Rusiyanın “Gözəllik planeti” jurnalında Azərbaycan Dövlət Rus Dram Teatrının tamaşası haqqında yazı dərc olunub
   
   Rusiyanın nüfuzlu mədəniyyət nəşrlərindən olan “Gözəllik planeti” jurnalının 2012-ci il üzrə ilk sayında (№1-2) Azərbaycan Dövlət Rus Dram Teatrında səhnəyə qoyulmuş “Müsyö Jordan və dərviş Məstəli Şah” əsərinin premyerası haqqında xoş ovqatlı yazı dərc olunub.
   
   Qeyd edək ki, Mirzə Fətəli Axundzadənin ölməz komediyası ədibin 200 illik yubileyi ilə əlaqədar səhnələşdirilib. Məqalənin müəllifi Aleksandra Lavrova tamaşa haqqında təəssüratını bölüşməzdən öncə böyük yazıçı və mütəfəkkir M.F.Axundzadənin Azərbaycan dramaturgiyasının banisi olduğunu, onun Rusiyada da yaxşı tanındığını nəzərə çatdırır. Müəllif tamaşa haqqında qeydlərinə isə maraqlı girişlə başlayır.
   “Yanvarın sonunda günəşli Bakıya, nəhayət, qış gəldi - qar, buz və şiddətli küləklə...”
   Mənim “Bakıda belə soyuqlar tez-tez olur?” sualıma bakılılar dalğın halda belə cavab verirdilər: “Hər il - iki gün, bir həftə, bəzən də iki həftə çəkir...” Baxmayaraq ki, temperatur 5 dərəcədən aşağı düşmür, Xəzərin rütubətli yeli havanı dondurur. Axşamlar şəhərin mərkəzində ayaq kəsilir, yoldan ötən tək-tük insanlar gözə dəyir.
   Qara bürünmüş Köhnə şəhər (İçərişəhər) isə muzeyə bənzəyir: iş vaxtı bitib, ziyarətçilər də çıxıb gediblər...
   Səməd Vurğun adına Rus Dram Teatrının təmirdən çıxmış rahat və isti zalı isə tamaşaçı ilə dolu idi. Premyeraya azərbaycanlılar, ruslar - yaşlılar, gənclər, havanın soyuq olmasına baxmayaraq, digər şəhərlərdən gəlmiş tamaşaçılar, çoxlu fəxri qonaqlar təşrif buyurmuşdu”.
   Tamaşanın ilk dəqiqələrdən böyük maraqla qarşılandığını qeyd edən müəllif yazır: “Zal tamaşanı elə diqqətlə izləyir, hadisələrə elə həyəcanla münasibət bildirirdi ki, sanki bu əsərlə ilk dəfə tanış olurdular”. Bu yerdə jurnalistin təəccübünü görən Rus Dram Teatrının baş rejissoru Aleksandr Şarovski sözə başlayır və M.F.Axundzadənin məşhur komediyasının Azərbaycanda çox sevildiyini, dəfələrlə tamaşaya qoyulduğunu, hətta Sergey Yurskinin (Rusiyanın Xalq artisti) iştirakı ilə bədii film çəkildiyini nəzərə çatdırır:
   “Beləliklə, böyük klassikə dərin məhəbbət bəsləyən tamaşaçılar onun 200 illik yubileyi ilə əlaqədar səhnələşdirilən “Müsyö Jordan”ın növbəti versiyasını - hər kəsə məlum olan süjetin yeni təcəssümünü əsl teatral marağı ilə diqqətlə izləyirdi. Zalda tez-tez gülüş səsləri, aktyorların oyununu təşviq edən sədalar, alqışlar eşidilirdi”.
   Əsərin özəlliyindən bəhs edən müəllif qeyd edir ki, böyük maarifçi, filosof, dramaturq Axundzadə ilk baxışda sadə süjetli, sıradan bir əsər yazıb. Amma bu sadə hekayətə diqqət yetirəndə o dövrün məişəti, adət-ənənələri və ümumilikdə Şərqlə Qərbin münasibətləri haqqında çox şey öyrənirik”.
   Daha sonra məqalə müəllifi komediyanın süjet xətti və əsas personajları haqqında oxucunu məlumatlandırır. Parisli botanik müsyö Jordanın Qarabağa - Hətəmxan ağaya qonaq gəlməsi, burada böyük qonaqpərvərlik görməsi, Qarabağın florasını öyrənməsi, xanın qardaşı oğlu gənc Şahbazın elmə maraq göstərməsi, müsyö Jordanın onu özü ilə Parisə aparmaq istəməsi, Hətəmxan ağanın həyat yoldaşı Şəhrəbanu xanım və qızı - Şahbazın nişanlısı Şərəfnisənin buna qəti şəkildə qarşı çıxması, Şahbazın Fransaya getməsini əngəlləmək üçün qulluqçu Xanpərinin vasitəçiliyi ilə iranlı cadugərin (dərviş Məstəli şah) köməyə çağırılması, bir sözlə, məşhur komediyanın hamımıza yaxşı tanış olan süjet xətti...
   Müəllif əsərin kulminasiyasını və son səhnələrini də oxucuya çatdırır: Dərviş Məstəli şah avam xanımlara Parisi dağıdacağı barədə söz verir və bunun müqabilində yaxşı mükafat alır. Elə həmin vaxt (1848) Fransada inqilab baş verir, kral ölkədən qaçır. Bu xəbəri alan müsyö Jordan təcili ölkəsinə yollanır, təbii ki, Şahbaz bəyi özü ilə aparmaq barədə artıq düşünmür də. Qadınlar cadugərin köməyi ilə müsyö Jordana qalib gəldiklərinə inanıb şadlıq edirlər, Parisi görmək arzusu puç olan Şahbaz da sevgilisinin yanında qalır, hər kəs xoşbəxtdir.
   Rejissor Aleksandr Şarovski bu sadədil və gülməli məzhəkəni bəzəmək üçün bütün mümkün teatr vasitələrindən, üsullarından maksimum dərəcədə istifadə edib. Aktyorlar öz rollarını “xalq teatrı üslubunda” mükəmməl şəkildə oynayırlar. Onlar “komik effekt” yaratmaqda nadir istedada malikdirlər və bunu sıxılmadan, əndazəni aşmadan və üslubu itirmədən mahir sənətkarlar kimi edirlər.
   Məbud Məhərrəmovun (müsyö Jordan) hər dəfə səhnədə görünməsi zalda qəhqəhələrə səbəb olurdu: əynində ekstravaqant yaşıl sürtük (uzunətəkli kişi pencəyi), tünd qırmızı boy yaylığı, bir az əzgin, yorğun, gərgin-həyəcanlı, pərişan, bir sözlə, botanik. Təkəbbürlü və iltifatlı Hətəmxan ağa (Əsgər Rəhimov) səmimi, ürəyiaçıq və şöhrətpərəstdir. Buna görə də qardaşı oğlu Şahbazın Parisə getməsinə razılıq verir. Axı müsyö Jordan Şahbazı Fransa kralına təqdim edəcək. Eyni zamanda o söz verib ki, onun doğma Qarabağını, burada bitən nadir bitkiləri hər yerdə tərifləyəcək. Bir sözlə, şöhrətpərəstlik onun vətənpərvərliyini, təəssübkeşliyini möhkəmləndirir.
   Hətəmxan ağanın xanımı Şəhrabanu xanımı (Natalya Şarovskaya) isə müəllif belə təsvir edir: “Gözəl qadın, üzəri naxışlı gözqamaşdıran qaş-daşlarla bəzənmiş geyimdə, təxminən Şərqin Yekaterinası. O bilir ki, ərinin sevimlisidir. Onun qılığına girmək bacarığına malikdir. Bunun üçün əsla intellektual bacarıq nümayiş etdirmir. Şəhrabanı xanım enerjili, qətiyyətlidir - dərviş-cadugərin evinə gəlməsinə də razılaşarkən ehtiyatlı davranır. O, sadəlövhdür - o fırıldaqçının uydurduğu möcüzəyə inanır, onun kələyindən vəcdə gəlir. Eyni zamanda yumşaq qəlblidir - Parisdə “baş verəcək təhlükə” onda dəhşət yaradır. Lakin nə etmək olar, Şahbazı bu səfərdən saxlamağın başqa yolu yoxdur”.
   Dərviş Məstəli şahın (Fuad Osmanov) səhnəyə sehrbaz kimi gəlir: əllərində əsl od yanır, sehrli əsası havada uçur, şəffaf bardaqda cinin od saçan gözləri qırpılır, dairəvi boş qutudan isə əsl xoruz çıxır. Qara kostyumlu, qara şlyapalı sehrbaz-cadugər əzəmətlidir, zavallı qadınları hipnoz edərək onları qurduğu kələyə inandırır.
   Şahbaz bəy (Murad Məmmədov) hər şeyə maraq göstərən, eyni zamanda sadəlövh gəncdir, nişanlısı Şərəfnisə xanıma münasibətdə çox səmimi, təbiidir. Şərəfnisə (Həcər Ağayeva) isə lirik təbiətli qızdir, sevgilisini itirməkdən, onun Parisə gedib oradakı xanımlara aludə olacağından qorxur. Qulluqçu Xanpəri (İnna İmranova) ev sahibəsinə sadiq olaraq çox məzəli, qorxaq və son dərəcə cəlbedici obrazdır.
   Müəllif tamaşanın səhnə tərtibatının da mükəmməl olduğunu qeyd edir: “Əhvalat Novruz bayramı günlərində baş verir. Səhnədə hər hadisəyə, hətta dəyişən dekorasiyaya uyğun rəqslər (xoreoqrafiya - Fuad Osmanov) ifa edilir. Və bunu çox mükəmməl edirlər. Tamaşa üçün xüsusi olaraq yazılan mahnılar (şeirlərin müəllifi Aleksandr Nikuşkin, musiqisi Vaqif Gərayzadə) səhnə əsərinə əlavə rəng qatır. Musiqi hava və ya su kimi səhnəyə yayılır, xalq motivləri incə formada füsunkar iz buraxır”.
   Jurnalist tamaşanın səhnə və geyim tərtibatını da xüsusi qeyd edir: “Rəssam Nikita Sazonovun sevgi ilə yaratdığı səhnə tərtibatı - qızılı naxışlı yastıqlar, xalça və hər tərəfinə rəsmlər çəkilmiş portallar, məişət təsvirləri - buludlarda süzən teatr səması yaradır... Fəxriyyə Xələfovanın (geyim tərtibatı) dəbdəbəli kostyumları etnoqrafiya və teatrallıqla bacarıqla uzlaşdırılmışdı. Əsl Şərq tamaşalarında olduğu kimi, qadınların libası çox gözəl, rəngarəng, cəlbedicidir”.
   Müəllif qeyd edir ki, tamaşada hər bir məqam, xüsusilə tarixi detallar, aktyor oyununun hər çaları nəzərə alınıb: “Aktyorlar Qarabağ azərbaycanlılarının danışığını, onların jest və maneralarını özünəməxsus şəkildə təqdim edirlər. Bakılılardan fərqli olaraq mən bu nüansları qiymətləndirə bilmirəm. Lakin tamaşa məndə uzun, poetik həqiqətlər təəssüratı yaratdı”.
   Rusiyalı jurnalist tamaşa barədə xoş ovqatlı qeydlərini bu sözlərlə bitirir: “Tamaşa seyrçidə isti sevgi hissləri yaradır, ona əsl sənət bayramı bəxş edir. Təsadüfi deyil ki, bu tamaşa Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə, dövlət sifarişi əsasında hazırlanıb. Əgər qəlbən gülmək, əylənmək üçün yer varsa, soyuq qış günlərinə də dözmək olar”.
   
   Mehparə Sultanova