Sərhəd tanımayan sənət xalqları birləşdirir
Zəngin ənənələri olan Azərbaycan teatrı dövlətin bu sahəyə göstərdiyi diqqət və qayğı sayəsində inkişaf edir, ölkəmizin sərhədlərini aşaraq dünyanın sənət aləminə inteqrasiya edir. Qloballaşma dövründə mədəniyyətlərarası dialoqun təşəbbüskarı olan ölkəmizin dünyadakı mədəniyyət elçisi rolunu oynayan sənət növlərindən biri də milli teatrımızdır.
Azərbaycanın böyük maarifçi oğlu, mütəfəkkir Mirzə Fətəli Axundzadənin əsasını qoyduğu Azərbaycan dramaturgiyası o gündən bu yana özünəməxsus ideya və missiyasını davam etdirir. Mədəni münasibətlərdə aşınmanın müşahidə olunduğu hazırkı dövrdə teatrın maarifləndirmə funksiyası çox vacibdir. Bu mənada milyonlarla insanın, onlarla millətin təmsilçilərinin yaşadığı nəhəng dövlətdə, Amerika Birləşmiş Ştatlarındakı soydaşlarımızın Azərbaycan teatrı yaratmaq arzusu da yəqin elə buradan qaynaqlanır.
Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 20-ci ildönümünə və M.F.Axundzadənin anadan olmasının 200 illiyinə töhfə olaraq dekabrın 4-də Nyu-York-Azərbaycan Teatrının ilk tamaşası oldu. Beləcə Amerikada Azərbaycan teatrının binası qoyuldu. Böyük ədibin «Müsyö Jordan və Dərviş Məstəli şah» əsərinin premyerası anşlaqla keçib, tamaşa azərbaycanlı sənətsevərlərlə yanaşı digər millətlərin nümayəndələri tərəfindən də maraqla qarşılanıb.
Səhnə əsərinin quruluşçu rejissoru, H. Ərəblinski adına Sumqayıt Dövlət Musiqili Dram Teatrının baş rejissoru, Əməkdar artist Firudin Məhərrəmov səfər təəssüratını bizimlə bölüşdü: “Bu təşəbbüs hələ bir neçə il öncə Azərbaycan-Nyu-York Assosiasiyasının mədəniyyət şöbəsinin müdiri Telman Cəlilov tərəfindən irəli sürülmüşdü. Nəhayət, bu il həmin təşəbbüs reallaşdı. Assosiasiya dövlət müstəqilliyimizin bərpasının 20 ili münasibətilə hazırladığı bayram konsertinə quruluş verməyi və tamaşanı səhnəyə qoymağı mənə həvalə etdi. Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə oktyabrda ABŞ-a yola düşdük. Bayram tədbirində iştirak üçün sənət dostlarımız - Dövlət Musiqili Komediya Teatrının direktoru Əliqismət Lalayevin rəhbərliyi ilə Xalq artisti Afaq Bəşirqızı və teatrın aktyor qrupu həmvətənlərimiz qarşısında maraqlı proqramla çıxış etdi. Bu möhtəşəm tədbirə başqa millətlərin icmaları, eləcə də bir zamanlar Azərbaycanda yaşamış ruslar və yəhudilər böyük həvəslə gəlmişdilər. Azərbaycana sevgilərini sənət adamlarımızın ifalarını alqışlamaq və xoş sözlər deməklə bildirən insanlar mədəniyyətimizə heyran qaldıqlarını dilə gətirdilər.
Bayram mərasimindən sonra biz daha böyük missiyamıza, ilk tamaşamızın məşqlərinə başladıq. Vaxtın az, aktyorların isə qeyri-peşəkar olması ilk günlər bizi çox həyəcanlandırırdı. Lakin tezliklə teatr, sənət vurğunu olan həmvətənlərimizin qeyri-peşəkarlığa rəğmən böyük həvəs və əzmkarlığını gördüm. Aktyorların müxtəlif yaş qruplarını, nəsilləri təmsil etməsinə baxmayaraq, eyni həvəs və enerji ilə çalışmaları məni heyran etdi. Hərəsinin öz işi, peşəsi olan bu insanlar işdən çıxaraq məşqlərə gəlir, günün stress və yorğunluğuna məhəl qoymadan hər epizod üzərində həvəslə çalışırdılar. Bəzən məşqlər gecə yarıyadək davam edirdi. Tamaşa üzərində bir aya yaxın işlədik. Ortaya çıxan bütün texniki məsələləri (məşq üçün yerin icarəsi və s.) soydaşlarımızın köməyi ilə həllini tapdı”.
Tamaşanın böyük maraqla qarşılandığını deyən müsahibimiz burada Azərbaycana olan sevginin bir daha şahidi olduğunu, mədəniyyətimizin, musiqi və teatrımızın əcnəbilərdə yaratdığı böyük təəssüratdan məmnun qaldığını bildirdi: «Tamaşanın premyerası dekabrın 4-də oldu. Nümayişə oradakı həmvətənlərimizlə yanaşı ayrı-ayrı icmaların təmsilçiləri də dəvət olunmuşdu. Tamaşada hadisələrin Qarabağda, Novruz bayramı günlərində cərəyan etməsini nəzərə alaraq səhnədə Qarabağın Azərbaycana məxsusluğunu müəyyən detallarla daha qabarıq göstərməyə çalışdıq. Tamaşaya Kosa obrazını da əlavə etmişdik. Səhnədə gözəl Novruz süfrəsi qurulmuşdu. Ümumilikdə həmin axşama bir Azərbaycan ab-havası hökmran idi. Onu da deyim ki, o bayram süfrəsini, şəkərbura və qoğalları, paxlavaları orada yaşayan xanımlarımız hazırlamışdılar. Beləcə tamaşa vasitəsilə bütünlükdə Azərbaycan xalqının məişətini, həyatını, yaşam tərzini göstərməyə çalışdıq. Bu detallarına görə də amerikalıya ekzotik təsir bağışlayan tamaşa maraqla keçdi. Bir məsələni də deyim ki, mən orada azərbaycanlılarla yanaşı vaxtilə Bakıda yaşamış rus və yəhudi milləti nümayəndələrinin böyük Azərbaycan sevgisinin, nostalji duyğularla Bakıya bağlılıqlarının, eləcə də cənublu yurddaşlarımızın millət, vətən yanğısının da şahidi oldum. Uzaq Amerikada, həyatın ağlagəlməz sürətlə dəyişdiyi bir meqapolisdə bu məqamlara köklənmək elə də asan deyildi. Amma gözəl ədəbi nümunə, əsrarəngiz Azərbaycan musiqisi və milli geyimləri adamı istər-istəməz ruhlandırırdı».
Yeri gəlmişkən, tamaşanın musiqi tərtibatında xalq mahnı və rəqsləri ilə yanaşı professional bəstəkarlarımızın əsərlərinə də yer verilib. Nümayişi uğurla keçən səhnə və geniş maraq doğuran tamaşanın ABŞ-ın Vaşinqton, Hyüston və digər şəhərlərində göstərilməsi də nəzərdə tutulub: «Azərbaycan mədəniyyətinin, teatrının ingilisdilli tamaşaçılara çatdırılması məqsədilə tamaşanın tərcümə olunaraq daha geniş auditoriyada nümayiş etdirilməsi təşəbbüsü ilə də çıxış etdik».
Rejissor ilk dəfə səhnəyə çıxan aktyorların oyunundan razı qaldığını dedi. Tamaşada Müsyö Jordan rolunu Samir Quliyev, Dərviş Məstəli şahı Canpolad Cəlilov, Hatəmxan ağanı Qurban Yəhya, Şahbaz bəyi Kamal Rüstəmov və Rüfət Verdiyev, Şəhrəbanu xanımı Aludə Zeynalova, Gülçöhrəni Nərmin Vahabzadə və Azita Zeynalova, Xanpərini Nərminə Şirinova, Qulaməli və Kosa rollarını isə Anar Vahabzadə və Adil Məmmədov oynayıblar: «Şərəfnisə xanım obrazını canlandıran yəhudi əsilli Bella Xanuka ilə işləmək daha çətin və həm də maraqlı idi. Rusdilli olan bu xanıma nəinki mən, eləcə də digər ifaçılar azərbaycanca danışmaq və düzgün tələffüz öyrədirdilər. O da bundan zövq alır və öyrəndiyi hər söz, qurduğu hər cümləyə görə sevinirdi. Belə maraqlı, gülməli, çətin və həm də maraqlı bir işbirliyinin sonunda tamaşanın uğurla keçməsinə görə çox məmnunuq».
Onu da qeyd edək ki, tamaşanın quruluşçu rəssamı və rəqs quruluşçusu Əməkdar artist Telman Cəlil, səs rejissoru Ceyhun İsa, rejissor assistenti isə Aludə Zeynalovadır.
Bu səfəri məhsuldar adlandıran müsahibimiz Amerikada Azərbaycan teatrının yaranmasında iştirak etməsinin qürurverici hal olduğunu bildirdi: «Təbii ki, hər bir yaradıcı adamın içərisində bir yaratmaq, qurmaq, yenilik etmək və bunu da qəbul etdirmək kimi bir istəyi olur. Digər tərəfdən nə vaxtsa bu tarixi vərəqləyənlər o teatrın yaradıcıları sırasında bizim də adımızı çəkəcəklər. Bu maraqlı və əziyyətli səfərdə o insanlara nə isə öyrətdiksə, bu bizim üçün kifayətdir».
Həmidə Nizamiqızı