Dahi Üzeyir bəyin operasının 100 yaşı qeyd edildi
Martın 15-də Üzeyir Hacıbəylinin ev-muzeyində dahi bəstəkarın “Şah Abbas və Xurşudbanu” operasının 100 illik yubileyinə həsr olunmuş tədbir keçirildi.
Tədbiri muzeyin direktoru, Əməkdar incəsənət xadimi, bəstəkar Sərdar Fərəcov açaraq 1912-ci il martın 12-də Nikitin qardaşları sirkinin səhnəsində tamaşaya qoyulan opera barədə məlumat verdi. Bildirdi ki, 100 il bundan əvvəl Üzeyir bəyin iki unudulmaz operası - mart ayında “Şah Abbas və Xurşudbanu”, may ayında isə “Əsli və Kərəm” operaları tamaşaya qoyulub. “Əsli və Kərəm” operasının taleyi uğurlu oldu. Not yazıları, plastinkaları, lent yazıları günümüzəcən gəlib çıxsa da, təəssüf ki, “Şah Abbas və Xurşudbanu” operası” unudulmuş operalarımız siyahısındadır: “Vaxtilə Bakıda, eləcə də Tiflisdə, İstanbulda tamaşaya qoyulan bu opera 20-30-cu illərdə kommunist ideologiyasına uyğun gəlmədiyinə görə səhnədən çıxarılır, əlyazması, not kağızları da it-bata düşür”.
Sərdar Fərəcov bildirdi ki, Üzeyir Hacıbəyli irsinin bir parçası olan qiymətli sənət nümunəsini bu gün tamaşaya qoymaq mümkün olmasa da, bu tarixi unutmamalıyıq. Üzeyir Hacıbəylinin ev-muzeyinin baş elmi işçisi Sevinc Quliyeva “Şah Abbas və Xurşudbanu” operasının tarixi barədə ətraflı çıxış etdi. Tarixin qaranlıq səhifələrini araşdıran Sevinc Quliyeva operanın yazılma tarixi, səhnə uğuru, o dövrün şəxsiyyətlərinin opera barədə mətbuat səhifələrində söylədikləri yüksək fikirləri iştirakçıların nəzərinə çatdırdı.
O, qeyd etdi ki, “Şah Abbas və Xurşudbanu” operasının rejissoru Hüseyn Ərəblinski, dirijoru Müslüm Maqomayev olub. Operanın ilk tamaşasında Şah Abbas rolunu Hüseynqulu Sarabski, Xurşudbanu rolunu Əhməd bəy Ağdamski oynayıb. Tamaşanı tarzən Şirin Axundovun rəhbərlik etdiyi “Şərq orkestri ” müşayiət etmişdir.
Tədbirdə Azərbaycan Teatr Xadimləri İttifaqının sədri, Xalq artisti Azər Paşa Nemətov, Əhməd bəy Ağdamskinin oğlu Telman Ağdamski, Xalq artisti Canəli Əkbərov çıxış edərək, musiqi xəzinəmizin nadir incilərini yaradan Üzeyir bəyin ölməz irsindən, Azərbaycan mədəniyyəti, ədəbiyyatı və incəsənətindəki danılmaz xidmətlərindən danışdılar.
Xatırladaq ki, Üzeyir Hacıbəyli bu operanın mövzusunu bir xalq nağılından götürmüşdür. Şöhrətpərəst şaha qalib gələn sadə odunçu qızının taleyindən bəhs edən bu opera xoşbəxt sonluqla bitir.
Tədbirdə operanın ilk tamaşasından yadigar qalmış afişa, proqram və fotoşəkillərdən ibarət sərgi də nümayiş olundu.
Təranə Vahid