manat təqaüd alırdım. Onun 15 manatını kirayə üçün ev sahibinə verirdim. Qalan pulla dolanırdım. Çətin idi. Ona görə də Rahib müəllim dedi ki, yanvar sessiyasında əlaçı olmalısan. Çox çalışdım. Orta təhsili rus dilində almışdım, Azərbaycan dilində pis danışırdım. Ona görə də danışıq dilimi düzəltməli idim. İstəyimə nail oldum. Qış sessiyasında əlaçı oldum və 24 manat təqaüdüm oldu. Rahib müəllim mənə çox kömək etdi. Televiziyada uşaq verilişlərində çıxış etməyim üçün şərait yaratdı. Maddi vəziyyətim azacıq da olsa yaxşılaşdı.
   
   “Mehdi Məmmədov mənə “çox peşman olacaqsan” dedi və oldum da”
   
   Gənc aktrisanın istedadını ilk qiymətləndirən və əlindən tutub teatra gətirən böyük teatr xadimi, rejissor, pedaqoq Mehdi Məmmədov olur. Mehdi müəllim Sonanın səhnə ifasını görüb, bəyənir, onu Akademik Dram Teatrına dəvət edir. S.Babayeva isə belə bir şansı əldən verir və o gündən bunun peşmançılığını çəkir.
   - Mən 2-ci kursda oxuyarkən 4-cü kursun tələbələri diplom tamaşası hazırlayırdı. Mehdi Məmmədov məni orada kiçik bir rol oynamağa dəvət etdi. Bundan sonra isə Akademik Milli Dram Teatrında hazırlayacağı «Şadlıq sorağında» tamaşasına dəvət etdi. Orada məktəbli qız rolunu mənə həvalə etdi. Məşqlərə gedirdim. Amma ora uyuşa bilmədim. Aktyorlar arasında qalmaqallı münasibətləri, intriqaları, xoş olmayan rəftarı gördüm. Belə bir mühitə alışmaq çətin idi. Rektorumuz Rahib müəllim dedi ki, belə bir şansı əldən vermə. Mehdi Məmmədov kimi sənətkar özü səni ora aparır. Mehdi müəllim də məni fikrimdən daşındırmağa çalışdı, “Qızım, sonra peşman olarsan” dedi. Amma mən onu dinləmədim və sonradan çox peşman oldum. Akademik Dram Teatrında çox uğur qazana bilərdim. Buna əminəm.
   Gənc Tamaşaçılar Teatrına isə məni 1963-cü ildə, 3-cü kursda oxuyarkən rejissor Zəfər Nemətov gətirdi. Mənə oynaya biləcəyim rolları təqdim etdi. Lakin aktrisalar mənə imkan vermirdilər. Tutaq ki, rejissor deyirdi ki, «Romeo və Cülyetta» əsərini oxu, sənə bu tamaşada rol verəcəyəm. Mən də oxuyurdum. Rol bölgüsündən sonra əmr çıxanda isə görürdüm ki, mənim adım əmrdə yoxdur.
   Aktrisa teatrda çox çətinliklər çəksə də, arzuladığı bir çox rolları ürəyində saxlamalı olsa da, burada ailəsini tapır, Gənc Tamaşaçılar Teatrını özünə ailə bilir.
   - Rol cəhətdən bəxtim o qədər də gətirməsə də, burada mehribanlıq gördüm. Teatr mənim ailəm oldu. Burada insanların bir-birinin əlindən tutmağının, bir-birinin halına yanmağının şahidi oldum. Bu mənə böyük dəstək idi. Hamı bilir ki, mənim heç kimim yoxdur. Dünyada oğlum, nəvəm və başımın üstündə Allahım var. Oynadığım tamaşalara baxmaq üçün də yalnız onları dəvət edirəm.
   Sona Babayevanın ürəyində qalan obrazlar çoxdur. O hansısa məşhur qəhrəman obrazını canlandırmaq arzusunda deyil. Teatrda tamaşaya qoyulan ayrı-ayrı əsərlərdə özünə, öz taleyinə oxşar obrazları görür. Onları səhnədə yaratmaq istəyir...
   Uşaq evində yaşayıb böyüyən aktrisa uzun illər sonra qardaşı və bacısını tapıb. İndi də onların münasibəti var.
   - Biz bir yerdə böyüməmişik. Qardaşımla bacımı çox sonralar tapdım. Əvvəlcə qardaşımı tapdım. Yay vaxtı pioner düşərgəsinə baş dəstə rəhbəri təyin olunmuşdum. Oradakı oğlanlardan biri məndən soruşdu ki, sizin Yusif adlı qardaşınız var? İçərişəhərdə yaşayırsınız? Əslində qardaşımdan xəbərsiz idim. Sadəcə bütün suallara «hə» deyə cavab verdim. Sonra həmin oğlan mənə dedi ki, Yusif bizim məktəbdə oxuyur. Siz bir-birinizə çox oxşayırsınız. Oğlandan hansı məktəbdə oxuduğunu öyrəndim. Məktəbdə də məni görənlər «Sən Yusifin bacısısan?» deyə soruşurdular. Məni bu vaxta qədər harada idin deyərək qınadılar.
   Orada öyrəndim ki, yaşca məndən balaca olan qardaşımı da uşaq evinə veriblər. Uşaqları olmayan ailə onu övladlığa götürüb. Yusifə analıq edən qadın məni evlərinə apardı. Orada Yusifi gördüm. Onu görən kimi qucaqlayıb ağladım. Yusifin atalığı isə məni görən kimi «Yusifə oxşayır, mənim qızımdır» dedi.
   Lakin Yusif mənə heç cür isinişə bilmirdi. Bu mənə pis təsir edirdi. Hərbi xidmətdə olarkən ona məktub yazır, pul göndərirdim. O vaxtlar Oqtay Salamzadə tez-tez teatra tamaşalara baxmağa gəlirdi. Onun «Tahirə» əsərini çox sevirdim. Bu kitabda uşaq evinin sakinlərinin həyatından bəhs olunur. Əsərdə qardaş uşaq evinə düşür, bacısı isə onu tapmaq üçün çox əziyyətlər çəkir. Elə bil bu kitabda bizim həyatımız yazılıb. Bu kitabı qardaşıma göndərdim. Dedim oxu, bəlkə ondan sonra məni başa düşərsən. «Tahirə» kitabı qardaşımı ayıltdı. Bu kitabdan sonra onun mənə münasibəti dəyişdi. İndi onunla münasibətimiz var. Amma az-az görüşürük. Mən onu qınamıram. Taleyimiz belə gətirib.
   Bacım isə özü məni uşaq evində tapıb. O vaxtlar 8-ci sinifdə oxuyurdum. Ona isinişmək çətin oldu. İllərlə məni yada salmırdı. Kirayə qalarkən uşaq evindən mənə həftəlik ərzaq verilirdi. Mən tək adam olduğumdan ərzaq mənim üçün çox idi. Ona görə də mənə verilmiş ərzağı çantalara yığıb bacıma aparırdım. Kasıb idi, 6 uşaq böyüdürdü.
   70 yaşını tamamlayan aktrisa yenə sənətə böyük həvəsi, yaradıcılıq şövqü ilə çalışır:
   - Bu günlərdə 70 yaşım tamam oldu. Bu yaşda artıq teatrdan getməli idim. Teatrın rəhbərliyi bilir ki, mən heç vaxt heç bir rolu ifa etməkdən boyun qaçırmamışam. Ən kiçik epizodik rol olsa belə. Direktor Mübariz Həmidov məni yanına çağırıb dedi ki, repertuardakı tamaşalarda varsan. Mənimlə müqavilə bağlandı. İndi müqavilə əsasında tamaşalarda oynayıram.
   
   Gülər Nizamiqızı







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar