Gənc Tamaşaçılar Teatrının yeni tamaşasında bir çox nağıl qəhrəmanları səhnəyə çıxacaq
Dövlət Gənc Tamaşaçılar Teatrında yeni tamaşa hazırlanır. Gənc dramaturq Kamran Ağabalayevin «Hekayəti-Şahzadeyi Xəzər» pyesi əsasında səhnələşdirilən tamaşanın quruluşçu-rejissoru və rəqslərin quruluşçusu Nicat Kazımovdur.
Tamaşanın quruluşçu-rəssamı Elşən Sərxanoğludur, musiqi tərtibatı İradə Muradovaya, döyüş səhnələri və tryukların quruluşu İsa Əsədova məxsusdur. Səhnə əsərində Azərbaycan şifahi xalq ədəbiyyatının ən gözəl nümunələrindən olan bir neçə nağıldan istifadə olunub. Tamaşada bir çox nağıl qəhrəmanlarını bir arada görəcəyik. Onları bir araya gətirən isə bəşəri mövzu - xeyir və şərin mübarizəsidir. Bu qəhrəmanları isə xalq artistləri Tariyel Qasımov, Ağaxan Salmanlı, Əməkdar artist Kübra Dadaşova, aktyorlar Nicat Kazımov, Sona Babayeva, Kərəm Hadızadə, Manaf Dadaşov, Günel Məmmədova, Elnur Kərimov, Vüsal Mehrəliyev, İlham Əsədov və başqaları ifa edəcəklər.
Yaradıcı heyət tamaşanı aprelin əvvəlində təhvil vermək üçün var qüvvə ilə çalışır. Bu arada biz də tamaşanın məşq prosesini izlədik, yaradıcı heyətlə görüşdük. Müəllif K.Ağabalayev öncə səhnə əsərinin adına aydınlıq gətirdi: “Əsər, adından da göründüyü kimi, Xəzər şahzadəsinin hekayətidir. Bilirsiniz ki, folklorumuzda çoxlu nağıl var. Bir çox xalqlar da bizim nağıllarımızdan istifadə edirlər. Belə halda biz niyə öz nağıl qəhrəmanlarımızı bir araya gətirməyək? Misal üçün, yunanlar Poseydondan çox istifadə edir. Bizim öz Paseydonumuz var - Oxay. Tamaşaya bu obrazı gətirmişəm. Hollivudda belə layihələrdən çox istifadə olunur. Bir nağılda bütün nağıl qəhrəmanlarını lentə alırlar. Bu, tamaşaçı üçün də çox maraqlı olur. Əminəm ki, bizim tamaşaçılar əsəri maraqla qarşılayacaqlar. Tamaşanın mövzusu isə Xeyirlə Şərin mübarizəsidir. Xeyir tərəfdə olanlar Məlikməmməd, Basat, Xəzər, Selcan Xatun, “tülküdən qorxan Əhməd”, Cırtdan, Dədə Qorqud, Şər tərəfdə isə Oxay, Göygöz Kosa, Qara Div, Şərrin, tülküdür. İki qardaş olan ağ və qara divlər isə burada ayrı-ayrı cəbhələrdədirlər. Qara div şər, ağ div isə xeyir tərəfdədir. Tamaşada hadisələr şah Basatın ətrafında cərəyan edir. Oxayın cadu qüvvələrinin təsiri ilə şər qüvvələr onu oğurlayırlar və şahlıq başsız qalır. Tamaşada hərənin öz missiyası var. Misal üçün, tülküdən qorxan Əhməd əslində cəsarətli biridir. Lakin onun fobiyası var-tülküdən qorxur. Burada hətta Təpəgözün qardaşı Üçgöz də var. Sonda, əlbəttə ki, xeyir şərə qalib gəlir”.
Quruluşçu-rejissor N.Kazımov tamaşanın dövlət sifarişi əsasında hazırlandığını bildirdi: “Tamaşaya rəssam Elşən Sərxanoğlu rəngarəng kostyumlar və gözəl səhnə tərtibatı hazırlayıb. Tryuklardan istifadə olunan tamaşada döyüş səhnələri də çoxdur. Onu da deyim ki, bu tamaşada çox gözəl aktyor heyəti var - 30-dan çox aktyor çıxış edir”.
N.Kazımov onu da bildirdi ki, nağıl qəhrəmanlarımızdan olan Cırtdan bu dəfə fərqli obrazda verilib. Natiq Fərzəliyevin ifa etdiyi Cırtdan əslində uşaq obrazı deyil, sadəcə, boyu balacadır: “Bilirsiniz ki, nağıllarımızın arasında da məşhur olmayanları var. Məlikməmməd, Cırtdanın nağıllarını hamı bilir. Amma Oxayın nağılını yox. Bu tamaşa insanların bütün nağıllarımızı öyrənmələrinə yardımçı olacaq. Əsas məqsədimiz budur».
Gülər Nizamiqızı