İftixar Piriyev,
   Əməkdar mədəniyyət işçisi, AMEA-nın dissertantı

   Şekspir - əsərlərinin ruhu dünya teatrlarının divarlarına belə hopmuş, yerlə göy arasındakı məkanda bu əsərlərin nəfəsinin hənirtisi hələ də aydınca duyulan və bu əsərlərdə şeytanla daima mübarizə aparan, müharibələr, taxt-tac uğrunda mübarizələr və döyüşlər içində eşsiz bir ülviyyət, tükənməz məhəbbət, sonsuz bir səadət, eşq dolu bir qüdrət mənzərəsi yaradan və bu meyarı bütün yaradıcılığının mahiyyət sancağına çevirən ədib, cəmiyyətin aynası olan teatr sənətinin filosofu, peşəkar teatr xadimi, əbədi, bəşəri fəlsəfənin ruhunu təlqin edən ölməz bir yer-göy oğlu...
   
   “Kral Lir”, “Maqbet”, “Hamlet”, “Otello”, “Romeo və Cülyetta” və onun bu kimi əsərlərinin toplusu insan həqiqətinin, insanlığın, insani duyğuların ülviliyinin, paklığının, hətta müharibələr, xəyanətlər, satqınlıqlar, yalanlar, tələlər, qəsdlər çirkabında belə ləkələnməsi mümkün olmayan saflığının əlçatmaz fenomenidir.
   Ədəbi-bədii dildə özünü qeyri-adi ustalıqla ifadə edən, Tanrısal istedad və qüdrətli vəhylə qələmə aldığı bütün əsərlərində insana və insan duyğularına, hisslərinə böyük məhəbbət mövqeyi ilə ön planda dayanan Şekspir mükəmməl dramaturgiya meydanında söz fenomeni ilə yüksək kamillikdən boylanan və dramaturji süjet labirintlərində çevik, dinamik çarpışma kəsəri ilə seçilən, bədii keyfiyyətin ləkə götürməz duyğular tablosunu yaratmaqla fəth olunmaz yüksəkliyə ucalan, çoxçalarlı rənglərlə zəngin personajlar palitrası yaradan ədib olmaqla yanaşı, həm də söz və hərəkətin rənglər kəhkəşanında özünəməxsus duyğular fırçası ilə zəngin söz və hərəkət tablosu yarada bilən təsviri sənət ustadıdır.
   Ona görə də o, məhz həyatın ən aydın əks olunduğu məkanda - teatr aynasında, bu sənətin bu günə qədər öz ecazı ilə insan ruhunu fəth edən və ovsununun sehrində saxlaya bilən əvəzolunmaz gücündə, qüdrətində özünə ölməzlik ucalığı qazana bilmişdir. Şekspir bütün yaratdıqlarının ideal məziyyətlərinə görə bu gün də, dünən olduğu kimi, aktualdır və heç şübhə yoxdur ki, bundan sonra da əbədi olaraq yaşayacaqdır.
   Qeyd etməliyəm ki, dünyanın digər xalqlarının ədəbiyyatında, o cümlədən Azərbaycan ədəbiyyatında da belə ölməzlik qüdrətinə malik fenomen ədiblər az deyildir. Hətta mən Azərbaycanın görkəmli ədibi, Xalq yazıçısı Elçinin Akademik Milli Dram Teatrının səhnəsində uğurla oynanılan əsərlərinin biri (“Teleskop”) haqqında yazdığım məqalədə bu mövzuya toxunaraq Azərbaycan ədəbi mühitinin, dünya ədəbi mühiti fəzalarında parlaq yer tutan nümayəndələri barədə söz açmışdım və indi bu fikrimi, yazımın mahiyyət yükünü daşımağa xidmət etdiyi üçün bir daha təkrar olaraq qeyd etməyi vacib sanıram. Həmin fikrin davamı olaraq demək istəyirəm ki, “Kitabi-Dədə Qorqud” dan bu günə qədərki bütün zamanlarda yazıb yaradanlar sırasında, əgər biz bunu cani-dildən istəsək və istəməyi özümüzə milli ideologiyamızın şah damarı kimi qəbul etsək, onda çox rahatlıqla etiraf etmək olar ki, bugünkü ədəbi meydanda olan və bundan sonra da bu meydanda şeytanla Şekspircəsinə mübarizə apara bilən, eşsiz bir ülviyyət, tükənməz məhəbbət, sonsuz bir səadət, eşq dolu bir qüdrət yükünü bütün yaratdıqlarının mahiyyət sancağına çevirən, əbədi, bəşəri fəlsəfənin ruhunu təlqin edən, ölməz yer-göy övladları sırasında azərbaycanlı yaradıcılarımızın da bəşəriyyətə bəxş edə biləcəkləri fenomenal əsərlərin fəzasında sayrışan ulduzlarının nuruna bələnə bilərik.
   Budur, “Şekspir” adlı əsərinin tamaşası (rejissor Petru Vutkereu) ilə şeytanla Şekspirsayağı mübarizəyə girişmiş və bu savaşdan qalib çıxan Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, Xalq yazıçısı Elçinin 6 mart 2012-ci il tarixdə Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının səhnəsində tamaşaçı qarşısında yaranmış meydandakı qələbəsi. Bu qələbə yuxarıda qeyd etdiyim fikirlərin təsdiqi üçün əsaslı faktdır.
   Müəllif “Şekspir” əsəri ilə cəmiyyətə, digər əsərlərinin yol aldığı və insanlıq naminə şeytanla Şekspirsayağı mübarizə zirvəsinə gəlib çatan bir ucalıqdan baxır və tamaşaçılarla çox orijinal bir formada təfəkkür, idrak, dərketmə fəlsəfəsi ilə ünsiyyət yaradır.
   Bu məqamda mən öncə diqqəti Şekspirin “Hamlet” əsəri haqqında tənqidin üzə çıxardığı bir fakta yönəltmək istəyirəm. Əgər unutmamışıqsa “Hamlet” əsərində tənqidi prosesin çox böyük dəyər verdiyi “tamaşa içində tamaşa yaratmaq” fəndi dahi Şekspirin tapıntısı kimi yüksək dəyərləndirilmişdir. Bu fikrin doğru olduğunu sübut etmək üçün faktlar axtarmaq gərək deyildir. Bu fakt həqiqətdir və doğrudan da əvəzolunmaz bir gerçəklikdir. Bu tapıntı Şekspiri ustadlıq zirvəsinə ucaldır və təkcə bu fənd onun teatrı bütün incəliyi ilə dərk etmə və duyma qabiliyyətinə malik olmasının sübutudur.
   Nəzərə alsaq ki, Azərbaycanın görkəmli dramaturqu İlyas Əfəndiyevin yaradıcılıq təknəsində yoğurulan, onun yaradıcılıq ruhundan qidalanan və öz möhtəşəm yaradıcılıq yolunu yaradan Elçin də hələ uşaqlıq və gənclik illərindən teatr mühitinə çox yaxın olmuş və bu mühitin mətbəxində formalaşmışdır, onda Elçinin də teatr sənətini bütün varlığı ilə duymasına, hiss etməsinə heç bir şübhə ola bilməz və bu həqiqət onun bütün əsərlərində dramaturgiyaya orijinal yanaşma prinsipləri ilə qıfıl qoyması və həmin qıfılı özünəməxsus, bənzərsiz bir açarla da açması ilə öz təsdiqini tapır.
   Elçin əsərləri ilə cəmiyyətə tutduğu aynada cəmiyyəti tam fərqli nöqtədən aydınladır və həmin aynada eybəcərliklər də, gözəlliklər də fərqli cəhətlərdən əks olunur. Daha doğrusu, bu aynada eybəcərliklərin birmənalı şəkildə, zorla qəbuletmə prinsipindən yanaşma ilə deyil, müxtəlif baxışların hərəsinin özünün dərketmə gücünə uyğun formada görünmə aydınlığını yaradır. O cümlədən bütün gözəlliklər də həmin aynada eyni dərketmə qabiliyyəti çərçivəsində nümayiş olunur. Çünki Elçin yaxşı dərk edir ki, aynanın əks etdirdiyi həqiqəti hamı olduğu kimi ya görmür, ya da hər kəs özünü, özünün anladığı və ya görmək istədiyi kimi görə bilir. Ona görə də aynanın aydınlatdığı həqiqət Elçinin göstərdiyi nöqtədən baxıldıqda öncə həmin dərketmənin özünün qaranlıq cəhətləri işıqlandırılır və sonra həqiqət həmin işıq nöqtəsindən aydınlaşdırılır və nəhayətdə Elçinin tutduğu aynada həqiqəti anlamayan kəs qalmır. Bu fikrin təsdiqi üçün ədibin əsərlərindən bir çox misallar gətirmək olar. Lakin təkcə bir faktın dediklərimizin sübutuna əsas olacağına şübhə etmədiyimiz üçün aşağıdakı fikirlə bu həqiqəti təsdiqləyirik.
   Bizə bəllidir ki, dəli özünün dəli olduğunu heç vaxt etiraf etmədiyi kimi, dəli olmadığını da heç vaxt sübut etməyə çalışmaz. Sadəcə olaraq, dəlinin öz dünyası, öz aləmi olur və bu aləm onun düşüncə və təxəyyülü üçün son dərəcə ideal və uyğunluq təşkil edir. Və ya bizim cəmiyyətdə dəli kimi qəbul etdiyimiz insanların söylədikləri həqiqətlər yalnız və yalnız “dəlidən doğru xəbər” kimi dəyərləndirilir. Yəni ki, dəlinin həqiqət barədə söylədiyi fikirlər dəli təfəkkürünün təsadüfi təntənəsi sayılır. Çünki dəli olan insanlar cəmiyyətin xəstə təxəyyüllü insanları hesab olunurlar. Lakin Elçin bu məsələyə çox həssaslıqla yanaşaraq nəzərə almağı təlqin edir ki, əgər özünün dəli olduğunu heç vaxt etiraf etmədiyi kimi, dəli olmadığını da heç vaxt sübut etməyə çalışmayan hər hansı bir dəlidən doğru xəbər eşidilə bilinirsə, demək ki, təxəyyülün ölçüsü nisbidir.
   Mənim də fikrim budur ki, bu bir həqiqətdir ki, insan mexanizmi mürəkkəb olduğu kimi, həm də mücərrəd bir varlıqdır. Lakin bir həqiqət də var ki, mücərrədlik də, mürəkkəblik də insana xas olan cəhət olduğu kimi, hər bir mürəkkəb və mücərrəd hesab olunan hər hansı bir məsələ, adi bir düşüncə düsturunun çox sadə hesablaması nəticəsində çözülə, aydınlaşa, sadələşə və dəqiqləşə bilir. Buna görə də dəlinin doğrunu söyləmək gücü çox sövqi-təbiidir.
   Məhz “dəlidən doğru xəbər” kimi dəyərləndirilən fikrin fəlsəfi meydanında, Elçinin “Şekspir” əsərində daha geniş və dərinqatlı mərhələyə yüksələn, “Mənim ərim dəlidir”, “Mənim sevimli dəlim” əsərlərində qaldırdığı problemlərin prinsipial cəhətləri, onun hətta “Poçt şöbəsində xəyal”, “Qatil”, “Teleskop” əsərlərində də bir-biri ilə zəncirvari bağlılıq təşkil edir. Elçinin həmin əsərlərindəki personajlarını yuxarıda qeyd etdiyimiz nisbi təxəyyül prinsipi ilə danışdırması, cəmiyyətin, aynada hər kəsin aydın görə bilmədiyi eybəcərliklərini birmənalı və ya biristiqamətli izahla deyil, virtual və çoxcəhətli istiqamətlərdən əks etdirmə məntiqi ilə sərgiləməsi, qarşıya qoyulan problemi ümumdərketmə kriteriyasına müxtəlif bucaqlardan göstərməsi, insanların özünün əzib tapdaladığı və bununla da öz insanlıq meyarına fəlakət həddinə çatan ziyanvericilik zərbəsi vurduğunu sübut etməsi, insana səksəkəsiz şəkildə, çox aydın formada, danılmaz dərketmə fəlsəfəsi ilə inandırmasına, eyni zamanda bu mənzərənin fonunda gözəlliklərin aşkarlanmasına, onun insanlara təlqin olunma prinsiplərinin həyata keçirilməsinə və cəmiyyətdə sağlam kimi görünən, əslində isə özləri də anlaya bilmədikləri çürük, xəstə təfəkkür çirkabında boğulanların birbaşa müalicə olunmasına və cəmiyyətin xəstəlikdən qurtarması üçün düzgün maariflənməsinə xidmət edir.
   Elçinin həyata baxış bucağının düşündürmə və dərketmə nöqtəsindən baxdıqda, çox aydın şəkildə görmək olur ki, dünyanı dərk etmə fəlsəfəsi insan və insanlıq fenomeninin dərk edilməsi ilə adekvatdır. Çünki insan dünyanın özü qədər mürəkkəbdir, dərindir və ipə-sapa yatmayan, yoğurduqca müxtəlif cildlərə düşə bilən heyrətamiz bir möçüzədir.
   Məhz Şekspir də insan fəlsəfəsinin dünyəvi dəyərə malik olduğunu, istər Hamlet üçün kölgəyə çevrilmiş atasının intiqamını almaq niyyətini həyata keçirərkən, insanlığa qəsd edənlərə qəsdin dəhşəti fonunda insanın dəyərini anlatmağa çalışması, istər qəbirqazanın dili ilə qəbirdə yatanlar barədə söylədiyi açıqlamalarla əbədi olmayan dünyada bir tək insanlıq meyarının əbədiyyətdən də dəyərli olmasını dərk etdirməyə istiqamətləndirməsi, istər riyakarlığa qarşı mübarizə meydanındakı savaş girdabında çabalatdığı Kral Lirin fəryad zirvəsinə yüksələn taleyi ilə insan meyarının qaranlıqlara deyil, parlaq günəşlə bərabər tutulmasına inandırmağa səy göstərməsi, istər Romeonun ruhuna qovuşmaq üçün Cülyettanın çox asanlıqla öz canına qıymasını ucalıq müstəvisinə qaldırması və sair bu kimi dərin insan fəlsəfəsinin həqiqətini insanların şüuruna mükəmməl şəkildə həkk etmək üçün bütün varlığını və idrakını istismar etməklə aydınlaşdırır.
   Bu kimi bəşəri düşüncə klassisizmi, Elçinin yuxarıda adlarını çəkdiyimiz əsərlərində də, birində bir formada, digərində başqa formada, müəllifin ümumən öz idrak süzgəcindən keçirərək cəmiyyətə və cəmiyyətin bütün təbəqələrinin anladığı dildə, öz yazı aynasında əks etdirdiyini, Elçinin bütün varlığını və idrakını Şekspirsayağı istismar etməklə aydınlaşdırdığının şahidi oluruq.
   Görkəmli dramaturqun ilk tamaşası “Üns” Yaradıcılıq Birliyinin səhnəsində, filologiya elmləri doktoru, professor Nərgiz Paşayevanın rəhbərliyi ilə, Əməkdar incəsənət xadimi Bəhram Osmanovun quruluşunda uğurlu səhnə təcəssümü tapan, qazandığı uğur sayəsində Rusiya, Ukrayna, İngiltərə kimi böyük ölkələrin mötəbər teatr səhnələrinə yol açan və həmin ölkələrin tamaşaçı auditoriyasında rəğbət qazanan “Şekspir” əsəri ilə insan təfəkkürünün ucu-bucağı görünməyən düşüncə meydanında tamaşaçıları beynin düşünmə ərazisinin şimaldan cənuba, şərqdən qərbə doğru bütün istiqamətlərində mükəmməl şəkildə cövlan etdirməsi ilə, idrakın dərketmə imkanları çərçivəsini yırtaraq yeni, daha geniş bir düşünmə meydanına yol açmaqla, ağlın dərk edə bilmədiyi sonsuzluqlara başvurma təkanı püskürtüsü yaradaraq, dərketmə orbitində müxtəlif istiqamətlərə səyyahlıq viziti təqdim edir.
   Klassik dramaturgiyanın qanunlarını dərindən bilən bir dramaturq olaraq həm də müasir tələblərin qanunauyğunluqları novatorluğunda Şekspircəsinə meydan sulaması ilə tamaşaçını heyrətləndirə bilən Elçinin “Mənim ərim dəlidir”, “Mənim sevimli dəlim” əsərlərində yaratdığı dəli personajların üzərinə qoyduğu yük, problemlərin miqyasına və onun fikir ifadə etmə çəkisinə görə gələcəkdə “Şekspir” əsərində yatardığı dəli personajlarının meydana çıxması üçün dəyərli bir mənbə nöqtəsi idi. “Şekspir” əsərində yaradılan dəlilər, əvvəlki dəli pesonajlar məfkurəsinin bünövrəsindən boy verərək, daha genişmiqyaslı bir fikir problematikasının həllinin çözülməsinə yol açan nöqtəyə yüksəldi. Onlar təkcə bir şəxsin taleyinin daşıyıcısı missiyasında meydana çıxmırlar, onlar həm də özlərini bir başqa şəxsə bənzətməklə və bundan əlavə bənzətdikləri şəxslərin özünün də bir ayrı şəxsə çevrilməsi ilə fəlsəfi bir labirintə daxil olurlar.
   Müəllifin əsərdə yaratdığı “Ər-arvad” (Şəlalə Şahvələdqızı) personajı bu baxımdan orijinal bir tapıntıdır. Dəli olmuş bir şəxs eyni zamanda həm ərdir, həm də arvaddır (Şekspir, “Hamlet” - tamaşa içində tamaşa və yaxud Elçin, “Şekspir” - personaj içində personaj, üstəgəl, üçüncü şəxsin idrakı və bir personajın vahid ikiləşməsi). Beləliklə, müəllifin bu personajları belə unikal bir həddə gətirə bilməsi və həmin personajlar vasitəsilə insan və insanlıq fəlsəfəsinin dəyərini mükəmməl aydınlatma miqyasına yüksəltməsi, misal: müəllif təxəyyülünün yaratdığı, özünü “Şekspir” əsərlərinin qəhrəmanlarının məşhur ifaçısı olan Sara Bernara bənzədən bir dəli personajı (Əməkdar artist Mətanət Atakişiyeva) həm də Sara Bernar olaraq Cülyettanın obrazına çevirməsi və ya əsərdə bir başqa dəli personajı, Sara Bernarın qəhrəmanının dövründən tam fərqli bir dövrü təmsil edən Stalinə bənzətməsi (Əməkdar artist Pərviz Bağırov) və Stalinə bənzədərək sağlam düşünən insan cildinə salması və şeytanın insan təfəkküründə yaratdığı çatların sağalması və onların üzərinə sığal çəkməsi, onların dilindən həqiqətləri söylədərək cəmiyyətin eybəcərliklərini belə orİjinal üsulla ifşa etməsi, Ər-arvad (Şəlalə Şahvələdqızı) personajını yaradaraq Adəm-Həvva tandemini bir vəhdətdə təqdim etməklə insan mexanizminin eyni təfəkkür sahibi olduğunu belə özünəməxsusluqla bir ədəbi kəşf miqyasına qədər yüksəltməsi və belə bənzərsiz üsullarla tamaşaçıya insan fəlsəfəsinin genişmiqyaslı ormanları içində şeytanla apardığı gərgin mübarizədə şeytanın əməllərini puça çıxara bilən bütün həqiqətləri göstərə bilməsi çox üzvidir, Şekspirin “tamaşa içində tamaşa” fəndinin tapıntısı qədər yenidir, hətta daha doğru olar deyək ki, bir ədəbi kəşfdir. Hesab edirəm ki, bu mənada əsərin “Şekspir” adlandırılması da idrakidir.
   Quruluşçu rejissor Petru Vutkereu, tərtibat rəhbəri Xalq rəssamı, Dövlət mükafatı laureatı Nazim Bəykişiyev, quruluşçu rəssam Ramin Bəykişiyev, musiqi tərtibatçısı Həmid Kazımzadə kimi istedadlı heyətdən ibarət olan bu tamaşada bir-birindən maraqlı oyun nümayiş etdirən aktyorlar (Baş həkim - Əməkdar artist Ayşad Məmmədov, Həkim - Nigar Güləhmədova, Sanitar - Aslan Şirinov, Sara Bernar - Əməkdar artist Mətanət Atakişiyeva, Stalin - Əməkdar artist Pərviz Bağırov, Veneralı - Elşən Cəbrayılov, Ər-arvad - Şəlalə Şahvələdqızı, Drob 13 - Anar Heybətov) əsərin mahiyyətinin açılmasında və personajların uğurlu alınmasında bütün imkanlarından peşəkarlıqla istifadə edirlər və nəhayətdə maraqlı ansambl yarada bilirlər.
   Bir azdan bizə təqdim olunacaq xəstəliyin sarğısı təəssüratını yaradan, tənzifə bənzəyən ön örtük salona daxil olan tamaşaçını səhnədəkilərlə bir-birindən ayırsa da, sarğı-pərdənin arxasında siluet kimi görünən ağ geyimli xəstələrin və xəstəxana əməkdaşlarının tamaşaçı ilə hələ tamaşa başlamamış ünsiyyət yaratması, tamaşaçılarda axtarıb tapdıqları eybəcərlik və gülünc obyektinə çevrilən cəhətləri görmələri və işarələrlə göstərmələri, onlara öz münasibətlərini jestlərlə bildirmələri tamaşanın Şekspirsayağı başlanğıc təəssüratını yaradır. Bir az keçir, işıqlar yavaş-yavaş sönür və salonla səhnəni ayıran sarğı-pərdə yox olur. Səhnədə hər şey ağ rəngə boyanmışdır. Divarlar, əşyalar, qurumuş ağaclar, stol və stullar və sair. Ümumilikdə palata effektində olan səhnədə tamaşa oynanıldıqca ortaya sürüklənən və palatanı kənar aləmlə ayıran tək qapı çox aktiv şəkildə tamaşanın dinamikasını yaradır. Bütün giriş və çıxışlar bu qapı vasitəsilə həyata keçirilir və bu qapı həm də bir növ ideal dünyadan gələn yolun istiqamətini göstərir. Tamaşa boyu ideal dünyadan gələn personajlar yer adamları ilə göy adamlarının həyat tərzindəki müqayisələri fərqləndirdikcə bəlli olur ki, göy adamlarının teatrı yoxdur və onlar heç teatra ehtiyac da duymurlar. Əgər yadınızdadırsa, Elçin “Teleskop” əsərində də bu mövzuya bir başqa formada toxunmuşdu. Orada yerdən göyə qalxan ruhların göylərdəki saflığı gördükdən sonra yerdəki eybəcərliklərə baxmamaq üçün teleskopdan imtina etmişdilər. Bu əsərdə isə göy adamlarının teatrının olmaması və buna ehtiyacın duyulmaması məsələsi məhz müəllifin insan fəlsəfəsinə ideal duyğular kontekstindən yanaşma tələbi ilə meydanda şeytanla döyüşə çıxmasının təzahürüdür. Çünki göy adamları yer adamlarından fərqli olaraq şeytanin felindən uzaqdadırlar və öz əməllərinə ayna tutmağa ehtiyacları yoxdur.
   Müəllifin bütün yaradıcılığı boyu onun düşüncəsinin şah damarına çevrilən, nail olmaq istədiyi bir qüdrət var ki, o da insanlara “anlamaq fəlsəfəsi”nin açarını təqdim etməklə, Yer kürəsində eybəcərliksiz həyat prinsipləri ilə yaşamağı təlqin etməkdir. Lakin bu, çox çətin bir məsələdir. Bunun üçün insanlar şeytanin felinə düşməməli, bütün cəmiyyət anlamazlıq epidemiyasından kökündən qurtarmalı, müalicə olunmalı, sağalmalıdır, ya da əks təqdirdə mütləq qarşıda onları havalanma, dəli olma təhlükəsinin gözlədiyi qaçılmazdır. Çünki anlamaq dərdi insanın ən ağrılı, təlqinə ən gec tabe olan nöqtəsidir. Anlamaq fəlsəfəsi dərketmə labirintinin elə bir döngəsində durur ki, həmin döngənin keçidi həddən artıq dərəcədə sürüşkəndir. Orada hər təfəkkür sahibi duruş gətirə bilmədən ildırım sürəti ilə sürüşüb keçir. Həmin döngədən keçərkən anlamazın anlaya bilməsini təmin etmək mümkün olmasa, demək ki, mütləq insan dəli olmaq dərəcəsinə qədər havalanmalıdır. Elçin “Şekspir” əsəri ilə insan fenomeninin şeytan tərəfindən tutulduğu bütün viruslara, o cümlədən anlamazlıq virusuna qarşı Şekspirsayağı mübarizədə xəstəliyə qalib gəlmək, anlamaq və dərk etmək labirintinin sürüşkən döngəsində duruş gətirmək gücündə olmaq üçün insanlara immungüc yaratmağa çalışır.
   Tamaşa ağ rəngə boyanmış tərtibatın bir anın içindəcə darmadağın olması, bayaqdan bəri baxdığımız hadisələrin sonda ilğıma çevrilməsi ilə yekunlaşır. Lakin bu ilğımın içində düşünmək, həyat həqiqətlərini dərk etmək və dəyərləndirmək, uzun müddət bu unudulmaz ovqatın təsir qüvvəsinin tilsimində qalmaq qüdrəti yaradır.
   Onu da qeyd etmək doğru olar ki, ümumilikdə bitkin bir əsər kimi ərsəyə gələn bu tamaşada rejissor tərəfindən buraxılmış, özünün səmərəsizliyini aydınca büruzə verən bəzi xırda qüsurlar da var ki, bu qüsurları mən daha çox əsərin yükü altında çabalayan rejissorun ağrıları kimi dəyərləndirilməsini doğru hesab edirəm. Məsələn, rejissor ədəbi materialdan irəli gələn hadisələrin ən gərgin bir zamanında - aktyorun (Stalin - Pərviz Bağırov) müharibələrin törətdiyi fəsadları ehtiva edən dolğun bir monoloq söylədiyi, tamaşaçını mövzunun məzmununda heyrətləndirdiyi və düşünməyə vadar etdiyi bir vaxtda guya vəziyyətin dinamizmini gücləndirmək məqsədilə, arxa pərdənin üzərinə tuşlanmış kinoproyektorun gözü ilə müharibələrin fəsadlarını təsvir edir. Bu üsuldan istifadə etməklə o, fikri yayındırmağa xidmət edən, olduqca səmərəsiz bir görüntü yaradır. Daha bir fakt: hadisələrin digər gərgin məqam aldığı bir zamanda - yad planetlərdən gələnlərin gəlişinin çox bəsit bir formada, yenə də kinoproyektorla uçan boşqabları təsvir etdirməklə göstərməsi, fikrimcə, əsərin və tamaşanın qayəsinə xidmət etməkdən daha çox, əks təsir qüvvəsi yaradan bir üsul təsiri bağışlayır. Əslində biz bu köhnəlmiş üsuldan bir çox tamaşalarda istifadə olunduğunun və yerində istifadə olunduğu üçün öz səmərəsini verdiyinin şahidi olmuşuq.
   Fikrimcə, belə yerinə düşməyən halda, bu cür köhnə üsuldan istifadə etməkdənsə, tamaşanın sonunda projektorları gur yandırılmış safitin bütövlüklə səhnənin tavanından yarıya qədər endirilməsi daha çox təsir qüvvəsi yarada bilən bir amildir ki, rejissor bu üsuldan da istifadə edir, əslində bu tapıntı yeni olmasa da (belə fəndlər 60-cı illər teatrlarına xas olan üsullardır ki, buna istər dünya teatrlarının, istərsə də Azərbaycan teatrlarının səhnələrində, Mehdi Məmmədovun, Tofiq Kazımovun, sonrakı illərdə isə Hüseynağa Atakişiyevin, Azərpaşa Nemətovun və başqa rejissorların tamaşalarında müxtəlif formalarda rast gəlmişik), hər halda yerinə düşən bir teatr ifadə vasitəsidir. Və məncə, bu fənd kinoproyektordan daha çox, səmərəli və təsir qüvvəsi yarada bilən bir istifadə üsuludur. Lakin belə kiçik qüsurlar əsərin monumentinə heç bir təsiri olmayan, tamaşada yalnız rejissor təxəyyülünün kasıblığına işarə olan bir cəhət kimi görünür. Bütövlükdə isə bu nəhəng əsər öz təsir gücü ilə tamaşaçının qəlbinə tam hakim kəsilə bilir.
   Fikrimcə, “Şekspir” əsərinin tamaşasına dönə-dönə baxmaq və dönüb bir də baxmaq, Elçinin baxış bucağında şeytanın şərindən qurtarmaq, insani keyfiyyətlərlə zənginləşmək, haqqı, həqiqəti dərk etmək, anlaya bilmək, ədaləti qorumaq, bulanıq fəlsəfədən durulmaq, insan içində yerləşən Tanrısal vicdan meyarında saflaşmaq üçün həddən artıq səmərəlidir.







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar