Krım Tatar Musiqili Dram Teatrı Bakıya qastrola gəlib
Krım Tatar Akademik Musiqili Dram Teatrı Bakıda qastrol səfərindədir. Yaradıcı heyət paytaxtımıza Xalq yazıçısı Elçinin «Şekspir» əsəri əsasında hazırladığı «Xəstə könül» tamaşası ilə gəlib.
Qeyd edək ki, indiyədək bir sıra xarici ölkələrin teatrları - Moskva Dərviş Teatrı, Londonda fəaliyyət göstərən «Avanqard» teatrı, o cümlədən Krım Tatar Akademik Musiqili Dram Teatrı bu əsərə müraciət edib. Tamaşanın quruluşçu rejissoru və rəssamı Ukraynanın Əməkdar incəsənət xadimi Rinat Bektaşevdir. Rolları Ukraynanın Əməkdar artisti Dilavər Səttərov, Krım Muxtar Vilayətinin əməkdar artistləri Eldar Cəlilov, Marlen Osmanov, Fatma Asanova, Əşrəf Yaqyayev, Lemara Cəlilova və başqaları ifa edirlər. Tamaşa dekabrın 20-də Milli Akademik Dram Teatrının səhnəsində sənətsevərlərə təqdim olundu.
Tamaşadan öncə teatrın bədii rəhbəri və direktoru Bilal Bilalov, quruluşçu rejissoru Rinat Bektaşev, həmçinin Kote Marcanaşvili adına Gürcüstan Dövlət Akademik Dram Teatrının bədii rəhbəri Levan Tsuladze, Kişinyovdakı E.İonesku adına Teatrın bədii rəhbəri Petru Vutkareunun iştirakı ilə mətbuat konfransı keçirildi. Konfransı Milli Akademik Dram Teatrının direktoru İsrafil İsrafilov açaraq, GUAM ölkələrinin teatrları arasında yaradılan qarşılıqlı əlaqələrdən danışdı: «GUAM ölkələrinin müxtəlif sahələrində, o cümlədən mədəniyyət sahəsində sıx əməkdaşlıq əlaqələri yaradılmaqdadır. Bizim nəzərdə tutduğumuz layihələr uzunmüddətlidir. Bu layihə GUAM ölkələri arasında uzunmüddətli yaradıcılıq əlaqələrini, qarşılıqlı qastrol səfərlərini, rejissor mübadiləsini, birgə layihələri, texniki heyətin təcrübə mübadiləsini, hər bir ölkədə fəaliyyət göstərən dramaturqların pyeslərinin digər ölkələrin teatrlarında tamaşaya qoyulmasını nəzərdə tutur».
İ.İsrafilov bildirdi ki, hazırda teatrda L.Tsuladze Maks Frişin «Don Juan və yaxud həndəsəyə məhəbbət» əsəri əsasında, moldovalı rejissor P.Vutkareu isə Xalq yazıçısı Elçinin «Şekspir» əsəri əsasında tamaşalar hazırlayır. Krım Tatar Akademik Musiqili Dram Teatrının Bakıya qastrol səfəri də bu layihə çərçivəsində həyata keçirilən tədbirlərdəndir.
Qeyd edək ki, Krım Tatar Teatrının dekabrın 24-dək davam edəcək qastrol səfəri zamanı Xalq yazıçısı Elçinin «Şekspir» əsəri əsasında hazırlanan «Xəstə könül» tamaşası Qaradağ rayonunda və Sumqayıtda da nümayiş olunacaq.
Gülər Nizamiqızı