Sənətsevərlərə məşhur rus operası «Aleko» təqdim olundu
Dekabrın 3-də Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında görkəmli rus bəstəkarı Sergey Raxmaninovun “Aleko” operasının premyerası keçirilib.
Premyeranı sənətsevərlər, musiqi və teatr ictimaiyyətinin nümayəndələri, Bakıda fəaliyyət göstərən xarici ölkə diplomatları izləyiblər.
Əməkdar incəsənət xadimi, dirijor Yalçın Adıgözəlovun rəhbərliyi ilə simfonik orkestrin müşayiət etdiyi tamaşa maraqla qarşılanıb. Əməkdar incəsənət xadimi, baş xormeyster Sevil Hacıyevanın başçılıq etdiyi xor kollektivi və solistlərin ifası, səhnədə tətbiq olunan videoproeksiya, əlvan və rəngarəng səhnə kostyumları tamaşanı daha baxımlı edib.
Qeyd edək ki, Sergey Raxmaninovun 19 yaşında (1892) qələmə aldığı bu əsər hələ zamanında musiqi dünyasında geniş rezonans doğurmuşdu. Böyük rus şairi Aleksandr Puşkinin «Qaraçılar» poemasının motivləri əsasında yazılan “Aleko” operası Moskva Konservatoriyasında oxuyan gənc bəstəkarın diplom işi olub.
Operanın süjetinə gəlincə, əsərdə şəhərdən qaçmış qürurlu Alekonun qaraçı köçünə sığınmasından bəhs olunur. Qəhrəman gözəl qaraçı qızına vurulur. Sevgi, qısqanclıq, coşqun ehtiras onların hər ikisini ölümə aparır.
Gənc S.Raxmaninov bu operanı diplom işi kimi təqdim edəndə onun müəllimi, dahi bəstəkar P.Çaykovski əsəri o qədər bəyənir ki, tələbəsinə 5 yazır və qiymətin üstünə 4 dənə üstəgəl işarəsi qoyur. Dahi Çaykovskini heyrətləndirən 19 yaşlı bir gəncin bu qədər hissiyyata, həyəcana, bu qədər musiqi bacarığına malik olması idi. Beləliklə, S.Raxmaninov artıq bu əsərlə şöhrət qazanaraq adını tanınmış musiqiçilərin sırasına yazdırır.
İndiyədək dünyanın bir çox teatr səhnələrində tamaşaya qoyulan məşhur operaya Azərbaycanda da müraciət olundu.
Tamaşaya quruluş vermək üçün tanınmış ukraynalı opera rejissoru Nikolay Tretyak dəvət əsasında Bakıya gələrək oktyabrın 10-dan tamaşanın quruluşu üzərində işləyib. Tamaşada əsas rolları əməkdar artistlər Əvəz Abdullayev (Aleko), Zemfira İsmayılova (Zemfira), Əkrəm Poladov (Qoca qaraçı), gənc və istedadlı vokalçı Azər Rzazadə (Gənc qaraçı) ifa edib. Operanın dekabrın 25-də keçiriləcək tamaşasında isə Zemfira rolunda İlahə Əfəndiyeva, Gənc qaraçı rolunda Tural Ağasıyev çıxış edəcək.
Tamaşanın dirijoru, Əməkdar incəsənət xadimi Yalçın Adıgözəlov səhnə əsəri ilə bağlı təəssüratını bölüşərək bildirdi ki, bu opera onun çoxdankı arzusu olub: «Dünyada çox tanınmış, qabaqcıl opera sənəti inkişaf edən ölkələr var. Rusiya böyük opera ənənəsi, mədəniyyəti olan ölkədir. Qlinka, Çaykovski, Raxmaninov və başqa bəstəkarların məşhur operaları dünya teatrlarında tamaşaya qoyulub.
Təəssüflər olsun ki, SSRİ-nin dağılmasından, mədəni əlaqələrin nisbətən zəifləməsindən sonra bizim teatrda rus operaları bir qədər diqqətdən kənarda qalmışdı. Mən Bakıda sonuncu dəfə 1991-ci ildə Çaykovskinin «Yevgeni Onegin» operasını idarə etmişəm. Ötən 20 ildə teatrımızın repertuarında rus operasının olmaması musiqiçilər, vokalçılar üçün bir itkidir. Halbuki biz rus operalarını başqa ölkələrdə, o cümlədən Türkiyədə rus dilində tamaşaya qoymuşuq. Bu baxımdan «Aleko»nun bizim teatrda oynanılmasına hamımız sevinirik. Həyəcanlı olmaqla bərabər üzərimizdə böyük məsuliyyət də hiss edirik. Çünki bu operaya dirijorluq etmək çoxdankı arzum idi».
Rejissor işini yüksək qiymətləndirən Y.Adıgözəlov N.Tretyakın alicənab və bacarıqlı sənətkar olduğunu bildirdi: «Onunla çalışmaq bizə çox maraqlı və çox rahat oldu. Bizim musiqi mədəniyyətimizə, xalqımıza böyük marağı və hörməti var. Bu çox vacib məsələdir. Tamaşada dəvət olunmuş solist yoxdur. Ancaq öz solistlərimizlə bu tamaşanı ərsəyə gətirdik”.
Tamaşadan sonra Xalq artisti, bəstəkar Musa Mirzəyev tamaşanı çox bəyəndiyini deyərək, yaradıcı heyətin işin öhdəsindən layiqincə gəldiyini bildirib: «Yalçın Adıgözəlovun rəhbərlik etdiyi simfonik orkestrin çıxışı ən yüksək qiymətə layiqdir. Xor kollektivi və solistlərin çıxışı haqqında da eyni sözləri deyə bilərəm. Aleko partiyasının ifaçısı Əvəz Abdullayev yüksək vokalı və məharətli aktyor ifası ilə tamaşaçıları heyran etdi. Bu tamaşa opera sənətinin bayramına çevrildi».
Gülər Nizamiqızı