Dekabrın 29-da Beyləqan rayonunda açıq havada yaradılmış “Azərbaycanın Dövlətçilik Tarixi” muzeyində «İşıqlı, nurlu sabah» tamaşası nümayiş olunub. C.Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrının direktoru, Əməkdar mədəniyyət işçisi İftixar Piriyevin müəllifliyi və quruluşunda təqdim olunan tamaşada teatrın bütün aktyor truppası iştirak edib.
   Azərbaycanın dövlətçilik tarixindən bəhs edən səhnə əsərində eramızdan əvvəl III minillikdən başlayan Azərbaycanın qədim dövlətçilik tarixi, bu tarixin şanlı səhifələri, müstəqil Azərbaycan dövlətinin yarandığı və təşəkkül tapdığı dövr tamaşada maraqlı səhnə həllini tapıb.
   Meydan tamaşası üslubundakı səhnə əsəri Azərbaycan Respublikası Prezidentinin 50 illiyi münasibətilə Beyləqan Rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə hazırlanıb.
   Dünya azərbaycanlılarının həmrəyliyi günü ərəfəsində tamaşaçıların görüşünə gələn səhnə əsərinin musiqi tərtibatında Üzeyir Hacıbəylinin, Qara Qarayevin, Fikrət Əmirovun, Soltan Hacıbəylinin simfonik əsərlərindən parçalardan da istifadə olunub. Tamaşanın bəstəkarı Ramiq Nəsirov, geyim üzrə rəssamı Nabat Səmədova, musiqi tərtibatçısı Ağası Nəsirov, rejissor assistenti Xəqani Əliyevdir.
   Tədbirdə İrəvan Dövlət Azərbaycan Dram Teatrının üzvlərinə, həmçinin 2011-ci ildə Beyləqanın ictimai-siyasi həyatında fəallıq göstərən şəxslərə rayon icra hakimiyyətinin fəxri fərmanları təqdim edilib.
   İ.Piriyev tamaşanın maraqla qarşılandığını və alqışlarla müşayiət olunduğu bildirdi.
   
   Həmidə