Gənc Tamaşaçılar Teatrı 2012-ci ilə iki mühüm festivalda iştirakla başlayıb
   
   Xəbər verdiyimiz kimi, Dövlət Gənc Tamaşaçılar Teatrı Birləşmiş Ərəb Əmirliyinin Əl-Füceyra şəhərində keçirilən V Monodram Beynəlxalq Teatr Festivalında təmsil olunur.
   
   Yanvarın 19-dan 28-dək davam edəcək festivala teatrın yaradıcı heyəti Avstriya dramaturqu və publisisti Peter Turrinin «Axır ki, qurtardı...» monopyesi əsasında hazırlanan «Vəssalam» tamaşası ilə gedib. Festivalın işində iştirak etmək üçün Xalq artisti Şükufə Yusubova, Əməkdar incəsənət xadimi, rejissor Bəhram Osmanov, beynəlxalq layihələr üzrə koordinator Şaiq Səfərov və teatrşünas, sənətşünaslıq üzrə fəlsəfə doktoru Aydın Talıbzadə Əl-Füceyra əmirliyində səfərdədir.
   Yanvarın 28-dən fevralın 2-dək isə teatrın heyəti İranda keçiriləcək 33-cü «Fəcr» Beynəlxalq Teatr Festivalında iştirak edəcək. Teatr bu festivalda italyan dramaturqu Peppino de Filipponun eyniadlı əsəri əsasında hazırlanmış «Don Rafael trombonçu» tamaşasını təqdim edəcək. Xalq artisti Cənnət Səlimovanın quruluş verdiyi tamaşada rolları əməkdar artistlər Gülər Nəbiyeva, Şövqi Hüseynov, Seyidşah Məmmədov, aktyorlar İradə Rəşidova, Aydın Dəmirov, Vüsal Mehrəliyev, Eşqin Quliyev oynayırlar.
   Gənc Tamaşaçılar Teatrının direktoru Mübariz Həmidov yaradıcı heyətin 2012-ci ilə iki mühüm festivalda iştirakla başlamasını əlamətdar hadisə adlandırdı. Onun sözlərinə görə, teatrın Əl-Füceyra festivalında iştirakı ilə bağlı razılıq keçən ilin noyabrında Bakıda keçirilən I Beynəlxalq Kukla Teatrları Festivalında əldə olunub: “Bakıdakı festivala BƏƏ-nin Əl-Füceyra əmirliyində keçirilən ənənəvi Monodram Beynəlxalq Teatr Festivalının rəhbəri Mühəmməd əl Kam da vardı. Onu teatra dəvət etdik, tamaşalarımızın məşqlərinə baxdı, monodram festivalı haqqında danışdı və bizi də iştirak etməyə dəvət etdi. Biz məmnuniyyətlə razı olduq. Festivala hazırlığa başladıq və Avstriya dramaturqu Peter Turrinin pyesi əsasında «Vəssalam» monotamaşasını hazırladıq. Tamaşanın ifaçısı Qurban İsmayılovdur. O, bütün hissləri böyük ustalıqla ifa etməyə nail olub və ümidvaram ki, Əl-Füceyra festivalının iştirakçıları maraqlı səhnə əsərinin şahidi olacaqlar. Yaxın vaxtlarda bu tamaşanın premyerasını keçirəcəyik».
   M.Həmidov bildirdi ki, Əl-Füceyra festivalında yaradıcı heyət həm də digər xarici ölkələrin teatr təcrübəsi ilə yaxından tanış olacaq: “Bütün bunlarla yanaşı, yaradıcılıq əlaqələri, mübadilələr yaranacaq və növbəti illər üçün dəvətlər alacağıq. Hər teatr festivalı yeni layihənin əsasını qoyur. Bu baxımdan festivalların çox böyük əhəmiyyəti var. Bilirsiniz ki, bizim teatr ötən il beynəlxalq uşaq və gənclər teatr təşkilatı olan ASSİTEJ-ə üzv oldu. Noyabrda bu təşkilatın prezidentinin iştirakı ilə Bakıda ASSİTEJ-in Azərbaycan Milli Mərkəzinin ilk toplantısını keçirdik. Bu o deməkdir ki, bizim dünyaya açılan qapılarımızın sayı artır. Bu layihələrdə Mədəniyyət və Turizm Nazirliyi bizə daim dəstək verir.
   İranda keçiriləcək «Fəcr» festivalının da nüfuzlu sənət tədbiri olduğunu deyən M.Həmidov festivala dünyanın hər yerindən çox güclü teatr truppalarının gəldiyini bildirdi: «Bu festivalda bizim teatr bir neçə dəfə iştirak edib. Hər dəfə də çox maraqlı tamaşalar nümayiş etdirmişik”.
   «Fəcr» festivalına qatılacaq aktyor Şövqi Hüseynov isə hələ Kamera Teatrında çalışarkən teatrın truppası ilə bir neçə dəfə bu festivalda iştirak etdiyini dedi. Aktyor tədbirdə yanvarın 30-31-də çıxış edəcəklərini bildirdi: «Fəcr» İranın ən nüfuzlu teatr festivalıdır. Gənc Tamaşaçılar Teatrının aktyoru kimi ikinci dəfə bu festivalda çıxış edəcəyəm. Bu festivalda təkcə aktyoru olduğumuz teatrı deyil, ümumilikdə ölkəmizin teatrını, mədəniyyətini təmsil edirik. Bu festivalların keçirilməsi aktyorlar üçün çox böyük əhəmiyyət kəsb edir. Müxtəlif janrda, üslubda hazırlanmış tamaşalar görürük. Dostlar qazanır, sənət mübadiləsi aparırıq. Sənət mübadilələrinin nəticəsində bəzən müştərək işlərimiz də olur. Bu cəhətdən festivallarda xüsusilə gənc aktyorların iştirakı çox vacibdir».
   Ş.Hüseynovun sözlərinə görə, «Fəcr» festivalı çərçivəsində ustad dərsləri, dəyirmi masalar, tamaşaların müzakirəsi də keçirilir: “Festival zamanı həmçinin teatrları dəvət edən ölkənin mədəniyyətinin təqdimatı da önəmli şərtdir. Bir sözlə, biz onlardan, onlar bizdən öyrənirlər”.
   Qeyd edək ki, ötən il Gənc Tamaşaçılar Teatrı 32-ci “Fəcr” Teatr Festivalında U.Şekspirin “Otello” tamaşası ilə çıxış etmişdi. Aktyorlar uğurlu ifalarına görə diplomlarla təltif olunmuşdular.
   
   Gülər Nizamiqızı







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar