15 il Sumqayıt Musiqili Dram Teatrının səhnəsində
Sumqayıt Dövlət Musiqili Dram Teatrında yazıçı-dramaturq İsi Məlikzadənin “Gəl, qohum olaq” pyesinin tamaşasına baxış olub. Gələn il Sumqayıt teatrında “ömrünün” 15 illiyini qeyd edəsək bu səhnə əsəri tamaşaya qoyulduğu ilk gündən böyük populyarlıq qazanıb.
Əsərin quruluşçu rejissoru teatrda bir neçə əsərə səhnə həyatı vermiş istedadlı aktyor, Sumqayıt teatrının veteranı, Xalq artisti Valeh Kərimovdur. Onun özünün də baş rollardan birini ifa etdiyi bu əsər uzun illərdir ki, təkcə Sumqayıtda deyil, respublikamızın müxtəlif şəhər və rayonlarına, hətta qonşu ölkələrə qastrollar zamanı da böyük uğurla, tam anşlaq şəraitində nümayiş etdirilib.
Budəfəki nümayişdə şəhər ictimaiyyəti və Azərbaycan Dövlət Neft Şirkətinin “Azərikimya” İstehsalat Birliyi kollektivi iştirak edib. Alqışlarla qarşılanan tamaşada rolları özünəməxsus ustalıq və məharətlə ifa etmiş Xalq artisti Valeh Kərimova, Əməkdar artist Fəranə Musayevaya, istedadlı aktyorlar İlahə Cəfərovaya, İlqar İbrahimova və Yalçın Səlimova tamaşaçı minnətdarlığının ifadəsi olaraq iştirakçılar tərəfindən gül-çiçək dəstələri təqdim edilib.