Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin musiqili teatr rejissorluğu fakültəsinin IV kurs tələbələri “Ər və arvad” operettası əsasında səhnələşdirdikləri eyniadlı tamaşanı müvəffəqiyyətlə nümayiş etdiriblər.
1909-cu ildə dahi bəstəkar Üzeyir Hacıbəyli tərəfindən qələmə alınmış “Ər və arvad” komediyası Şərqin ilk operettasıdır. Əsər 1910-cu il mayın 24-də Bakıda Nikitin qardaşları sirkində göstərilib və bununla da ölkəmizdə musiqili komediya teatrının əsası qoyulub. Həmin vaxt rollarda Hüseynqulu Sarabski, Əhməd bəy Ağdamski, Mirzağa Əliyev çıxış etmişdilər. Daha sonra əsərə 1939 və 1942-ci illərdə yenidən quruluş verilib və tamaşa böyük uğur qazanmışdır.
Uzun fasilədən sonra 2010-cu ildə əsər Üzeyir Hacıbəylinin 125, Musiqili Komediya Teatrının isə 100 illik yubileyləri münasibətilə yenidən tamaşaya hazırlanıb. Budəfəki quruluşun müəllifi teatrın baş rejissoru Yusif Əkbərov, rəssamı isə Eldar Qurbanov olub.
Tələbə-aktyorlar yeni tamaşa üzərində işləyərkən sonuncu quruluşdan da bəhrələniblər. Tamaşada xalq artistləri Afaq Bəşirqızının, İlham Namiq Kamalın, Əməkdar artist Əkbər Əlizadənin, aktyorlardan Gülcahan Salamovanın, Möylə Mirzəliyevin, Ağaxan Şərifovun, Hüseyn Əlilinin, Əliməmməd Novruzovun və teatrın xor kollektivinin səsindən istifadə edilib. Tələbə-aktyorlar bu tamaşanın hazırlanma prosesində xeyli təcrübə qazanıb, teatrın ayrı-ayrı sexləri ilə tanış olaraq onlarla işləmək yollarını, qrim, işıq və səs effektlərindən istifadə qaydalarını öyrəniblər.
Tələbə-aktyorların təqdim etdikləri tamaşada Ramil Əliyev Mərcan bəy, Aygül Orucova Minnət xanım, Tural Xəlilzadə Kərbəlayi Qubad, Günay Rəhimova və Fatimə İbrahimova Gülpəri, Zəkrulla Əlişirli Səfi, Gülnar Kərimova Arvad rollarında, Rəşad Nuriyev, Hüsniyyə Əliyeva, İlahə Şirinbəyli, Fərahim Xəlilov isə kütləvi səhnələrdə çıxış ediblər.
Tamaşanın uğur qazanması tələbə-aktyorları yeni qələbələrə ruhlandırıb. Fevral ayından başlayaraq tələbələr diplom işi kimi sərbəst tamaşa hazırlığına başlayacaq.