Akademik Milli Dram Teatrı yeni tamaşanı təhvil verdi
   
   Fevralın 18-də Akademik Milli Dram Teatrında «Don Juan və həndəsə» adlı tamaşanın premyerası keçirildi. M.Frişin «Don Juan və ya həndəsəyə məhəbbət» əsəri əsasında hazırlanan tamaşanın quruluşçu-rejissoru Kote Marcanaşvili adına Gürcüstan Dövlət Akademik Dram Teatrının baş rejissoru Levan Tsuladzedir.
   
   Səhnə əsəri Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi və Akademik Milli Dram Teatrının təşəbbüsü ilə həyata keçirilən “GUAM ölkələrinin teatr məkanı» layihəsi çərçivəsində hazırlanıb. Xatırladaq ki, Akademik Milli Dram Teatrı GUAM ölkələrinin teatrları ilə əməkdaşlıq layihəsini ötən ildən həyata keçirir. Teatrın Ukraynaya qastrol səfəri, Krım Tatar Akademik Musiqili Dram Teatrının Elçinin «Şekspir» əsəri əsasında hazırladığı «Xəstə könül» tamaşasının Akademik Milli Dram Teatrının səhnəsində nümayişi də bu layihə çərçivəsində gerçəkləşən tədbirlərdəndir.
   «Don Juan və həndəsə» tamaşası iki aya yaxın müddətə hazırlanıb. Səhnə əsəri çox uğurlu alınıb. Tamaşadan danışarkən əvvəlcə onun maraqlı səhnə tərtibatını, gözəl geyimləri və insan könlünü oxşayan musiqini qeyd etmək gərəkdir. Tamaşaçı bu səhnə əsərində həm yenilik gördü, həm də səhnədə baş verən hadisələrə, o dövrün komediya və lirikasına köklənə bildi. Bu baxımdan rejissor L.Tsuladzenin ustalığını xüsusilə qeyd etməliyik.
   Tamaşada hadisələr əsərin qəhrəmanı Don Juanın ətrafında cərəyan edir. Don Juan həndəsəyə aşiq olan bir obrazdır. Lakin hadisələrin gedişində dəyişir. Əslində o, psixoloji, tamaşaçılar tərəfindən dərk olunması bir az çətin olan obrazdır. Daha dəqiq desək, Don Juan öz-özünü belə tamamilə dərk edə bilmir. Əxlaqlı, dürüst və həndəsədən başqa heç nə ilə maraqlanmayan bu obrazın sonrakı vəziyyəti tamaşaçını təəccübləndirir.
   Obrazın ifaçısı Elşən Rüstəmov da etiraf etdi ki, onun üçün Don Juanı oynamaq asan olmayıb. Aktyor bildirdi ki, Don Juan onun üçün həm maraqlı, həm də çətin obrazdır: «Çünki Don Juan tərəddüdlər içində olan çox mürəkkəb bir obrazdır. Nə istədiyini, necə istədiyini həm bilir, həm də bilmir. Kimi sevdiyini həm bilir, həm də bilmir. Çalışmışam ki, bacardığım qədər rolun öhdəsindən gəlim”.
   Səhnə əsərində maraqlı obrazlardan birini - Don Qonsalonu Xalq artisti Rafael Dadaşov canlandırıb. Vaxtilə səhnədə Don Juan obrazını canlandırmış aktyor Don Qonsalonu da özünəməxsus şəkildə oynayır. Aktyor tamaşanın quruluşundan çox razı qaldığını bildirdi: “Vaxtilə Mirzə İbrahimovun «Bəşərin komediyası və yaxud Don Juan» əsərində Don Juanı oynamışam. İllər keçdi və mən Don Juanın gələcək qayınatası rolunda oynayası oldum. Buna görə də çox xoşbəxtəm. Bunlar fərqli əsərlərdir. «Bəşərin komediyası və yaxud Don Juan» tamaşasına mərhum rejissorumuz Tofiq Kazımov quruluş vermişdi. O tamaşada Don Juan gözəllik, burada isə həndəsə aşiqidir. Tamaşa Avropa üslubunda, müasir formada qurulub. İnanıram ki, tamaşaçı əsərə öz qiymətini verəcək. Levan Tsuladze haqqında onu deyə bilərəm ki, o, aktyoru düşünən və yaxşı zövqü olan bir rejissordur”.
   Don Juanın dostu Don Rodreqo rolunun ifaçısı Əməkdar artist Elşən Cəbrayılovun da fikirlərini öyrəndik: “Teatrda bir çox rejissorlarla çalışmış və bir çox rollar oynamışam. Budəfəki rolum, sözün əsl mənasında, pak, düşüncələri aydın, tərbiyəli, mədəni bir dost obrazıdır. Lakin Don Juan öz dostuna qarşı nalayiq hərəkət edir. Bu səbəbdən Don Rodreqo intihar edir. Tamaşada çox fərqli rejissor işini qeyd etmək istərdim. Əsər üzərində zövqlə işlədik. Hesab edirəm ki, bu, çox uğurlu tamaşadır».
   Tamaşada digər rolları əməkdar artistlər Əli Nur (Tenorio), Vəfa Rzayeva (Donna Elvira), Ayşad Məmmədov (Dieqo ata), aktyorlar Nigar Güləhmədova (Miranda), İlahə Həsənova (Donna Anna), Şəlalə Şahvələdqızı (Selestina), Rövşən Kərimduxt (Don Baltasar Lopes) və Aslan Şirinov (Loperello) ifa edirlər. Tamaşanın səhnə tərtibatçısı L.Tsuladze, geyim üzrə rəssamı İlham Elxanoğlu, musiqi tərtibatçısı Zurab Qaqloşvili, xareoqrafı Giorgi Marqania, rejissor assistentləri Rəfiqə Musayeva və Anar Sadıqovdur. Əsəri Azərbaycan dilinə yazıçı-tərcüməçi Yaşar çevirib.
   
   Gülər Nizamiqızı







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar