“Səhnədə səmimi olmaq ən vacib göstəricidir. Çünki keçirdiyin hisslərlə tamaşaçını aldatmaq mümkün deyil”
   
   Sevgisi uğrunda mübarizə aparan, təmiz hislərinə görə həyatından belə keçməyə razı olan qəhrəmanlar ta uşaqlıqdan hər birimizin pərəstiş etdiyi obrazlar olub. Bəs, görəsən, səhnədə sevə-sevə seyr etdiyimiz qəhrəmanların obrazlarını yaradan, onların sevgisini, həyəcanını tamaşaçıya çatdıran sənətçilər hansı hissləri keçirirlər.
   
   Dövlət Gənc Tamaşaçılar Teatrının gənc aktrisası Günel Məmmədova artıq yeddi ildir çalışdığı bu səhnədə müxtəlif xarakterli rollar oynayıb. Bununla belə aktrisa öz sevgisi uğrunda mübarizə aparan, çarpışan qəhrəmanların onun sənət ampluasına daha yaxın olduğunu deyir.
   - Teatrın səhnəsində Viktoriya, Cülyetta kimi obrazlar yaratmısan. Bu obrazları səhnədə yaşamaq üçün aktrisaya nə lazımdır?
   - Önəmli olan hisslərdir. Sevgi də Tanrının insana verdiyi hisslərdən biridir. Obraza o qədər yaxınlaşmalısan ki, daxilindəki sevgi hissi ilə tamaşaçını inandırmağı bacarasan. Bu hiss hər kəsə əzizdir. Səhnədə səmimi olmaq, məncə, ən vacib göstəricidir. Çünki keçirdiyin hisslərlə tamaşaçını aldatmaq mümkün deyil.
   - Tərəf-müqabilin kimliyi necə, çoxmu önəmlidir?
   - Təbii ki, önəmlidir. Bəzən həyatda tanımadığın biri ilə səhnədə sevgili olmalı olursan. Həmkarım Rasim Cəfər həmişə deyir ki, tərəf-müqabilini bəyənməsən, çalış onun simasında xoşagələn nə isə tapasan və sevgini ora yönəldəsən. Sevgili rolunu ifa edərkən daha çox obrazı təsəvvürümdə canlandırıram. Məsələn, Cülyettanı ifa etdiyim zaman yalnız Romeonu düşünürəm.
   - Elə bir rol varmı ki, onu özünə daha yaxın bilirsən?
   - Cülyettanı oynamağı arzulamışam və bu da mənə qismət oldu. Eyni zamanda müxtəlif xarakterli rollar oynamaq istərdim. Mənfi qəhrəmanları canlandırmaq mənə maraqlıdır.
   - Bir qədər keçmişə qayıdaq. Aktyorluq sənətinə necə gəldin?
   - 4-5 yaşından rəqslə məşğul olurdum. Ona görə səhnəyə adət etmişdim. Yəni səhnə uşaqlıqdan mənə yaxın olub. Artıq yeddi ildir ki, professional səhnədəyəm. Gənc Tamaşaçılar Teatrında çalışmaqla yanaşı, bu ildən Akademik Milli Dram Teatrında da tamaşaya dəvət almışam. Həmin teatrda hazırda Bertold Brextin “Kuraj ana və onun uşaqları” əsəri əsasında səhnələşdirilən tamaşada (rejissor Rafiq Əliyev) lal qız Katrin rolu üzərində işləyirəm. Çətin, psixoloji roldur.
   - Teatrla bərabər kinoda da çəkilirsən. Daxilən hansı sənə daha yaxındır: kino yoxsa teatr?
   - Hələ orta məktəbdə oxuyarkən filmlərə çəkilməyə başlamışam. “Yalan” (Nərgiz), “Tərsinə çevrilən dünya” (Dilarə), “Bir insanın yaxşılığı”, “Yuxu yaddaşı” və s. filmlərdə çəkilmişəm. Düzünü deyim ki, əvvəllər kinonu özümə daha yaxın bilirdim. Ancaq indi hər ikisi mənə yaxındır. Teatr canlıdır. Səhnədə olarkən tamaşaçıdan enerji alıram. Obrazın keçirdiyi hissləri ötürməyə çalışıram. Kino da ayrı bir aləmdir. Hər hansı epizodda kiçik hərəkətlə və ya bir baxışla çox şey demək olur.
   - Bu günə qədər ən çox sevdiyin rolun hansı olub?
   - İstənilən rol çox vaxt aktyora əziz olur. Viktoriya (“Viktoriya”), “Nensi” (“Oliver Tvistin macəraları”), Cülyetta (“Romeo və Cülyetta”) ən sevimli rollarımdır. “Məhv olmuş gündəliklər” tamaşasındakı Anjel rolu sevmədiyim obraz idi. Onu çox götür-qoy etdim. Lakin nümayişdən sonra mənə qarşı tamaşaçı rəğbətini hiss elədim.
   - Yəqin kinoda da, teatrda da özünə kənardan baxıb qüsurlar tapırsan?
   - Təbii ki, qüsurlar olur. Kino elədir ki, bir dəfə çəkildin bitdi getdi. Ancaq teatrda oynadıqca qüsurları görürsən. Aktyor özü daha yaxşı bilir ki, necə oynayır. Ətrafdakı tənqid və ya təriflərə baxmayaraq özün daha yaxşı təhlilçi olmalısan.
   - Gənc, subay xanım üçün aktrisa olmaq çətin deyil ki?
   - Öncə ailəm aktrisa olmağımı istəmirdi. Lakin sonra səhnəyə sevgimi görüb mənə dəstək oldular. Anam hər tamaşama gəlir. Birlikdə müzakirə də edirik. Aktyorluq elədir ki, tamaşanı vaxtında çatdırmaq və obrazın daxilinə varmaq üçün çox çalışmalı oluruq. Günlərlə məşq edirik. Bu da zehni və fiziki yorğunluğa səbəb olur. Ona görə də ətrafında sənəti anlayan insanların olması olduqca vacibdir. Teatr mənim üçün fərqli dünyadır. Aktrisalıqdan kənar özümü təsəvvür etmirəm. Arzu edirəm ki, yeni-yeni tamaşalar səhnələşdirilsin, qocaman, peşəkar teatr sənətçiləri ilə yanaşı, gənclər də işləsin. Müasir quruluşlarla tamaşaçıları sevindirək.
   
   Reyhan İsayeva







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar