5 yaşından səhnədə bir-birindən fərqli obrazlar yaradan Tahir Xudaverdiyev vətənin ağır günündə 22 yaşında həyat səhnəsində şah rolunu yaratdı. Şəhid aktyor kimi yaddaşlara, qəlblərə, xatirələrə köçdü...
İllərin o üzündəki ömür
... Akademik Milli Dram Teatrının aktyoru, Əməkdar artist Firuz Xudaverdiyev hərdən tamaşaçı salonundan oturub boş səhnəyə uzun-uzadı tamaşa edir... Bu səhnəyə ilk dəfə 36 il əvvəl qədəm qoyub. Amma bunadək artıq 7 il səhnə təcrübəsi vardı, Mingəçevir Dövlət Dram Teatrında C.Cabbarlının “Almaz” pyesində Fuad, S.S.Axundovun “Eşq və intiqam”ında Şəmsi bəy, S.Vurğunun “Fərhad və Şirin”ində vəzir, İ.Əfəndiyevin “Məhv olmuş gündəliklər”ində Ədalət və s. rolları oynamışdı.
Firuz Xudaverdiyev Mehdi Məmmədovun sinfini bitirmişdi, elə Akademik Milli Dram Teatrına da 1976-cı ildə sənət müəlliminin təklifi ilə gəlmişdi.
Səhnədə taleyinə kiçik rollar düşsə də, Firuz Xudaverdiyev zaman-zaman xırda rolların böyük aktyoru kimi tanınıb sevildi. Ən kiçik rolları belə, böyük şövq və məhəbbətlə oynadı. Cəlil Məmmədquluzadənin “Dəli yığıncağı”nda kişi, A.Şaiqin “Fitnə” sində qoca, V.Şekspirin “Maqbet”ində əsgər, L.Frankın “Yad adam”ında çolaq, Anarın “Səhra yuxuları”nda polis və onlarca belə maraqlı, yaddaqalan rolları onu bir aktyor kimi sevdirdi. O da bütün qəlbi ilə sənəti, səhnəni sevdi...
Xoş təsadüf
...Xoşbəxt günlərin biri idi. Firuz Xudaverdiyev ailəsi ilə dənizkənarı parkda gəzintiyə çıxmışdı. Qəfildən Mehdi Məmmədovla üz-üzə gəldilər. Görüşdülər. Böyük rejissor uşaqlara mehribanlıqla nəzər saldı. Bu görüş izsiz qalmadı. Növbəti günlərin birində Mehdi Məmmədov Firuz Xudaverdiyevə məsləhət gördü ki, Tahiri teatra gətirsin. Bu balaca oğlana rol verib sınamaq istəyirdi. Firuz bir ata kimi tərəddüd etsə də, rejissorun əminliyi onu sakitləşdirdi. Tahirin böyük səhnədə ilk rolu “Dəli yığıncağı”nda xəstə uşaq obrazı oldu.
...İlk tamaşa günü hamıdan çox Tahirin atası - Firuz həyəcan keçirirdi. Tez-tez sual verirdi: “Görəsən, Tahir Mehdi müəllimin ümidini doğrulda biləcəkmi?” Uşaqlıdan dilli-dilavər, hazırcavab olan Tahir ilk roldaca özünü doğrultdu. Balaca aktyorun oyunu tamaşaçılar tərəfindən alqışlarla qarşılandı.
...Həmin tamaşadan sonra Tahir bir-birindən maraqlı rollar oynadı. C.Cabbarlının “Sevil” pyesində Gündüz, L.Frankın “Yad adam” pyesindəki dilənçi oğlan rolları onu tamaşaçılara bir az da sevdirir. O zamanlar Yaşar Nuri Tahir haqqında belə deyirdi: “Həmişə mən oynadığım tamaşalarda o da iştirak edir. “Dəli yığıncağı”, “Sevil”, “Sizi deyib gəlmişəm”... Teatrda hamı onu görəndə başını sığallayır və “necəsən, oğlum?” deyə soruşur. Amma mən nədənsə onu görəndə kövrəlirəm... Xüsusən sənət dostum Firuz Tahirin əlindən tutub teatra gələndə... Bir zamanlar mən də bax beləcə atamın əlindən tutub teatra gələrdim...”.
Anarın Mirzə Cəlilin əsərləri əsasında qələmə aldığı “Sizi deyib gəlmişəm” əsərində Tahirin oyandığı Əhməd rolu balaca aktyorun ən yaddaqalan rollarından biri olur. Moskvalı teatrşünas A.Belixov Tahirin bu rolunu yüksək qiymətləndirərək yazırdı: “Tahir Əhməd rolunu o qədər təbii, canlı oynadı ki, mən elə zənn etdim o, təcrübəli bir aktyordur”.
Ağasadıq Gəraybəyli isə Tahir haqqında belə deyirdi: “Tahir elə ilk gündən çox zirək uşaq idi. Onun zirəkliyi səhnədə gözə çarpırdı. O, məşqlərə, tamaşalara çox həvəslə gəlirdi”.
Teatrda çox hadisələr baş verir. Tahirlə bağlı bir hadisə isə bu günəcən xatırlanmaqdadır. Mehdi Məmmədov Hüseyn Cavidin 100 illik yubileyi münasibəti ilə dramaturqun “İblis” tamaşasını hazırlayırmış. Tahirə tapşırır ki, otur burda, mən deyənə kimi yerindən tərpənmə. Sonra necə olursa rejissorun başı başqa aktyorlara qarışır. Aradan üç saatdan çox vaxt keçir. Rejissorun birdən yadına düşür ki, axı uşağa demişəm tərpənmə. Gəlib görür ki, Tahir əvvəl necə oturmuşdu, elə də oturub. Yarızarafat, yarıciddi üzünü artistlərə tutub deyir: “Kaş bir çox yoldaşlar da Tahir kimi nizam-intizamlı, səbirli olaydı...”.
Sadaladığımız bu faktlar “Azərbaycan pioneri” jurnalında vaxtı ilə çap olunub. O zaman Tahir ikinci sinifdə oxuyurdu. Balaca aktyorla bağlı yazıda Tahirin sinif rəhbəri Şahnəzər müəllimin də ürək sözləri var: “Tahir səmimi, qoçaq oğlandır. Onun istedadlı aktyor olacağına şübhə etmirəm...”
Şəhid atasının arzusu
1972-ci il may ayının 26-da Mingəçevirdə anadan olan Tahir Xudaverdiyev Xırdalan qəsəbəsindəki 3 saylı orta məktəbdə oxuyub. Sonra təhsilini Bakıdakı 10 saylı Texniki Peşə Məktəbində davam etdirib. Uşaqlıqdan teatra, incəsənətə maraq göstərdiyindən Xırdalan musiqi məktəbini bitirib. Tahir böyüdükcə arzuları da böyüyürdü. Tar, kamança və qarmonda gözəl mahnılar ifa edir, təhsilini İncəsənət İnstitutunda davam etdirmək, peşəkar aktyor olmaq istəyirdi. Amma tale onun alnına başqa rol yazmışdı...
Krımda hərbi xidmətdə olan Tahir ilyarımdan sonra Vətənə qayıdır. 1992-ci ildə Milli Ordunun sıralarında əvvəlcə Ağdərə cəbhəsində düşmənə qarşı döyüşlərdə iştirak edir. Sonra döyüş yolu Ortakənd, Sırxavənd, Çıldıran, Drmbon yaşayış məntəqələrindən keçir. Dəfələrlə ölümlə üzbəüz dayanır, müharibənin şiddətli döyüş səhnələrinin şahidi və iştirakçısı olur.
Ağdərədən sonra Tahir Füzuli cəbhəsində döyüşür. Bu döyüşlərin birində - 1994-cü il aprelin 16-da Tahir ağır yaralanmış yoldaşı Akifi xilas etmək üçün onu döyüş meydanından çıxarmağa çalışarkən ayağı altında partlayan düşmən mərmisindən yaralanıb yerə çökür. Dikəlmək istəyərkən köksündən aldığı güllə yarası onun həyatına son qoyur...
Üstündən illər keçsə də Firuz Xudaverdiyev o günləri yenə də göz yaşları ilə xatırlayır:
“Bu hadisə aprelin 16-da baş versə də, Tahirin cəsədini aprelin 23-də gecə gətirdilər. Səhər anası Tahiri belə görsəydi yaşaya bilməzdi. Gecə saat birdən sonra Tahiri maşın işığında Xırdalan Şəhidlər xiyabanında dəfn elədik...”
Araya sükut çökür. Firuz müəllim qəhərini udub deyir: “Tahiri həmişə yanımda hiss edirəm. Çünki Tahir övladım olmaqla yanaşı, 5 yaşından 18 yaşınadək biz həm də dost olmuşuq, bir səhnədə çıxış eləmişik, aylarla qastrollara getmişik. Tahir mənim bir sözümü iki eləməzdi...”
Tahir Vətənini, xalqını, torpağını, sevdiyi kimi qəlbində saf məhəbbət də gəzdirirdi. “Sevdiyi vardı. Belə bir hadisə də olmuşdur. Tahirin üçündə bizə xəbər verdilər ki, iki nəfər gəlib, Tahirin qəbrinin üstünə getmək istəyirlər. Öyrəndik ki, Tahirin istədiyi qız qardaşı ilə gəlib. Sonra Tahirin qəbrinin üstünə həmişə gül qoyardı...” Firuz müəllim bu hadisəni ürək ağrısı ilə xatırlayır...
18 ilə yaxındır ki, Firuz müəllim hər gün teatra gedəndə yol boyu Tahiri xatırlayır, səhnəyə baxanda Tahiri anır, qəlbindəki sonsuz kədəri gizlədə-gizlədə səhnədə neçə-neçə maraqlı, yaddaqalan rollar oynayır. Ömrünün ahıl çağında Firuz Xudaverdiyevin ən böyük arzularından biri isə elə bu səhnədə şəhid atası rolunu oynamaqdır...
...Firuz Xudaverdiyev hərdən tamaşaçı salonunda oturub boş səhnəyə uzun-uzadı tamaşa edir...
Təranə Vahid