Aktyorluq psixoloji incəliyə malik olan yaradıcı sənət növlərindən biridir. Teatr səhnəsində maraqlı rolları ilə tanınan, tamaşaçı rəğbəti qazanan və peşənin ağırlığını çiyinlərində məsuliyyətlə daşıyan aktyorlarımızdan biri də Əməkdar artist Nofəl Vəliyevdir. İndiyədək müxtəlif səpkili 50-dən artıq obraz yaratmış aktyor hazırda pedaqoji fəaliyyətlə də məşğuldur, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində aktyor sənətindən dərs verir.
   
   O, sənətə kino aktyoru olmaq arzusu ilə gəlsə də, İncəsənət İnstitutuna qəbul olunduqdan sonra teatra marağı artır və elə tələbəlik illərində Bakı Kamera Teatrında sənət yoluna qədəm qoyur. 17 il müddətində teatrın səhnəsində yaddaqalan rollar oynayıb, çoxlu mükafatlar qazanıb. Müəllimləri İrina Perlova və Cənnət Səlimovadan sənətin sirlərini, teatr psixotexnikasını öyrənib. ”Klassika ilə böyümüşük, bizim rollar hər aktyora nəsib olmur”, - deyən aktyor Şekspir, Dostoyevski, İbsen, C.Cabbarlı kimi böyük ədiblərin əsərlərinin tamaşalarında bir-birindən fərqli obrazlar yaradıb: “Bakı Kamera Teatrı Gənc Tamaşaçılar Teatrı ilə birləşdiriləndən sonra son üç ildə yaradıcılıq həyatı bu teatrla bağlıdır. Gənclər, Kamera və Gənc Tamaşaçılar teatrlarının bir teatrda birləşməsinin həm müsbət, həm də çətin tərəfləri vardı. Amma son nəticə olaraq həmin teatrların istedadlı personalının bir araya gəlməsi ümumi işin, teatr sənətimizin xeyrinə oldu. İndi bir tamaşada sözügedən teatrların hərəsindən beş aktyor çıxış edirsə, bir səhnəni bölüşürsə, burada artıq yüksək nəticənin şahidi oluruq. Buna bariz nümunə kimi Gənc Tamaşaçılar Teatrının bugünkü repertuarını göstərmək olar”.
   Hazırda bir neçə tamaşada rejissor assistenti kimi də fəaliyyət göstərən aktyorun fikrincə, teatrın repertuarı tamaşaçıya seçim imkanı verməlidir. Bu isə ilk növbədə rejissorlardan asılıdır: “Azərbaycanın bütün klassikası bir buket şəklində bizim teatrda cəm olunub - H.Cavid, C.Cabbarlı, M.F.Axundov, C.Məmmədquluzadə və s. K.Stanislavski tamaşaçının teatra münasibətindən bəhs edərkən deyirdi: doğruluq və inam. Tamaşaçı teatra yalnız emosional təsir almaq üçün gəlir və onun səhnədən təkcə bir istəyi var - inanmaq. Teatrın özü də bir məktəb olmalıdır. Teatr öz aktyorunu hər gün öyrətməlidir, hər gün onu bir addım irəli aparmalıdır. Aktyorun intellektual səviyyəsinə, ədəbi mütaliəsinə fikir verilməlidir. Çünki sənətdə inkişaf etmək üçün aktyorun zəngin ədəbi ehtiyatı olmalıdır”.
   Həmsöhbətim sənətdə öyrəndiklərini gənclərə də həvəslə öyrədir: “Mən teatrı çox sevirəm. Düşünürəm ki, aktyor peşəsi yer üzündə ən maraqlı, ən yüksək peşələrdən biridir. Bu sahəyə üz tutan tələbələrimi bu gün çox dəyərləndirirəm. Mədəniyyət və İncəsənət Universitetinin rəhbərliyinin mənə göstərdiyi etimadı doğrultmağa çalışıram. Bir gün tələbələrə belə bir sualla müraciət etdim: “Aktyorla yazıçının fərqi nədədir?” Ən çox səslənən cavab bu oldu: “Yazıçı yazır, aktyor isə canlandırır”. Əsas məsələ isə bundan ibarətdir ki, yazıçı ilə aktyorun heç bir fərqi yoxdur. Yazıçının da, aktyorun da bir məqsədi var: sənətin, sözün gücü ilə “dünyanı xilas etmək”, insanlara baş verənləri tam çatdırmaq. Düşünürəm ki, aktyor bu baxımdan missioner olmalı, mütləq öz oyunu ilə nəsə deməlidir. Əgər F.Dostoyevski ”Cinayət və cəza”nı, M.Cəlil “Danabaş kəndinin əhvalatları”nı yazıb nəyisə demək istəyirsə, aktyor da bu mövzularda düşünməli, bunları tamaşaçıya çatdırmaq üçün bütün potensialını, enerjisini sərf etməlidir. Aktyor olmaq üçün istedaddan əlavə dözümün də olmalıdır. Daim öz üzərində işləməlisən və işləməlisən. Aktyorun həm plastikası, həm texnikası, həm də daxili dünyası yerində olmalıdır. Çünki tamaşaçı aktyor oyunundakı çatışmazlıqları, səhvi tez görür. Tamaşaçı aktyor üçün rəqib tərəfdir. Tamaşa zamanı ya biz qalib gəlirik, ya da tamaşaçı. Biz öz oyunumuzla həm qalib gəlməliyik, həm də tamaşaçıya yeni fikir çatdırmalıyıq”.
   
   Lalə Azəri







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar