Teatr ilin son premyerasını keçirdi
Akademik Milli Dram Teatrı 2011-ci ilin son premyerasını keçirdi. Dekabrın 24-də və 25-də teatrda Viktor Hüqonun «Mariya Tüdor» pyesi əsasında hazırlanan «Qadın məhəbbəti» adlı yeni tamaşa nümayiş olundu.
Mehdi Məmmədovun tərcüməsi əsasında hazırlanan tamaşa 60-cı illərdə də teatrın səhnəsində oynanılıb. O vaxtlar görkəmli rejissor Tofiq Kazımovun quruluş verdiyi «Mariya Tüdor» tamaşasında əsas rolu - Kraliçanı Xalq artisti Hökümə Qurbanova ifa etmişdi.
İllər sonra yenidən səhnə həyatı qazanan tamaşanın rejissoru Gümrah Ömərdir. Qeyd edək ki, G.Ömər Gəncə Dövlət Dram Teatrında baş rejissor işləyir. Milli Dram Teatrına bu tamaşanı hazırlamaq üçün dəvət olunmuşdu. Səhnə əsərinin quruluşçu rəssamı Rasim Bəykişiyev, musiqi tərtibatçısı Həmid Kazımzadə, rejissor assistenti Ceyran Həsənovadır.
«Qadın məhəbbəti»ndə baş rolu (Kraliça) Xalq artisti Məleykə Əsədova, digər rolları - Xalq artisti Hacı İsmayılov (Zindan rəisi), əməkdar artistlər Cəfər Namiq Kamal (Vali), Sabir Məmmədov (Fəhlə), Kazım Həsənquliyev (Fəhlə), Ayşad Məmmədov (Yəhudi), Əjdər Həmidov (Yəhudi), Elxan Quliyev (Zindan rəisi), Telman Əliyev (Kansler), aktyorlar Elşən Rüstəmov (Məşuq), Hikmət Rəhimov (Məşuq), Şəlalə Şahvələdqızı (Qız), İlahə Həsənova (Qız), Vüsal Mustafayev (Cəllad) ifa edirlər. Tamaşanın süjeti və əsas hadisələr Kraliça (Mariya Tüdor) üzərində qurulub. Kraliça öz sevgilisinin ona xəyanət etməsindən şübhələnir və ondan qisas almaq üçün tələ qurur. Xəyanətə əmin olduqdan sonra isə onun haqqında ölüm hökmü verir. Sonda bunun ədalətsizlik olduğunu anlayanda isə artıq gec olur. Tamaşanın birinci hissəsində hadisələr, ikinci hissəsində isə qadın məhəbbəti tamaşaçılara təqdim olunur.
Gülər