İlk addımlar atılan məkan
   
   Görkəmli dram və kino aktyoru, Azərbaycanın Xalq artisti Əli Qurbanov (1898-1962) ilk sənət addımlarını Tiflis Azərbaycan teatrında atmışdır. İndiki gənc nəsil onu «Səbuhi», «Fətəli xan», «Qara daşlar», «Ögey ana», «Koroğlu», «Bir qalanın sirri», «Böyük dayaq» və başqa filmlərdə yaratdığı obrazlar vasitəsilə tanıyır.
   
   Əli Qurbanov 1898-ci ildə Tiflisdə anadan olub. Atası Mirzəli kişi dəmir yolunda fəhləlik edirdi. O, övladlarını oxutmaq, hər hansı bir sahə üzrə savadlı mütəxəssis etmək istəyirdi. Bu məqsədlə də oğlu Əlini məktəbə qoymuşdu. Lakin o, qəflətən dünyasını dəyişdi və bu arzularını da özü ilə qara torpağa apardı. Buna görə də Əli başsız qalmış ailəni dolandırmaq üçün erkən yaşlarından işləməyə məcbur olur.
   Anası Zinyət xanım övladları Əli və Abbasla (Gürcüstanın Əməkdar artisti Abbas Qurbanov) yanaşı, dünyasını dəyişmiş bacısının uşaqlarını - Möhsün (Azərbaycanın Xalq artisti Möhsün Sənani) və Əbülfəti (Tiflis Azərbaycan teatrının aktyoru Əbülfət Sənani) də öz himayəsinə götürmüşdü.
   Möhsün Sənani kiçik yaşlarından teatr sənətinə xüsusi həvəs göstərmiş, Tiflisdə göstərilən qastrol tamaşalarına maraqla baxmışdır. Möhsünün teatra olan sonsuz marağı xalası oğlu Əliyə də keçmiş və o da erkən yaşlarından teatrla maraqlanmağa başlamışdır.
   Möhsünün təşəbbüsü ilə bir neçə tamaşaya baxdıqdan sonra o, 1914-cü ildə Tiflisdə həvəskarların hazırladığı «Gaveyi-ahəngər» tamaşasında ilk dəfə «səhnəyə» çıxır. Bu tamaşada onun bircə sözü vardı: «Gedək». Müasirlərinin yazdığına görə, Əli Qurbanov böyük səhnəyə yolunun başlanğıcı olan həmin günü bütün ömrü boyu sevinc və həyəcanla xatırlamışdır. Həmin tamaşa gələcək aktyor üçün düşərli olur, o, ayrı-ayrı tamaşalarda çıxış edərək ilk uğurlarını qazanır.
   Teatrşünas Adilə İsmayılovanın «Əli Qurbanov» (Bakı, 1962) kitabından: «...1915- ci ildə Möhsün Sənaninin təşəbbüsü ilə təşkil edilmiş «O olmasın, bu olsun» tamaşasında Əli Qurbanov Rüstəm bəy rolunu kifayət qədər yaxşı oynayır. Məlahətli səsi onun müvəffəqiyyətini daha da artırır. Bu hadisədən sonra Əli Qurbanova qarşı olan maraq artır. İndi onu yalnız dram tamaşalarına deyil, hətta opera, operetta və müsamirələrə həm artist, həm də tarçalan kimi dəvət etməyə başlayırlar. Teatr tamaşalarında iştirak etməklə bərabər Əli öz ümumi təhsilini, biliyini, mədəni səviyyəsini artırmağı da unutmur. O, Tiflisdə işləyən gürcü və rus truppalarının tamaşalarını izləyir, başqa şəhərlərdən qastrola gələn truppaların və tanınmış səhnə ustalarının tamaşalarına baxır».
   Əli Qurbanov məhz həmin illərdə Azərbaycan səhnəsinin Hüseyn Ərəblinski, Mirzağa Əliyev, Sidqi Ruhulla, Hüseynqulu Sarabski, habelə Tiflis truppasının Mirzəli Abbasov, Mirzəxan Quliyev, Mirseyfəddin Kirmanşahlı, İbrahim İsfahanlı kimi görkəmli nümayəndələri ilə tanış olur, onların iştirakı ilə hazırlanmış «Arşın mal alan», «O olmasın, bu olsun», «Nadir şah», «Ağa Məhəmməd şah Qacar», «Bəxtsiz cavan», «Pəri cadu», «Gaveyi-ahəngər» və başqa tamaşalarda çıxış edir. Bütün bunlar onun bir akiyor kimi inkişafına müsbət təsir göstərir.
   Professor Abbas Hacıyevin «Tiflis Azərbaycan teatrı» kitabından: «İlk günlər səhnədə epizodik və sözsüz rollar aparan Əli Qurbanov ancaq 1915-ci ildə Rüstəm bəy rolunda («O olmasın, bu olsun») teatr mühitinin diqqətini özünə çəkmiş, 1917-ci ildə isə «İttihad» dram cəmiyyətinin tamaşaya qoyduğu «Bəxtsiz cavan» pyesində (Qoca kəndli) onun nadir istedadına xas olan fərdi keyfiyyətlər aydınlığı ilə görünmüş; Tiflisdə Niyazın («Pəri cadu») yetkin ifaçısı kimi tanınmışdır».
   Əli Qurbanov 1918-ci ildən aktyorluq fəaliyyətini «İbrət» dram cəmiyyətində davam etdirir. Bu truppada Mirzəli Abbasov, Mirzəxan Quliyev, Mirseyfəddin Kirmanşahlı, İbrahim İsfahanlı kimi təcrübəli və istedadlı aktyorlar vardı. Heç şübhəsiz, bu aktyorlarla çiyin-çiyinə fəaliyyət göstərməsi, onların təcrübəsindən bəhrələnməsi gənc aktyorun püxtələşməsində mühüm rol oynamışdır. O, burada Hacı Həsən («Ölülər»), Şahmar bəy («Müsibəti-Fəxrəddin»), Şah Sultan Hüseyn xan («Nadir şah»), Cavad bəy («Dağılan tifaq»), Əsgər bəy («Hacı Qara») və digər rollarda oynamış və uğur qazanmışdır.
   Məlumdur ki, 1921-ci ilədək truppa şəklində fəaliyyət göstərmiş Tiflis teatrı həmin il hökumətin qərarı ilə Tiflis Dövlət Azərbaycan Dram Teatrına çevrilmişdir. Məhz həmin vaxtdan etibarən teatr fədailəri - İbrahim İsfahanlı, Mirzəxan Quliyev, Mirzəli Abbasov, Mustafa Mərdanov və Mirseyfəddin Kirmanşaşlı və başqaları ilə birlikdə Əli Qurbanov da həmin teatrın aktyoru olur.
   İlk əvvəllər bu teatrda tamaşalar Mirzəli Abbasov, Mirseyfəddin Kirmanşaşlı, İbrahim İsfahanlı və başqa aktyorlar tərəfindən hazırlanırdı. 1922-ci ildə görkəmli aktyor Sidqi Ruhulla Tiflis Dövlət Azərbaycan Dram Teatrına dəvət olunur və burada baş rejissor kimi fəaliyyətə başlayır. Əli Qurbanov onun hazırladığı «Otello», «Ölülər», «Anamın kitabı», «Dağılan tifaq» və başqa tamaşalarda çıxış etmişdir.
   1923-cü ildə teatrın baş rejissoru vəzifəsi görkəmli səhnə xadimi Aleksandr Tuqanova tapşırılır. O, Tiflis teatrına bələd idi. Əvvəllər burada bir sıra tamaşalar da hazırlamışdı.
   A.Tuqanovun xatirələrindən: «1918-1919-cu il mövsümünü mənim «TARTO» şirkətim «Artist cəmiyyəti» teatrında «Böyük müsəlman konserti» ilə açdı. Sonralar biz müsəlman tamaşaları üçün tez-tez vaxt ayırırdıq. Bu tamaşalar məni Azərbaycan teatrı və onun ifaçıları ilə əsaslı şəkildə yaxınlaşdırdı. Peşəkar teatr olmasa da, buradan sonralar böyük aktyorlar çıxmışdı: Sidqi Ruhulla, Mustafa Mərdanov, Əli Qurbanov, Mirseyfəddin Kirmanşaşlı və başqaları».
   Ə.Qurbanov da öz növbəsində A.Tuqanovun bir rejissor kimi onun yaradıcılığında xüsusi rol oynadığını vurğulamış, mili teatr sənətimizin inkişafında əvəzsiz xidmətlərini minnətdarlıqla qeyd etmişdir: «Tuqanovun bizim teatra gəlməsi işimizin sürətlə inkişaf etməsinə səbəb oldu. Şəxsən mənim yaradıcılığıma onun çox böyük təsiri və köməyi olmuşdur. Mən onun rəhbərliyi ilə Qərb və rus dramaturgiyasına bələd olmuşam. Onun rejissorluğu ilə verilmiş tamaşalar mənim üçün bir məktəb qədər xeyirli olmuşdur. Tuqanovun rəhbərliyi ilə mən Şveytser («Qaçaqlar»), Montano («Otello»), Bələdiyyə rəisi («Müfəttiş»), Sutanvel («Jorj Danden»), Şeyx Nəsrullah («Ölülər»), Niyaz («Pəri cadu»), Balaxan («Aydın») kimi bir sıra obrazlar yaratmışam. Bu rollar üzərindəki işim mənim sonrakı yaradıcılığım üçün çox faydalı olmuşdur» (Sitat Adilə İsmayılovanın «Əli Qurbanov» kitabından (Bakı, 1962) götürülmüşdür).
   Ə.Qurbanov Tiflis Dövlət Azərbaycan Dram Teatrının tərkibində 1922-ci ildə Türkiyəyə, 1925-ci ildə isə İrana qastrol səfərlərində olmuşdur.
   O, 1925-ci ildə Bakıya - Azərbaycan Dövlət Dram Teatrına dəvət olunmuş və ömrünün sonuna - 1962-ci ilədək burada fəaliyyət göstərmişdir. Bu teatrda hazırlanan tamaşalarda və bir sıra filmlərdə unudulmaz obrazlar yaratmış, bir sənətkar kimi pillə-pillə yüksəlmiş, Azərbaycanın Xalq artisti fəxri adına layiq görülmüşdür.
   
   Adilxan Bayramov,
   filologiya elmləri doktoru







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar