Estoniyada həmyerlimiz Rauf Avşar tərəfindən yaradılan «Rauf Avşar adına kukla teatrı»nın 15 illik yubileyi qeyd ediləcək. 
   Bu əlamətdar tarix teatrın bədii rəhbəri R.Avşarın da 60 illik yubileyi ilə üst-üstə düşür. Bədii rəhbər ötən 15 ildə teatrın bir çox nailiyyətlər əldə etdiyini bildirdi: «Bu illər ərzində mənə ən çox dəstək həyat yoldaşım Xatirə Avşarovadan olub. Layihələrin reallaşmasını o həyata keçirib. Estoniyanın Mədəniyyət Nazirliyi bizə dəstək verir və bizim teatr haqqında yüksək fikirdədir. Ən əsası odur ki, Estoniyanın cəmiyyəti bizim teatr vasitəsi ilə Azərbaycan mədəniyyəti ilə yaxından tanış olur».
   Bu ilin noyabrında Bakıda keçirilən I Beynəlxalq Kukla Teatrı Festivalında dahi bəstəkar Üzeyir Hacıbəylinin «O olmasın, bu olsun» musiqili komediyası əsasında hazırlanan «Məşədi İbad» tamaşası ilə iştirak edən teatr yenidən Azərbaycana gəlmək arzusundadır. Teatr bu dəfə «Üç keçi» tamaşası ilə kiçik sənətsevərləri sevindirəcək: «2012-ci ildə teatrımız «Üç keçi» Azərbaycan nağılı əsasında yeni tamaşanı təqdim edəcək. Nağıl qısa olduğuna görə tamaşaya yeni personajlar əlavə etdim. Tamaşanın hazırlanmasında Azərbaycan Dövlət Kukla Teatrının kukla üzrə rəssamı Rəvanə Yaqubova bizə kömək edir. Azərbaycanın Əməkdar rəssamı Rza Avşarov isə səhnə əsərinin quruluşçu rəssamıdır».
   
   Gülər